Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus
nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərindəki
Şərq hamamı şəhərin mərkəzində, indiki "Təbriz"
mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir.
Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan
İsmayıl xanın şərəfinə "İsmayıl xan hamamı"da adlandırır.
Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış,
yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların
görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.
XVIII əsrdə Şərq memarlıq üslubunda inşa edilən hamam binası
giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və
ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 kvadratmetrdir.
Hamam planda düzbucaqlı formadadır. Bina bişmiş kərpiclə
inşa edilmişdir. Hamamın soyunma zalı səkkizbucaqlı
formadadır. Yuyunma salonunun iki keçidi vardır. Zalın
mərkəzində çarhovuz inşa edilmişdir. 108 kvadrat metr sahəsi
olan zalın tavanı sferik günbəzlə örtülmüşdür.
Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik
yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi
üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz
vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın
isidilməsinə xidmət etmişdir. Otaqlara istilik yeraltı
borular vasitəsilə verilmişdir.
Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilmişdir.