Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm
nümunələrindən biri də Naxçıvan şəhərinin mərkəzində, "Əcəmi
seyrəngahı"nda yerləşən, görkəmli memar Əcəmi Əbubəkr oğlu
Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir.
Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir.
Daxildən dairəvi olan abidə xaricdən on üzlüdür. Yarandığı
zaman hündürlüyü təxminən 35 metr olan türbənin yuxarı
hissəsi aşınaraq uçub dağılmış, indiyədək yalnız 25 metr
hündürlüyündə gövdə qalmışdır. Azərbaycan Atabəyləri
dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə
vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin
tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra
vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan
başa çatdırmışdır. Türbənin sərdabəsində Möminə Xatından
sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan
Pəhləvan da dəfn olunmuşdur.
Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə
əlaqədar verilən məlumatlarla yanaşı "Biz gedirik ancaq
qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd
nəzərdən uzaq elə!" sözləri yazılmışdır. Türbə üzərində
yazılan digər kitabələrdən aydın olur ki, abidənin tikintisi
Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə
582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa
çatmışdır.
Azərbaycan xatirə abidələri içərisində öz gözəlliyi,
kompozisiya xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən,
yüksək sənət əsəri və orta əsr Azərbaycan memarlığının şah
əsəri olan Möminə Xatın türbəsi dünyanın möhtəşəm memarlıq
abidələri sırasında özünəməxsus yer tutur. Məhz buna görə də
görkəmli sənətşünas, professor V.Alpatov türbə haqqında
yazırdı ki, belə yüksək forma duyğusuna, kompozisiyanın
klassik kamilliyinə və icra mükəmməlliyinə həmin dövrün
Avropa memarlığında təsadüf olunmur.
Möminə Xatın türbəsi mükəmməl sənət nümunəsidir. Türbənin
tağları boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində
iki dəfə, tağlarının hamısının baş tərəfində isə
Qurani-Kərimin "Hakimiyyət vahid, qadir Allaha məxsusdur"
ayəsi yazılmışdır. Türbənin daxilində, bir neçə metr
yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin
"Bəqərə" surəsinin 255-ci ayəsi - "Ayətəl-kürsü" həkk
edilmişdir.
Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5
metr olan dörd ədəd dairəvi medalyon vardır. Birinci
medalyonda 8 dəfə "Məhəmməd", ikinci medalyonda "Məhəmməd,
Əbu Bəkr, Ömər, Osman, Əli", üçüncü medalyonda "Məhəmməd,
Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə, Həsən, Hüseyn", dördüncü
medalyonda isə "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli",
medalyonların hamısının mərkəzində isə "Allah" sözü
yerləşdirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə
Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək
demişdir: "...Bu abidənin qiyməti yoxdur. Möminə Xatın
türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər
zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq
məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə
bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın
qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın
zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə
qədər möhkəm olduğunu da göstərir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi
ilə 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri
aparılmışdır.