Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz
Kəngərli adına Sərgi Salonunda “İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən birliyin sədri, Azərbaycan
Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib
ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində
keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla
Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı
Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan
Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk
iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə
olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu
il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan –
2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin
hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyi ilə Rəssamlar Birliyi tərəfindən
müsabiqənin əsasnaməsi hazırlanıb və həmin əsasnaməyə uyğun
olaraq təyin edilmiş münsiflər heyəti tərəfindən loqotip
seçilib. Müsabiqədə həm Naxçıvanda, həm də muxtar
respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar,
memarlar və tələbələr iştirak edib, 40-a yaxın iştirakçı
tərəfindən 70-dən çox loqotip təqdim olunub. Qiymətləndirmə
zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik
olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin
Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də
qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük
verilib.
Vurğulanıb ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı –
2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.
Həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun
əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan
loqotipdir. Burada Naxçıvanın həm türk, həm də İslam
mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir
tarixi rəmzlərlə çatdırıla bilib.
Ülviyyə Həmzəyeva loqotipin mənası barədə danışaraq deyib:
“Haçadağın təsviri onu ifadə edir ki, Naxçıvan qədim tarixə
malikdir və həmçinin naxçıvanlılar dağ kimi vüqarlı,
əyilməzdirlər. Dağın içərisində alovun təsviri həyat
əlamətini göstərməklə bərabər, həm də Azərbaycanın “Odlar
yurdu” olduğunu ifadə edir. Alovun içərisində yazılan Allah
sözü İslamın rəmzi, Naxçıvanın müqəddəs torpaq olduğunun
göstəricisidir. Ayparanın və onun üzərindəki bayrağın,
həmçinin ulduzun təsviri dövlətçiliyimizin ifadəsidir”.
Təklif olunan loqotip “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı – 2018” loqotipi kimi qəbul olunub. Ali Məclisin
Sədri Tapdıq Həmzəyevi qalib olması münasibətilə təbrik edib,
ona pul mükafatı verilib. Ülviyyə Həmzəyeva rəssamlara
göstərdiyi diqqət və qayğıya görə muxtar respublika
rəhbərinə birliyin üzvləri adından minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin şöbə müdiri Həsən Kərimov, Naxçıvan Muxtar
Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış
ediblər.
Loqotipin müəllifi Tapdıq Həmzəyev bildirib ki, Rəssamlar
Birliyinin digər üzvləri kimi, mən də müsabiqəyə qatılaraq 3
layihə təqdim etdim. Hazırladığım loqotipin seçilməsi məni
çox sevindirdi. Lakin mənim üçün ən böyük mükafat Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov
tərəfindən təbrik edilməyim oldu. Muxtar respublika
rəhbərinə əməyimə verdiyi yüksək qiymətə görə öz dərin
minnətdarlığımı bildirirəm.