1977-ci il noyabrın 6-da ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim,
həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci
illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə Nəriman Nərimanovun xatirə muzeyi açılmışdır.
Mmuzey keçmiş Nikolayevski
küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın
2-ci mərtəbəsində açılmışdır.
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim
kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş
etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi,
ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və
dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.
Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və
gənclik illərinə dair sənəd və materialları əks etdirir.
N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori
müəllimlər seminariyasını bitirməsi haqqında
şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik
fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki
evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş
etdirilir.
Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi
fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən
sənəd və materiallarını əks etdirir.
3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə
əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq
məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd
və materiallar, habelə N. Nərimanovun adının
əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş
etdirilir.
Muzeyin 4-cü otağı tibbi kabinetdir. Bu otaqda hər şey
N. Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat
xanımın xatirələrinə əsasən 1913-1918-ci illərdə olduğu
kimi bərpa edilmişdir. N. Nərimanovun tibbi alətləri,
dərman saxlanılan şkafı, asılqanı, tablolar böyük
mütəfəkkirin həkimlik fəaliyyətini işıqlandırır.
Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar,
sənəd və materialların əsli, xatirələr, Nərimanovun
ailəsinin genealogiyası və digər əşyalar qorunub
saxlanılır.