Naxçıvan şəhərinin cənub tərəfində, "Naxçıvanqala"
Tarix-Memarlıq Muzey Kompleksi ərazisində VIII-XII əsrlərə
aid memarlıq abidəsidir. XIX əsrin 80-ci illərində Naxçıvan
şəhərində yaşayıb pedaqoji fəaliyyətlə məşğul olmuş rus
maarifçisi K.A.Nikitinin «Naxçıvan şəhəri və Naxçıvan qəzası»
adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və
türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: «Nuhun qəbri
Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın
qalıqlarının yaxınlığında yerləşir.
Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir.
İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan
türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub
dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin
qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək
tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə
möhkəmləndirilmiş, sərdabə tipindədir. Rəvayətə görə həmin
dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə
obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin
divarları ağardılmış, səyyahların və ibadətə gələn
zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb
doldurulmuşdur». K.A.Nikitin həmçinin yerli əhalinin köməyi
ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair
rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının
yerini müəyyənləşdirmişdir. V.M.Sısoyev əsərində «Nuhun
türbəsi» haqqında məlumat verərkən sərdabənin tərəflərin 2,5
metr olan səkkizguşəli prizma şəklində olduğunu qeyd
etmişdir. Azərbaycan realist rəssamlıq sənətinin banisi
Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya
ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini
çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı,
türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir.
Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var.
Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin
gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq
zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin
Gəmiqaya adlandırılması, bu ərazidə "Nəbi yurdu" adlanan
yaylaq yerinin və yaxınlıqda "Nuhdaban" adlanan qədim
yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan
mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir.
Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun
özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması
barədə məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin
Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere,
K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat
vermişlər.