Haxışta - Azərbaycanda əsasən toylarda, novruz bayramında və digər el
şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növüdür.
Ha xışla ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül
hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən "Halay"
rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr
olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu
hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra
uca səslə "Haxışta" deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı
mətni "Meyxanada" olduğu kimi söyləyir. Rəqsi zərb alətləri (nağara,
qoşanağara, dümbək) ilə müşayiət etmək olar. Novruz bayramında haxışta
oyunu oynamaq adətdir.
Novruz bayramında oğlan və qızlar təzə paltar geyib çalıb
oynayır, yallı gedirlər, "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar.