Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində
memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus
xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən
biri də Gülüstan türbəsidir. Gülüstan türbəsi Culfa
rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə,
Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Əbubəkr
oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks
etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və
özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa
edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası,
gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq
həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb
edir.
Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də
xatırlanır. Türbə iki hissədən - sərdabə və türbədən
ibarətdir. Sərdabənin divarları dörd cərgə düzülmüş
daşlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan
çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin
altında yerləşdirildiyi halda, burada yerin səthindən
yuxarıda inşa olunmuşdur. Türbənin aşağı hissəsini təşkil
edən, yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik
piramida, daxildən silindirik quruluşa malikdir. Yuxarı
hissə isə on iki üzlü qüllədən ibarətdir. Türbənin yuxarı
kamerası planda diametri 4.6 m olan düzgün çevrədir. Onun
divarları gəclə suvanmışdır, yuxarı getdikcə tədricən ellips
şəkilli günbəzə çevrilir.
Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və
ornamentlərlə doldurulmuşdur. Memar ornamentləri tağçalarda
elə yerləşdirmişdir ki, onu seyr edənlər həmişə qonşu
səthlərdə müxtəlif biçimli ornamentlər görür. Ornamentlərin
tağçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu
naxış və ornamentlər 1186-cı ildə Naxçıvan şəhərində inşa
edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır.
Həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbənin XII
əsrdə inşa olunmasını söyləmək olar.
Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə bərpa
olunmuşdur.