Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın
başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan
xalqı bu diyarda zəngin mədəniyyət yaratmışdır. Bura
Azərbaycanın ən dilbər, səfalı məkanlarından biri –
möcüzələr diyarıdır. Ona görə də qədim filosof və
mütəfəkkirlər Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin
Günəşi adlandırmışlar.
Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib
hissəsi kimi mövcud olmuşdur. Qədim yurd yerimiz Zəngəzurun
Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycanın digər
torpaqlarından ayrı salınaraq blokadaya alınmışdır. Lakin
bütün bunlara baxmayaraq, Naxçıvan bu gün yüksək inkişafa
nail olan diyardır.
Dünyanın elm və mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər
bəxş edən Naxçıvan, həm də böyük dövlət xadimi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin Vətənidir.
Görkəmli şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə
Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, taleyüklü tarixi
qərarlar qəbul edərək Azərbaycanın xilasına və inkişafına bu
qədim diyardan başlamışdır. Ulu öndər demişdir: “Naxçıvan
Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir
torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən
abidələri özündə cəmləşdirən bir diyardır”.
Ərazicə kiçik, mənəviyyatca böyük olan Naxçıvan Yaxın Şərqin
ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar
çox qədim zamanlardan yaşamışlar. Beş min il bundan əvvəl
Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu
qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm
göstəricisi hesab olunur. Naxçıvan, həm də milli dövlətçilik
tariximizə mühüm töhfələr vermiş, Azərbaycan türkləri min
illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik
ənənələrinin əsasını qoymuşlar.
Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət
nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri,
şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl
nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə
zəngindir. Neolit, eneolit, Kür-Araz və Boyalı qablar
mədəniyyətinin nadir inciləri, insan düşüncəsinin ilk yazılı
ifadəsi olan Gəmiqaya abidələri... Naxçıvanda İslam dini
qəbul olunana qədərki mədəniyyətin nümunələridir.
653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə
vəhdətdə inkişaf edib. Çünki həmin tarixdən ərəblərlə
bağlanmış müqavilə nəticəsində naxçıvanlılar könüllü olaraq
İslam dinini qəbul etmişlər. Bu müqavilə elmi, siyasi və
tarixi baxımdan diqqəti daha çox cəlb edir. Dini etiqada
görə təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin
davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər
baxımından İslam dininə yaxın idilər. Müqavilənin elmi və
siyasi əhəmiyyəti onunla şərtlənir ki, ərəblər artıq
müstəqil olan Naxçıvanın yerli idarəçiləri ilə müqavilə
bağlamışdılar.
Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər
Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr
sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra isə
Naxçıvan memarları islam memarlıq ənənələrindən də
bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti
nümunələri ilə tarix və mədəniyyətimizi daha da
zənginləşdirmişlər. On ikinci əsrdə yaşayıb-yaradan memar
Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan,
ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir
məktəbin əsasını qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili
haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına uyğun
olaraq son illər muxtar respublikada 1200-dən çox dünya,
ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq
pasportlaşdırılmışdır. Bu abidələrdən 70-ə yaxını tarixiliyi
saxlanılmaqla bərpa olunmuşdur. Möminə xatın və Gülüstan
türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad
Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının,
Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə
Kompleksinin,Yengicə hamamının, imamzadələrin və
buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır.
Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi,
Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə
hörmətlə yanaşılır. Min illər ərzində formalaşan
tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti
ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni
axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət
nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində
türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə
istifadə olunur və zaman keçdikcə Naxçıvanın zəngin
tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi
kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə
alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı
şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş
qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilmişdir.
“Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 2 iyun tarixli sərəncamında deyilir: “Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan
olunmasına dair qərar sivilizasiyalar-arası dialoqa mühüm
töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin
mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən
Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi
Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin
çoxəsirlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında
özünəməxsus rol oynayıb”.
Təşkilat Komitəsinin Tədbirlər Planına əsasən “İslam
mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin
təqdimatı olmuşdur, Naxçıvan şəhərinin İslam mədəniyyətinin
paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf
və poçt markaları, kitablar hazırlanmışdır. “Naxçıvanın
türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”
beynəlxalq konfransı isə Naxçıvan Muxtar Respublikası
ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi
və təbliğində yeni mərhələnin əsasını qoymuşdur.
Naxçıvanı qarış-qarış gəzdikcə bu yurdda ucaldılan
saysız-hesabsız mədəniyyət nümunələrinin, türk-islam
mədəniyyətinin daşıyıcısı olan abidələrin şahidi olursan.
Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi
Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin
cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif
Küseyiroğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi
də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən
ibarətdir. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli
nümunələrindən olan Yusif Küseyr-oğlu türbəsi Azərbaycanın
qülləvari türbələri içərisində yeganə abidədir ki, üst
örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib
çatmışdır. Məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran”
surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi
Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.
