Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan türk-islam
mədəniyyətinin möhtəşəm nümunələrindən biri də nəinki
Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən
sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir.
Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir.
Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. XII-XIV
əsrlərə aid qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya
məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox
hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın üzərində
çox hissəsi dağılmış kitabənin mətnindən aydın olur ki, bu
kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir.
Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın
arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda
böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı
sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir.
Kitabədə adı çəkilən Quti xatın mənbələrdə Quti və ya Qutuy
xatın şəklində xatırlanan qadınla eyni adamdır.
Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə,
minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd
olunub.
Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki
yarımsilindirin birləşdirilməsindən əmələ gətirilən,
diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16
metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır.
Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin
"əl-Mumin" surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.
Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi
və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin
hamısı Quran ayələri və dini xarakterli kəlamlardır.
Abidənin gövdəsində yaradılan iri həcmli rombların
içərisində kufi xəttilə yerinə yetirilmiş və dəfələrlə
təkrarlanan kitabələrin mətni belədir: "Allahdan başqa Allah
yoxdur. Məhəmməd - Allahın ona salavatı olsun - Allahın
elçisidir".
Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə
yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri
göstərir ki, bu abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub
oğlu əl-Hafiz Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində
inşa edilmişdir.
Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına
əsasən bərpa olunmuşdur.
Burada orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət
göstərən müxtəlif sufi təriqətlərinə mənsub adamlar yaşamış
və fəaliyyət göstərmişlər. Orta əsrlər zamanı əhalinin
müxtəlif təbəqələri arasında böyük təsir gücünə malik olan,
şərq ölkələrində mövcud olan sufiliklə bağlı mərkəzlərlə bir
sırada duran bu xanəgahda yaşayan sufi təriqəti mənsubları
bölgənin ictimai-siyasi həyatında, xarici müdaxilələr zamanı
ərazinin işğalçılardan qorunması üçün əhalinin
təşkilatlanmasında xüsusi rol oynamışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı
ilə kompleks 2005-ci ildə yüksək səviyyədə bərpa olunmuş,
ətrafı abadlaşdırılmış, oraya gedən yola asfalt
salınmışdır. 2016-cı ildə abidələrin ətrafında yenidənqurma
işləri aparılmışdır.