Kür qırağında yerləşən kiçik qəsəbədir Poylu… Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Tariximizin qədimliyindən xəbər verən bir çox izlər qalıb o yerlərdə. Təəssüf ki, tariximiz tam açılmayıb, ya da yanlış yazılıb. Çünki zaman-zaman başqa millətlər hökm veriblər bu torpaqlarda. Onlar tariximizi danıblar. Ona görə mən demişəm: «Tarix bizim olub, tarix yazan özgələr». Tariximiz bundan sonra yazıldıqca təzələnəcək.

…Qayıdaq yenə Poyluya. Mənim üçün beşikdir ora. Getməsən, öz yurdun, beşiyin inciyər səndən. Mən də arabir Poyluya gedib-gəlirəm. Gözəllikləri elə mən görəndir. Qarayazı meşəsi, Kür çayı və Yer üzünün daha neçə-neçə gözəllikləri orda - Poyluda baş-başa verib. Dünyanın özü sirdir, möcüzədir o yerlərdə. Adi bir ağacla görüşəndə sanki möcüzəylə görüşürsən. Kür çayına baxırsan, bir yerdə burulur, burulğana dönür, bir yerdə lal, başqa yerdə dayaz axır. Oralarda bənövşə bitir. Boynunu elə bükür, baxanı əsir edir. Təbiət nə qədər zəngindir. Elə bil nağıldır.

Mənim atam da, anam da Poyluya bir kilometr aralı Qıraq Kəsəmənli kəndindən gəliblər. Bu mənada o kənd də mənə Poylu qədər doğmadır. Atam Əliməmməd dəmir yolunda işlədiyinə görə anamı götürüb Poyluya köçüb. O çox yaşlı vaxtında cavan qız almışdı. Mən indi bunun, yaşlı kişinin cavan qızla evlənməsinin əleyhinəyəm. Çünki atalar gedir. Uşaqlar yetim qalırlar.

- Atalar bəzən elə cavan yaşında da dünyasını dəyişirlər. Ömürdən asılıdır…

- Nə bilim… Onunla şərikəm ki, həyatın öz qanunları var. Bizimki də belə yazıldı… Anamın ana tərəfi bizim yerlərdə çox məşhur, imkanlı adamlar olub. Onların başıpapaqlılarını həbs ediblər. Məsimalılar qızı - anam kimsəsiz qalıb. İyirmi dörd yaşında altmış iki yaşlı kişi ilə ailə qurub. 1931-ci ilin 18 fevralında mən dünyaya gəlmişəm. Atamdan xatirimdə heç nə qalmayıb. O, dünyadan köçəndə mənim bir yaşım olub.

- Hər kəs ən çətin uşaqlıq da yaşasa, deyəcək, çox gözəl idi. Çünki uşaqlıq əvəzsizdir. Mənim üçün də:

 

Bu dünyanın gözəl vaxtı, Poyluda qaldı

Göy üzündən ulduz axdı, Poyluda qaldı

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan

Beşiyimin görüşünə gəldim sonradan.

 

Uşaqlığım - ayaqyalın, başıaçıq gəzdiyim, dünyanın qayğısını bilmədiyim illərim qalıb orda. Nə qədər çətin vaxtları olsa da, tayı-bərabəri yoxdu o çağların. Bir də Poyluda bir anam var idi…

- Gənc yaşından bütün həyatını öz balasına, yəni sizə həsr eləyən mehriban, cəfakeş bir qadın…

- Anam iyirmi altı yaşında dul qaldı və bütün ömrünü mənə həsr elədi. Taleyindən heç vaxt şikayətlənməzdi. Ancaq Allaha şükür eləyir, atama rəhmət oxuyurdu: «Sən qaldın mənə yadigar», - deyirdi.

Ata tərəfim məni unutdu. Atam anamdan qabaq evli olmuşdu. Mənim atabir, ana ayrı qardaş-bacılarım var idi. Mənim anam böyük bacımla yaşıd idi. İndi başa düşürəm, onlar utanıblar ki, ataları qoca vaxtında evlənib. Mən gəldim dünyaya. Mənim günahım nə idi? Ona görə məni də unutdular. On iki yaşıma çatanda bildim bacılarım var. Ona qədər xəbərim yox idi. Anam bir dəfə onların əleyhinə danışmadı. Qəribə adam idi…

 

Bir anam idi, bir də mən. İki yetim kimi baş-başa verib bir damın altında yaşayırdıq. Qonşular bizi çox istəyirdilər. Bəlkə də anama görə o kənddə xətrim-hörmətim var idi. Anam çörək bişirirdi. Mən də satırdım, dolanırdıq. Əslində, adını qoymuşduq, satırıq. İndi anam eşitsə, deyər: «Sən ha vaxt çörək satıbsan axı?». Unun pudu on altı rubl idi. Anam alıb bişirirdi. İyirmi rubl qazanırdı. Yəni bizə dörd rubl qalırdı. Anamın çörəyi elə sacın üstündə qurtarırdı. Onun yuxudan durduğu yadımda deyil. Nə vaxt oyanırdım, görürdüm anam sacın qabağındadır. Göydə dan ulduzu, yerdə anam oyaqdır. Anam mənə kökə də bişirirdi. Kərə yağıyla döyməc eləyib yeyirdim. Anam özünün də, mənim də həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı. Onun sayəsində mən yetimlik görmədim. Doğru deyirlər, adam anadan yetim qalır.

- Belə deyək ki, sizin xatirələrinizdə iki müqəddəs ətir: çörək ətri və ana ətri birləşib.

- Ona görə də mən anaya, qadına müqəddəs varlıq kimi baxıram.

- «Qadına münasibəti kişinin böyük mədəniyyətidir». Siz gərək ki belə demisiniz…

- Qadın dəyanəti güclü olur. Mən bunu öncə anamın timsalında gördüm. Doğru sözdür, dünyanı kişilər idarə edir, kişiləri də qadınlar. Çünki onların anası da qadındır.

- Orta məktəbin dördüncü sinfinədək Poyluda oxudum. Burdan beləsi çətiniydi. Məktəb yox idi. Bizim qonşu kəndlərdə nə qədər məktəb varsa, hamısında oxudum. Poylu məktəbindən sonra bir il Kəsəmənli, iki il Pirili sonra Ağstafa, daha sonra Kirovkənd deyilən kənddə oxudum.

- O yolları hər gün piyada gedib-gəlirdim.

- Söhbət edə-edə, nədənsə, mənə elə gəldi ki, heç dəcəl uşaq olmamısınız.

- Yox, uşaqlıqda çox dəcəl olmuşam. Mənim bürcüm sutökəndir. Bilmirəm, bəlkə buna görə, harda su görürdüm, özümü ora salırdım. Kür daşırdı, mərc gəlirdik: «Görək kim Kürü qırdırma keçəcək». Anam bir dəfə gəlib məni tutub döydü də. Deyirdi: «Varım-yoxum bir sənsən. Səni su axıdacaq, kimim qalacaq?». Ana ürəyidir də… Amma yenə su görəndə dayana bilmirdim. Yağışlı havaları çox sevirdim. İndi də yağış yağanda tanıyanlar zəng edib təbrik edirlər ki, Nəriman, yağış yağır. İstəyirəm yağış kəsməsin. Kənd yerində daha gözəldir. Şəhərdə külək yağışı, qarı çırpır, onların estetikası, poetikası itir. Nə isə…

Uşaqlıqda dalaşdığım az olmayıb. Alnımdakı bu iz də o vaxtlardan qalıb. Onda az qala gözüm çıxmışdı. Sonradan - institut illərində güləşlə, ağırlıqqaldırma ilə məşğul oldum. Gəncədə birinci yeri, sonra Bakıda üçüncü yeri tutdum. Məni xaricə mötəbər yarışa göndərəcəkdilər. Bir görüşdə ağırlıq qaldıranda, necə oldusa, yıxıldım. Yaxşı ki təkərlər sinəmi əzmədi. Onda həkimlər müayinədən keçirəndə gördülər anadangəlmə bir böyrəyim var. Mənə dedilər ki, daha ağırlıq qaldırma.

