Naxçıvan ərazisində indiyədək qalan türk-islam mədəniyyəti
nümunələrindən biri də Ordubad hamamıdır. Hamam Ordubad
şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında inşa
olunmuşdur. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda
inşa olunmuş bu hamamın ümumi sahəsi 483 kvadratmetr,
divarlarının qalınlığı bir metrdir. Bina bişmiş kərpiclə
inşa olunmuşdur. Hamam geniş dəhliz, çayxana, soyunma və
yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan
digər otaqlara və ocaqxanaya giriş vardır. Soyunma zalı
kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı
formadadır. Soyunma zalının hündürlüyü 7,4 metrdir. Onun
yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı çatma tağ
formalı dərin taxçalarla əhatə olunmuşdur. Taxçaların
içərisində masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir.
Zalın mərkəzində dairəvi hovuz vardır. Yuyunma zalının
günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir.
Hamamın şərq tərəfində, yuyunma zalına bitişik isti su
hovuzu və onun altında ocaqxana vardır. Xəzinədən yuyunma
zalına açılan gözlükdən isti su götürmək üçün istifadə
edilirmiş. Hamamın suyu yaxınlıqdan keçən Qarahovuz
çeşməsindən götürülürmüş. Yuyunma zalı və ona birləşən
otaqların altında isti havanın dövr etməsi üçün kanallar
düzəldilmişdir.
XVIII-XIX əsrlərə aid edilən, Ordubad şəhər əhalisinin
həyatında mühüm rol oynayan abidədə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2009-cu ildə
bərpa işləri aparılmışdır.