Vənənd məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunun Vənənd kəndi ərazisində orta əsrlərə aid
tarixi-memarlıq abidəsi.
Məscid 1324-1325–ci illərdə tikilmişdir. Düzbucaqlı formada
olan məscidin sahəsi təqribən 375 kv. metr, hündürlüyü 7
m-dir; günbəzlidir. Məscid bir neçə dəfə bərpa olunmuş, XVII
əsrin əvvəllərində ona böyük bir bina əlavə edilmişdir. Cümə
məscidinin ilkin binası hazırda onun şimal qərb küncünü
təşkil edir. Bu hissəyə qərb fasadından açılan qapıdan
girmək mümkündür.Qapı yerinin çatmasında iri nəsx xəttilə
farsca kitabədə "Yeddi yüz iyirmi beşinci ildə (1324-25...
yarandı" yazılmışdır. Digər kitabədə isə göstərilir ki,
məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa etmişdir.
Bərpa zamanı şimal tərəfdəki tağın üzərində fars və ərəb
dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında
Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat
verilir. Kitabəni ilk dəfə rus şərqşünası, tarixçi, etnoqraf
və diplomat N.V.Xanıkov fransız dilinə tərcümə etmişdir.