E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ


1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.


<< Geri