Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir
qismini ibadət yerləri - məscidlər təşkil edir.
Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan
məscidlərdən biri də Naxçıvan şəhər Came məscididir. Came
məscidi şəhərin mərkəzində yerləşir. XVIII əsrdə Məhəmməd
Təqi tərəfindən inşa olunan, xalq arasında “Şəhər məscidi”
kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində,
ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə
Naхçıvanda fəaliyyət göstərən yeganə məscid idi. Məscid
sovet hakimiyyətindən əvvəlki dövrlərdə şəhərin
sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır.
Ümumi sahəsi təxminən 1000 kvadratmetr olan məscid inşa
edildiyi zaman onun qərbdən giriş qapısının baş tərəfində
kitabə qoyulmuşdu. Mərmər lövhə üzərində (ölçüsü: 87х57х12
sm) həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid
naхçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Hacı Məhəmməd Cəfər
ağanın səyi ilə inşa edilmişdir.
Məscid bir minarəlidir. Ermənilər 1918-ci ildə Naxçıvanda
yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə
minarəni zədələmişlər. Görkəmli rəssam Bəhruz Kəngərlinin
1920-ci ildə naturadan çəkdiyi rəsmdə bu zədə aydın görünür.
Came məscidi Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin tapşırığı ilə 2007-ci ildə əsaslı bərpa olunmuşdur.