Mingis məscidi- Ordubad şəhərinin Mingis məhəlləsində inşa
edilib. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş
mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid
hicri-qəməri təqvimi ilə 1088-ci ildə (miladi 1677-ci il)
Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa
edilmişdir. Kitabədə adı qeyd olunan və məscidi bərpa
etdirən Məhəmməd Hadinin atası Əbdül Hüseyin Ordubadi I Şah
Abbasın baş vəziri, Etimad əl-Dövlə Hatəm bəy Ordubadinin
qardaşı Hacı Əhməd bəyin oğludur (6,səh.303).
Məscid binası relyefdə inşa edildiyi üçün şimal tərəfdən bir,
cənub tərəfdən iki mərtəbəlidir. Məscid düzplanlı formada
olun, məscidin ibadət salonuna giriş şimal hissədəndir.
Məscidin ibadət salonunun tavanı salonun daxilində iki cərgə
qurulmuş sütunlar üzərinə qoyulmuşdur. Məscidin cənub
hisəsinə açılan birinci mərtəbəsindən təsərrüfat işləri üçün
istifadə edilir.
Məscid binasında əsaslı bərpa işləri 2001-ci ildə aparılmış,
giriş qapısının sol tərəfində divara bu haqda məlumat verən
kitabə qoyulmuşdur. 1677-ci ildə bərpa edilməsi haqda kitabə
isə qapının sağ tərəfində divara hörülmüşdür
(6,səh.303-304).