Üstüpü hamamı - Orta əsrlər zamanı Naxçıvan bölgəsində
fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri.
Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı
məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur.
Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin
bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış
vəziyyətdə gəlib çatmışdır.
Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı,
yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən
binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının
günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır.
Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən
şərq tərəfdə binanın damı yer səviyyəsindədir. Ancaq
günbəzlər yer səviyyəsindən yuxarıdadır. Qərb tərəfdən isə
bina tam açıq görünür. Girişi qərbdəndir. Çatma tağlı
koridordan keçib soyunma və yuyunma salonuna daxil olursan.
Soyunma və yuyunma salonlarında hücrələr vardır.
Hamam binası XVII-XVIII əsrlərdə inşa olunmuşdur.