Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta
əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan
buzxanaların xüsusi yeri vardır. Özünəməxsus memarlıq
xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan
şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin
yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır.
Azərbaycan ərazisində ən böyük buzxanalardan biri olan abidə
planda düzbucaqlı formada inşa olunmuşdur. Uzunluğu 20 metr,
eni 9 metr, hazırkı vəziyyətdə hündürlüyü 9,6 metrdir.
Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük
konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina
örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi
tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi
cəhətlərindəndir.
Naxçıvan buzxanasının yüksək səviyyəli, mükəmməl həlli bu
abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə,
XII-XIV əsrlərdə tikildiyini göstərir. Buzxanalar qədim
dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan
tələbatını ödəmişdir. Naxçıvan buzxanası ötən əsrdə məişətdə
soyuduculardan istifadənin genişlənməsi nəticəsində
fəaliyyətini dayandırmışdır.
Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə
2013-cü ildə bərpa olunmuşdur.