XII əsrdə böyük memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin
Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı
türbə isə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz
illər boyunca bu abidə səyyahları, salnaməçiləri, məşhur
memar və şərqşünasları düşündürüb. Möminə xatın türbəsi
türk-islam aləmində qadına verilən dəyərin daha bir ifadəsi
olmaqla yanaşı, həm də qadın, ana adının ucalığında dayanan
zərif bir məhəbbət əfsanəsi, sevgi dastanıdır. Ona görə də
akademik Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı
monoqrafiyasında Möminə xatın türbəsini monimentallıqla
zərifliyin möcüzəsi adlandırıb və memarlıq tarixində tutduğu
mövqeyi yüksək qiymətləndirərək yazıb: “Qeyri-adi memarlıq
duyğusuna, kompozisiyasının klassik kamilliyinə və
işlənməsinə görə XII əsrdə Avropada belə abidəyə təsadüf
etmək mümkün deyil. Naxçıvan türbəsindən klassik Şərq
ədəbiyyatının ən yaxşı əsərləri, Firdovsinin “Şahnamə”
epopeyasında, Nizaminin “Leyli və Məcnun” poemasında olduğu
kimi, insanpərvərlik nəfəsi gəlir”.
Qədim köklərə, ulu qaynaqlara malik Naxçıvan memarlıq
məktəbi XII əsrdə inkişaf edərək əsl sənət zirvəsinə ucalıb.
Həmin dövrdə Əcəmi sənəti bütün dünyaya səs salmış, Yaxın
Şərq və Orta Asiya memarlıq sənətinin inkişafına mühüm
töhfələr vermişdir. Əcəmi qüdrətinin bəhrəsi olan Möminə
xatın türbəsi mükəmməl sənət nümunəsi kimi dünya
memarlığında silinməz iz qoymuşdur. Türbəyə Qurani-Kərimdən
ayələr həkk olunub. “Biz gedirik yalnız qalır rüzigar, biz
ölürük əsər qalır yadigar” sözləri Möminə xatın türbəsinin
baş tağında əbədiləşən dərin bir hikmətdir.
Qədim dövrlərdən başlanan sənət yolu abidə-abidə, qala-qala
xalqımızın daş yaddaşına çevrilir, elimizin-obamızın könül
mahnısı, ürək döyüntüsü kimi əbədiləşir. Qədim qala
divarları, daş sədlər, bürclər, səmanın qəlbini dələn
minarələr bu diyarda Azərbaycan xalqının əyilməz vüqarı kimi
yüksəlir.
Diqqətçəkən abidələrdən biri də XII əsrdə Culfa yaxınlığında
ucaldılan Gülüstan türbəsidir. Əcəmi ənənələrini davam
etdirən bu nadir sənət incisi naxış kompozisiyasının
kamilliyi, özünəməxsusluğu ilə bütöv bir sənətkarlıq
məktəbindən xəbər verir. Gülüstan türbəsi Culfa rayonunun
Gülüstan kəndində Araz çayının sol sahilində inşa edilmişdir.
Əcəmi Naxçıvani yaradıcılığının ənənələrini özündə əks
etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və
özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa
edilən Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi
də xatırlanır. Abidə sərdabə və türbədən ibarətdir.
Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülmüş
və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ
gətirmişdir. Digər türbələrdə sərdabə yerin altında
yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa
olunmuşdur. Türbənin naxış və ornamentləri Möminə Xatın
türbəsinin ornamentləri ilə oxşardır.
Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan
Qarabağlar türbəsi memarlıqda uğurlu yol, yeni nəfəsdir. Bu
orijinal sənət əsəri kompozisiya dinamikliyi,
monimentallığı, işıqlı və zərif naxışları, dekorativliyə
ciddi meyli ilə sənətşünasları həmişə düşündürüb. Qarabağlar
Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində
yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir.
Qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz
qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi
ovulub tökülmüşdür. Qoşa minarəli baştağın üzərindəki
kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini
Cahan Quti xatın əmr etmişdir. Kitabədə tarix qalmamışdır.
Mənbələrdə türbənin XII əsrdə, minarələri birləşdirən
baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub. Qarabağlar
türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş
tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin
son hissəsi yazılmışdır. Türbənin səthi bütünlüklə həndəsi
ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə
bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini
xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri
həcmli rombların içərisində kufi xətti ilə yerinə yetirilmiş
və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir:
“Allahdan başqa Allah yoxdur. Məhəmməd - Allahın ona
salavatı olsun - Allahın elçisidir”. Türbənin memarlıq
xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası,
oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə
türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani
tərəfindən inşa edilmişdir. Qarabağlar Türbə Kompleksi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il
4 iyul tarixli sərəncamına əsasən bərpa olunub.
Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta
əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan
buzxanaların da xüsusi yeri var. Özünəməxsus memarlıq
xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan
şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin
yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır.
Bununla yanaşı, XIV əsr abidəsi olan Ordubad şəhər buzxanası
və tarixi XIX əsrə aid edilən Cəlilkənd buzxanası qədim
dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan
tələbatını ödəmişdir. Zaman keçdikcə güclü aşınmaya məruz
qalmış buzxana kompleksləri Ali Məclis sədrinin tapşırığı və
qayğısı ilə bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş
türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o
cümlədən saraylar da daxildir. Belə saraylardan biri
Naxçıvan xanlarının yaşayış evi – Xan Sarayıdır. Sarayı
XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi
Kəlbəli xan Kəngərli tikdirib.
VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi
təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr,
həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə
mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və
zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan
zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda xüsusi
memarlıq üslubunda inşa edilən Naxçıvanın türk-islam
mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq
xüsusiyyətlərinə malik olan zaviyə-mədrəsə binası xüsusi yer
tutur.
Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan
dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər
– xanəgah kompleksləri də mühüm əhəmiyyətə malikdir. Belə
komplekslərdən biri XII əsrə aid Xanəgah Memarlıq
Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun
Xanəgah kəndindən şimаl-şərq tərəfdə Əmir Teymura qarşı
müqavimətin əsas istinadgahı olan Əlincəqalanın yaxınlığında
yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən
ibarətdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid
edilir. Türbədəki qəbirdə ХIV əsrdən еtibаrən Аzərbаycаndа
gеniş yаyılаn Hürufilik təliminin bаnisi Fəzlullаh Nəimi
dəfn еdilmişdir.
Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus
nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərinin
mərkəzində yerləşən Şərq hamamı XVIII əsrdə Şərq memarlığı
üslubunda inşa edilib. Şərur rayonundakı XVIII əsrə aid
edilən Yengicə hamamı, eyni zamanda, XVIII-XIX əsr Ordubad
hamamı əhalinin həyatında mühüm rol oynamış, yuyunma,
paklanma yeri olmaqla bərabər, həm də insanların görüş,
söhbət, istirahət və müalicə yerinə çevrilmişdir.
Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir
qismini ibadət yerləri –məscidlər təşkil edir. Müsəlmanların
ibadət və təhsil yerləri kimi yaranan dini ocaqlardan biri
də Naxçıvan şəhər Came məscididir. İslamın əvvəllərindən
mövcud olan və XVIII əsrdə Məhəmməd Təqi tərəfindən təmir
olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came
məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına
geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət
göstərən yeganə məscid olub. Ordubad Came və Qırx kimsənə
məscidləri, Babək rayonunun Cəhri kəndindəki Cilovxanlı
məscidi də sovet hakimiyyətindən əvvəlki dövrlərdə bölgənin
sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır.
Müstəqillik dövründə Heydər məscidi, Nehrəm kənd məscidi,
Şərur məscidi, Əbrəqunus və Naxçıvan şəhərində tikilən yeni
məscid kompleksi islami dəyərlərə olan bağlılığı nümayiş
etdirir.
Naxçıvan şəhərinin yaxınlığında yerləşən və Qurani-Kərimdə
adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə
Kompleksi xalqın qəlbindən, inancından güc alıb. Bu yer yüz
illər boyunca insanlara kömək olub, yolçulara sinəsindən yol
verib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ
Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına
hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu
qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Ulu öndərin
1998-ci ildə Əshabi-Kəhfin abadlaşdırılması və bərpa
edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və
tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün
Əshabi-Kəhf tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş,
burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür
şərait yaradılmışdır.
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq
miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl
tədbirlər də artıq öz bəhrəsini verir. Alimlərimizin xarici
ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin
iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına,
etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına,
ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda
kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr
edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik
Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir.
Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr
olunan minlərlə kitab və ensiklopediyalar da Naxçıvan tarixi
ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi
baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə, Azərbaycan
və ingilis dillərində nəşr olunan “Naxçıvan abidələri
ensiklopediyası”, “Naxçıvan: türk-islam mədəniyyəti
abidələri” kitabları Naxçıvandakı türk-islam mədəniyyəti
abidələri haqqında dolğun məlumat verən dəyərli elmi
ədəbiyyatdır.
Naxçıvanın türk-islam abidələri bu qədim yurdun İslam
mədəniyyətinə verdiyi ən dəyərli töhfə olmaqla yanaşı, həm
də müasir dövrdə muxtar respublikanın turizm potensialının
artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və
görməli yerlər üzrə səyahət turizminin ən ideal
məkanlarındandır. Naxçıvana kimin ayağı dəyirsə ilk
ifadələri bu olur: Yurdunuz memarlıq muzeyidir. Türbələr,
məscidlər, Əlincə qüdrətli qalalar. Xudafərin ümidli
körpülər, XII-XIV əsrləri əhatə edən qədim imamzadələr,
karvansaralar... Yaddaşımızın heykəlləri olan bu abidələrlə
göz-gözə dayananda, miniatür qəlbli, xalça duyğulu
naxışlarına, rənglərinə baxanda yüz illərin, min illərin
xatirəsinə dalırsan.
Bir sözlə, bu gün Naxçıvanda tarix, mədəniyyət,
adət-ənənələr, milli və dini dəyərlər təkcə öyrənilmir, həm
də qorunaraq yaşadılır. Tarixi yaşadanları isə tarix
yaşadacaqdır.
Vaqif AĞALAROV,
Naxçıvan Televiziyasının baş redaktoru
Xalq qəzeti.- 2017.- 17 sentyabr.- S.5.