İndiyədək gəlib çatan nümunələr göstərir ki, keçmişdə muxtar
respublika ərazisindəki şəhərlərlə yanaşı kənd tipli yaşayış
məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir.
Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə
nümunələrindən biri Yengicə hamamıdır. Hamam Şərur rayonunun
Yengicə kəndində inşa olunmuşdur. Əhalinin fikrincə hamam
XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz
xanım tərəfindən tikdirilmişdir. Hamam Yengicə kəndinin
əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da xidmət
etmişdir.
Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina
əhəng məhlulu istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir.
Hamam binası düzbucaqlı formada iki səkkizbucaqlı zala və
onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən
günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidmət
otaqları qismən dağıntıya məruz qalsa da hamamın daxili
planı yaxşı vəziyyətdədir.
İki zalın arasında yerləşən köməkçi otaqların qapıları
yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə
yerləşir. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava
kanalları vasitəsilə qızdırılırdı. Binanın işıqlandırılması
günbəzin mərkəzində yerləşən baca və divarlardakı kiçik
pəncərələr vasitəsi ilə həyata keçirilirdi.
Hamam Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
tapşırığı ilə 2017-ci ildə bərpa olunmuşdur.