Baharbənd geniş yayılmış milli atüstü oyunlardan biridir. Əsasən Novruz
şənliklərində keçirilən bu oyunda el igidləri öz şücaətlərini nümayiş
etdirirlər.
Oyunun qaydaları:
Oyunçu atı yorğa və yaxud çaparaq sürür,
atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini
bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri
döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə
ilə atdığı əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayır.
Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox bahar
fəslində Qarabağda meşə ilə əhatə olunmuş “bənd” adlı dağətəyi
düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və
təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək
edirmiş.