- Mən altıncı sinifdə oxuyurdum. Anam bizə yuxusunu söylədi. Bir qoca kişi yuxuda ona deyib: «Mənim adım Çoban Əfqandır. Sənin oğlun şairdir, şeir yazsın». Anam qorxub. Öz ifadəsiylə dil-ağız eləyib: «Qoyun, qoç sənə qurban olsun, mənim oğlum şair deyil». Qoca deyib, yox, sən ona de. Anam danışdı, qonşular gülüşdülər: «Nəriman şair olub», - dedilər. Elə şey yox idi, axı. Heç bu barədə fikirləşmirdim. Bu yuxuya da aludə olmadım. Ancaq bir gecə oyandım. «Ağlaram» adlı şeir yazdım. Vidadiyə nəzirə idi.

      Bizim Qazaxda belədir: şeir yazırsansa, deməli, böyük adamsan, rahat adamsan. Səni tərifləyirlər. Şairlər Molla Pənah Vaqif, Səməd Vurğun şeirə bu qədər hörmət qazandırıblar. Mən də bir şeir yazdım. Yeddinci sinifdə oxuyurdum. Müəllim şeirimi divar qəzetinə verdi. Oldum məktəbin şairi. Bizim bir Bayram müəllimimiz var idi. Dedi ki, bizim şairdir, Səməd Vurğundan sonra Nəriman gəlir… Bircə şeirim çıxıb. Şeirə sevgilərinə görə belə deyirdilər.

- Adamın ürəyini sığallasan, dahi yetişər, başına qapaz vursan, istedadı da məhv olar. Xalq əbəs deməyib: «Ağ gün ağardar, qara gün qaraldar». O zaman mənim ürəyimi elə sığalladılar, ondan sonra şeir yazmağa başladım. Anam qorxurdu: «Yazma, qadan alım», - deyirdi.

O Çoban Əfqanın kim olduğunu isə mən sonralar öyrəndim. Demə, bizim Qıraq Kəsəmənlidə yaşayıb. Qoyuna gedib. Şeirlər yazıb. 1920-ci ildə vəfat etdib. Sonra unudulub. Sanki heç belə adam olmayıb. Bir dəfə bir məclisdə orta yaşlı bir kişi şeir dedi. Soruşdum, kimindir? Dedi, Çoban Əfqanındır. Anamın sözü yadıma düşdü. Həmin şeiri köçürtdüm. Belə-belə Çoban Əfqanın şeirlərini topladım. 1955-ci ildə onun kitabını çap etdirdim. Uzun müddət keçdi. Bir neçə il qabaq rəhmətlik şair Şahmar Ələkbərzadə mənə zəng elədi: «Çoban Əfqan iki dəfə yuxuma girib. Deyir ki, Nəriman məni niyə unudub, niyə mənə şeir yazmır?». Çoban Əfqana bir şeir yazdım və onu Şahmara ithaf etdim. Şeir «Ədəbiyyat» qəzetində çıxandan sonra Çoban Əfqan ilk dəfə yetmiş yaşımda yuxuma girdi. Gördüm qəribə dolçada Damcılı bulağın suyunu gətirib. Mənə: «İç», deyir. İçirəm. Sonra nə isə danışırıq. Yadımda qalmayıb. Çoban Əfqanın təsvirini verib, rəssama şəklini çəkdirəcəyəm, kitabını yenidən buraxdıracağam. Onun yanına gedəndə deyəcəyəm, sənin qarşında borcumu yerinə yetirdim.

 

- Orta məktəbdə soyadım Həsənov idi. Şeir yazandan sonra elədim Həsənzadə. Guya zadə olanda adam şair olur, böyük adam olur. Uşaq iddiasıydı. Bir dəfə də «Pioner» jurnalına şeir göndərdim. Məktub gəldi. Yazılmışdı: «Şeirinizi oxumuşuq, yenə yazın». Çap da eləməyiblər ha. Eləcə oxuyublar. Müəllimimiz dərsdə məktubu oxudu. Ondan sonra öz aləmimdə olmuşdum böyük şair, adamları saymıram. Sonralar Bakıda həmin məktubu mənə göndərən Hikmət Ziya ilə tanış oldum. Ona deyirdim ki, ay Hikmət, görürsən də səninlə həmişə fəxr eləmişəm.

- Orta məktəbi bitirib Gəncə Pedaqoji İnstitutuna daxil oldum.

