Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əli­məmməd oğ­lu Hə­sənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.

Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.

1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləmişdir. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmişdir.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin), sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.

1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.

Hazırda Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdiri işləyir, dosentdir. MAA Elmi Şurasının üzvüdür. 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilmişdir. Əməkdar İncəsənət xadimidir. “Şərəf nişanı” ordeni, Azərbaycanın və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2001) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir.

Bakıda “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1987), Tehranda “Söyüd” (1990) və Tiflisdə “Seçilmiş əsərləri” (“Merani”, 1983) nəşr edilmişdir. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində (1987), Tbilisidə gürcü dilində (1998) nəşr olunmuşdur.

Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: “Nəriman” (“Azərnəşr”, 1968), “Zümrüd quşu” (“Gənclik”, 1976), “Kimin sualı var?” (“Gənclik, 1984). Hər üç poema rus dilində də nəşr edilmişdir.

“Bütün Şərq bilsin” pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980), sonra Akademik Milli Dram Teatrında (1982), Moskvanın V. Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilmiş və mükafatlandırılmışdır. “Atabəylər” (1984) və “Pompeyin Qafqaza yürüşü” (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. “Atabəylər” pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə (2004) yubiley tamaşası kimi göstərilmişdir.

Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N. Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunmuş, ədəbi yaradıcılığı qiymətləndirilmişdir. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilmiş (Güldanə Pənahova), “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya (prof. Sadıq Şükürov) yazılmışdır.

N. Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq Budapeşt konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə N. Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilmişdir.

Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır.

N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

 

 

Ana səhifə