Tarixi İpək yolunda yerləşən
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq,
əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı,
ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin
sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm
artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir
dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin
tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz
nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı
ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi
dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan
münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub
saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ
olunması məqsədi ilə qərara alıram:
-
2016-cı il Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan edilsin.
-
Azərbaycan
Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini
nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər
planını bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11
yanvar 2016-cı il.
|