- Onda hələ ananız sağ idi…

- Hə, sağ idi. Gəncə Pedaqoji İnstitutunu bitirdim. Gəldim Bakıya ki, bir iş tapım, yerləşib-yurdlaşım, anamı da gətirim. İşə düzəldim. Məni Balaxanıya axşam məktəbinə müəllim göndərdilər. İyirmi üç yaşım var idi. İlk dəfə dərs deyəcəkdim. Axşam saat 7 idi. Sinif otağında əyləşib şagirdlərimi gözləyirdim. İçəri başı papaqlı, altmış, yetmiş yaşlı kişilər daxil oldular. Soruşdum: «Siz kimsiniz?». Dedilər ki, biz şagirdik. Baxıram, dinmirəm. Məlum oldu ki, vaxtilə onlara şair Mirzə Ələkbər Sabir dərs deyib. Belə alındı: mən şagird, onlar müəllim oldular. O qədər maraqlı söhbət elədilər. Balaxanıda bir ayadək dərs dedim. Sonra məni əsgər apardılar. Kimsə pul vermişdi, onu saxlayıb, başqasının, yəni mənim adımı salmışdılar siyahıya. «Salyanski kazarma»da xidmətə başladım. Əsgərlikdə eşitdim anam rəhmətə gedib. Varım-yoxum bircə anam idi. Onu da itirdim. Onda qaçdım əsgərlikdən. Özü də avtomatı da götürüb hərbi hissədən çıxdım. Çünki məni tutmaq istəyirdilər. Özümü bu yolla xilas elədim.

- Getdim, dedim, anam vəfat edib. Dedilər, Qazax rayon hərbi komissarından sənəd lazımdır. Kənddən kim Qazaxa gedib sənəd alacaqdı? Heç kimim yox idi. Onda mən avtomatı çəkdim mayorun üstünə. Vurmaq istədim. Bir anlıq… Sonra, yəqin, keçdi. O, tələsik: «Get, get», dedi.

- Kəndə gedib anamı dəfn elədim... Mənim taleyim çox dolaşıqdır... Tərcümeyi-halım çox mürəkkəbdir, qızım. Yetimin başı həmişə bəlada olur. Anam əlli yaşa çatanda dünyasını dəyişmişdi. Həyətdə bir pişiyimiz, bir də toyuq-cücəydi. Onlar da yetim qalmışdı, mən də… Anam idi bizə baxan…

Dəfndən sonra qayıtdım. Məni hərbi tribunala verdilər. Tale elə gətirdi ki, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri bizim hərbi hissəyə görüşə gəldilər. Onlar mənim hərbi tribunala verildiyimi öyrəndilər. Onda mən artıq Azərbaycan Yazıçılar İttifaqının üzvüydüm. Nigar xanımla Rəsul Rza general-leytenant Piriyevdən xahiş etdilər, vəziyyətimi başa saldılar. Məni xilas etdilər. Böyük bir iş oldu. Məni məhkəməyə vermədilər.

- Səməd Vurğun mənim barəmdə xoş sözlər dedi. Şeirimi alqışladı. 1954-cü ildə Yazıçılar İttifaqına onun yazılı zəmanəti ilə qəbul olundum.

- Əsgərlikdən buraxılandan sonra yenə küçələrdə qaldım. İşsiz idim. Bir Allahdan başqa kimsəm yox idi. Sonra Azərbaycan Yazıçılar İttifaqından məni Maksim Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərdilər. 1957-ci il idi. Məni heç kim yola salmırdı. Özüm-özümə deyirdim: «Nəriman, sənə yaxşı yol». Görürdüm hamını yola salan var. Mən ağlayırdım. Elə həmişə ağlamışam. Mənim göz yaşlarım şeirlərimdə də var. Ancaq qəribədir ki, onlar göz yaşları gətirmir, sevinc verir. Həyat burdan gəlir. Sevinc burdan doğur. Göz yaşı tökən adam adi bir sevincin də qədrini bilir. Həsas olur.

- Mən o institutu fərqlənmə diplomuyla bitirmişəm. İnstitutumuzun əla yataqxanası var idi. Nə vaxt Moskvaya getsəydik, biz fərqlənmə diplomu ilə bitirənlərin pulsuz-parasız o yataqxanada yeri var idi. 1961-ci il idi. Gəldim Bakıya. Gördüm burda məni sayan yoxdur. Adam kimsəsiz olanda, kim olursan-ol, fərqi yoxdur. Yenə işsiz qaldım.

