Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndində
tarixi-memarlıq abidəsidir. Kəndin mərkəzində yerləşir.
Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli
camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir
adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub
divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi
qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur.
Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də
götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur.
Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu,
16-cı əsr" sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən
qədim məscid nümunələrindən olan abidənin daxili böyük
salondan ibarətdir. Sonralar, deyilənə görə, 20-ci əsrin
əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid
salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan üç
böyük sütunun və divarların üstündə dayanıb. Sütunların
arası və sütunlarla divarların arası tağvari birləşdirilib.
Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində,
divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan
var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında
qonaq otağı vardır. Məscid təmir olunarkən divarlarında gəc
üzərində rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir
zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb.
Minarənin üstündə belə bir kitabə qoyulub: "Məscidin
minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən
tikdirilmişdir. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban".
Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin
məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra
olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə
Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbiristanlıq
üçün bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən
demək olar ki, Hacı Hüseynqulu 15-ci əsrdə yaşamış, məscidi
də həmin vaxt inşa etdirmişdir.