2011-ci
ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi
və publisisti, əməkdar jurnalist Nəsrulla Əsəd oğlu
İmanquliyevin anadan olmasının 100 ili tamam olur.
Müasir
Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan
Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər
göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks
etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli
töhfələr vermişdir. Onun jurnalistika sahəsində zəngin pedaqoji
fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin
formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan jurnalistikasının inkişafında
təqdirəlayiq xidmətlər göstərmiş Nəsrulla İmanquliyevin 100
illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara
alıram:
1.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin
təkliflərini nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla
İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 noyabr 2011-ci
il
|