 

Piyada qalxmışam o pillələri,

Liftdə qalxanları görə-görə mən.

 

Gözümün qabağında həyat yollarını sanki liftlə qalxırdılar. Elə indi də elədir. Amma məni idarə edən tale ağır anlarımda imdadıma yetib. Yoluma yaxşı insanlar çıxarıb. Onda da yazıçı, alim Mircəlal Paşayevə rast oldum. Mircəlal müəllim soruşdu:

- Nə axtarırsan?

- İş axtarıram.

- İş axtarma, adam axtar. Adam da mən!

Məni apardı Azərbaycan Dövlət Universitetinə, aspiranturaya. Dedim ki, Mircəlal müəllim oxumaqdan yorulmuşam. Şeir yazmaq istəyirdim. Şairlikdi də… Həqiqətən şairlərin cismi yerdə olur, xəyalı göydə. Bunu belə qəbul edirəm: Yerdə olursa, şair itir, ayaq altında qalır. Ayaq altında qalanda şeir yazmaq olmur.

 

- Demişdi. Mircəlal müəllim adamın boynuna qoyurdu, pisikdirmirdi. Onun həyat yoldaşı da belə nəcib insanıydı. «Azərbaycan-Ukrayna ədəbi əlaqələri» mövzusunda elmi iş yazırdım. Dissertasiyanın bir hissəsini oxuyurdum, Mircəlal müəllim həyat yoldaşına deyirdi: «Görürsən nə yazıb? Xam topaqdır». Bəlkə də adi bir şey oxuyurdum. Mircəlal müəllim o qədər mənim ürəyimi sığalladı ki, bir il səkkiz aya müdafiə etdim. Onda Mircəlal müəllim dedi, tamamilə gəl universitetə, dərs de. Getmədim. Yarımştat saxladılar. Mircəlal müəllimin yazılı təqdimatları var idi.

- Onun başqa xeyirxahlıqları da olub. Öz evini mənə verib. Kitablarının tirajının azaldılması hesabına mənim kitabımı çap etdirib…

- Mircəlal müəllim qeyri-adi adam idi. Seyid övladıydı. İşi-peşəsi yaxşılıq etmək idi. Özü də heç vaxt yaxşılıqlarını yada salmazdı. Mənim üçün də elə işlər gördü ki… Bax, artıq qırx beş ildir yaşadığım bu evi mənə o verib. Kirayədə yaşayırdım. Öz ailəsinin də evə ehtiyacı var idi. Ancaq Yazıçılar İttifaqının sədri Mehdi Hüseynin yanına xahişə getdi, öz evini mənə verdirdi. Mircəlal müəllimin onlarla insana etdiyi yaxşılıqlar indi onun övladlarının qabağına çıxır. Ona görə deyirəm O Böyük Qüvvə var. Dünyanın işinə bax. Uzun illər sonra məni yenə Mircəlal Paşayevin oğlu işə çağırdı. İndi də onun oğlu, akademik Arif Paşayevin rektoru olduğu Aviasiya Akademiyasında dərs deyirəm, həm də kafedra müdiriyəm.

- Mircəlal müəllim imtahanda tələbələri kəsməzdi. Mən də belə edirəm. Niyə kəsim, oxuyub gəlsin də. Tələbələrin heç biri mənim dərsimdən qalmır. Məmnuniyyətlə oxuyurlar. Zorla heç nə əldə etmək olmur. Bir də onlar bizdən fərqlidir. Müstəqillik dövrünün gəncləridir. Düzdür, aralarında pisləri də var. Amma get-gedə çox gözəl, filosof gənclik yetişir. Onlarla danışanda ürəyim açılır.

- Bəzən deyirlər ki, bir pis varsa o da çoxdur. Mən deyirəm, bir yaxşı varsa o çoxdur. Yaxşı üstələyəcək… Bir şeyə həmişə inanmışam. Bu dünya şar formasındadır, yaxşılıq da, pislik də hərlənib-fırlanıb insanın özünün, ya da övladının qabağına çıxır. Həyatda Mircəlal Paşayev, Səməd Vurğun, Nazim Hikmət, İlyas Əfəndiyev kimi yaxşı insanlara rast gəldim. Mənim qarşıma Heydər Əliyev kimi şəxsiyyət çıxdı.

