Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən
qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi
kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin
şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa
olunmuşdur .
Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı
da Hacı Hüseynqulu inşa etdirmişdir.
Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq
tərəfdən olan hamam planda düzbucaqlı formada inşa
olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi
hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m2 olan hamamın
soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi
otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı
bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir.
İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub.
Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə
gətirilirmiş. Su xəzinənin arxasında inşa olunmuş su
anbarına toplanaraq oradan hamama və hovuza verilirmiş.
Hamamda yuyunan adamlar isti suyu yuyunma otağına açılan
hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə
xəzinənin yanında yerləşdirilmiş otaqdan götürərmiş. Yuyunma
otağı və ona birləşən otaqların döşəməsinin altından
içərisindən isti hava axan kanallar düzəldilmişdir. Kanalın
bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Hamamın 3
bacası var. Onlardan biri yuyunma zalının cənub hissəsində
ocağın üstündə, digər ikisi isə yuyunma otağının şimal
hissəsində, qərb və şərq divarlarında qoyulmuşdur. Ocaq
xəzinənin altında yerləşir, giriş oyması vardır.
Hamamın zallarının tavanı dairəvi günbəzlə, otaq və dərin
taxçalar tağtavanla qapanıb. Hamamı digər orta əsr
hamamlarından fərqləndirən cəhət onun divalarının, günbəz və
tağtavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın
içərisi günbəz və tağtavanların tavanının mərkəzində
qoyulmuş baca vasitəsilə işıqlandırılır. Keçmişdə hamamı
qızdırmaq üçün samandan və odundan istifadə edirmişlər.
Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı qapanır,
yaranan istilik həm xəzinədəki suyu, həm da hamamın
döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma
zalını qızdırarmış
Qeyd olunduğu kimi hamam kənd sakini Hacı Hüseyqulu
tərəfindən inşa etdirilmişdir. Hacı Hüseynqulu isə XV
yüzillikdə yaşadığından məscidin inşa tarixini XV əsrə aid
etmək olar.