- Ancaq çətinliklər yaradanlar da az olmadı…

- Mənim başım çox çəkib. «Nəriman» poemasını yazdım. Əsər Moskvada çap olunmalıydı. Bir gün Xeyrulla Əliyev zəng elədi ki, gəl Mərkəzi Komitəyə. Gedib gördüm Moskvada mətbəədə olan əsərim onun masasının üstündədir. Dedi, kitab çap olunmayacaq. Mərkəzi Komitənin katibi Danil Quliyevin qeydləri var idi. Xeyrulla müəllim istiqamət verdi: «Get, məsələni özün həll elə». Danil Quliyev Moskvada xəstəxanada yatırdı. Getdim, çətinliklə görüşdüm. Dedi ki, komunanın rəhbəri Şaumyandır, sən Nərimanı qəhrəman edirsən. Cavab verdim: «Onu da başqası yazar». Sözlərim xoşuna gəlmədi. Azərbaycanın rəhbəri Heydər Əliyevin bundan xəbəri yox idi. Sonra o, büroda çıxış etdi. Nəriman Nərimanova böyük sevgisi var idi. Mən «Nəriman» poemamdan çoxlu ixtisarlar edildiyini deyəndə göstəriş verdi, necə yazılıb o cür çap olunsun. Ancaq Bədii Şurada əsərin 1400 misrası artıq «yoxa çıxmışdı».

Yazıçılar İttifaqının partiya təşkilatının rəhbəri olanda Heydər Əliyevin göstərişi ilə «Ədəbiyyat» qəzetinə baş redaktor təyin edildim. Altı ay sonra Mərkəzi Komitənin bürosunda «XXV partiya qurultayının işıqlandırılması və qəzetin vəzifələri» çərçivəsində qəzetin altı aylıq yox, üç illik fəaliyyətini müzakirə etdilər. Yerindən qalxan məni tənqid etdi ki, qəzet pis çıxır. Çıxış üçün mənə beş dəqiqəlik vaxt verdilər. Heydər Əliyevə müraciət etdim: «Beş dəqiqəyə bilmirəm hardan başlayım, harda qurtarım». Dedi ki, istədiyin qədər danış. Çıxışımın bir yerində qəzetimizin maddi təminatından da danışdım. Bizim rəhbərlərdən biri dedi: «Ola bilər «İzvestiya»nın maşını, mebeli yoxdur, amma onlar qəzet buraxırlar. Bura bunun yeridir? Heydər Əliyev dedi ki, bəs harada desin bu sözləri? Fikir yaratdı. Sonra dedi ki, mən oxuyuram qəzeti, yaxşı çıxır. Sükut çökdü. Ondan sonra redaksiya üçün hər şey elədilər.

«Zümrüd quşu» poemam da çox tənqid olundu. «Kimin sualı var?» poemam çıxandan sonra Yazıçılar İttifaqında məhkəməmi qurdular. Mənə dedilər ki, ərizəni yaz, «Ədəbiyyat» qəzetindən işdən çıx. Mən də yazdım. Akademik Həsən Əliyev bildi bunu. İttifaqa zəng elədi. Aləm qarışdı. Deyirdilər ki, guya bu poema Heydər Əliyevin əleyhinə yazılıb. Elə şey yox idi. Heydər Əliyev onun qarşısını necə aldı? Mənə əməkdar incəsənət xadimi adı verildi.

- Gəncədə oxuyanda kiçik bacım Səriyəgildə qalırdım. O məni çox istəyirdi. Sara da onlarda qalırdı. O, yeznəmin dostunun qızıydı. Məndən beş yaş kiçik idi. On iki yaşı var idi. Mən institutda oxuyurdum. Bir qızdan xoşum gəlirdisə, Saraya deyirdim: «Get bax gör necədir». O da baxırdı, gəlib pisləyirdi. Hansı qızı nişan verirdimsə, pisləyirdi. Demə, bu ürəyində məni istəyirmiş. Sonralar özü deyirdi. Mən Moskvaya oxumağa gedəndə Gəncədə bacımgildə toyumuz oldu. Xəlillə (şair Xəlil Rza - red.) Firəngiz də gəlmişdilər. Biz də Sara ilə Salyana Xəlilin toyuna getdik. Xəlil mənim sağdışım oldu, mən də onun.

- Gördü. Sara qəribə qadın idi. Beş-altı il qabaq evdə Nekrasovun seçilmiş əsərlərinə baxırdım. Gördüm Sara öz xətti ilə yazıb: «Mən Nekrasovu çox sevirdim. Tale elə gətirdi ki, mənim həyat yoldaşım da şair oldu. Fəxr edirəm onunla». Ancaq bir dəfə mənə demişdi, qızıma şairdən elçi gəlsə, vermərəm, sən öz aləmindəsən. Başa düşürəm onu. Şairin həyat yoldaşı olmaq çətindir. Rəssam bir portretimi çəkib, şeirimi misal gətirib:

 

Bir insan ömrünü girov qoymuşam

Bir şair ömrünü yaşatmaq üçün.

 

Bir gün İsmayıl Şıxlı gəlmişdi bizə. Dedi ki, Nəriman, nə yaxşı düzəlişdi. Baxdım ki, Sara şeirə «düzəliş» edib:

 

Bir qadın ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

 

- Sara xanıma qədər  elə-belə ötəri hisslər olmuşdu.

- Düzdür, gözəlliyə baxarlar. Bu insani hisslərdir. Sara məni başa düşürdü. Hərdən şeir gecələrində oxuyurdum şeirlərimi. Gənclər alqışlayırdılar. Sara heç nə demirdi. Gələndə evdə küsürdü. Soruşurdu: «Kimə yazmısan?». «Nə bilim, təsəvvür eləyirəm, yazıram», deyirdim. İnanmırdı. Həyatdır… Amma ailə müqəddəsdir. Qadın kişinin bəxti, taleyidir. Özünü həyat yoldaşına həsr eləməlisən. Qadın uşaq kimidir. Gərək xətrinə dəyməyəsən. Sən istəsən, qadın da səni istəyəcək.

Sara cavan getdi. Son anlarına qədər məni düşündü: «Necə yaşayacaqsan?», deyirdi: «Hamıya inanırsan». Doğrudan da mən hamıya inanıram.

 

- De nədir səadət həyatda, gülüm,

bir könül xoşluğu, bir az təbəssüm.

 

- Xoşbəxt olmaq bu qədər sadə ikən, niyə çox zaman xoşbəxt ola bilmirik?

- Ta qədimlərdən bu yana insanlar həmişə əbədiyyət axtarıblar. Xeyir də, şər də insanın öz içindədir. Bəzilərində bir hərislik var. Gözləri doymur. Doymadıqca özünü məhvə aparır. Gözü-könlü tox insanlar az olsa da, var. Səadət bir tikə halal çörəyini yeyib, evində gecə rahat yatmaqdır. Stersdən, narahatlıqdan, şöhrət düşkünlüyündən xəstəliklər əmələ gəlir. İnsan yaxşılıq elədikcə sevinməlidir. Bu mənada xoşbəxt olmaq üçün elə bir könül xoşluğu, bir az təbəssüm kifayətdir.

- O cür danışanlardan uzaq olun. Onlar təhlükəli adamlardır. Sevgi, məhəbbət olmasa, necə övlad, vətəndaş, dost, yoldaş olmaq olar? Qadına, ailəyə də sevgi yoxdursa, o həyat mənasızdır. Məhəbbət olmasa, cəmiyyət çürüyər. O da var ki zorla sevmək olmaz. Sevgi istedaddır. Allah vergisidir. Birini elə sevirsən ondan başqa gözündə kimsə yoxdur. Bilmirsən niyə sevirsən.

O illərin həsrətini çəkirəm. Yaş artdıqca, ən şöhrətli olsa da, yenə düşünür, kaş o illərə qayıdaydım. Bax insan budur, aşağıda yuxarını, arzulayır, yuxarıda aşağını. Ona görə deyirlər ki, insan dərk olunmazdır.

 

 

Ana səhifə