Yumrta döyüşdürmə
oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və
cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi
bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır.
Yumurta döyüşdürmə oyununda
həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış
yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə
yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu,
"yumurtanı dadma" adlanır.
Oyunun qaydaları
Bilinəndə ki, döyüşdürülən
yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi,
ona:
- Əy, vurum, - deyir. "Əy,
vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir.
Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir
səhnəyə çevrilir:
Daş, daş...
Baş yumurtam,
Baş, baş...
Həci dayını
Yandırdım.
Bir səbətlik
Yumurtasını sındırdım.
Daş, yumurtam
Daş, daş...
Kimin oyun yumurtası çox
sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi
sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum",
"Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl
dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Döyüşmədə sındırılmış
yumurtalarla oyun daha maraqlıdır. Döyüşmədə uduzulmuş sınıq yumurtaları
sıraya düzürlər. Sonra buraya bir xoruz buraxırlar. Xoruz sıradakı hansı
yumurtanı dimdikləyirsə, sahibi sıradakı bütün yumurtaları udmuş
sayılır.
Bir oyun da bişmiş yumurtaları yoxuşdan üzüaşağı diyirlətməkdir. Hansı
yumurta daha uzağa diyirlənirsə, sahibi qalib sayılır.
Yumurta döyüşdürmənin
xüsusiyyətləri böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
(1866-1932) bir felyetonunda da özünə yer almışdır. Felyetondakı həmin
epizod belədir: "... məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir
dadırlar, yəni yumurtalarını dəyişdirib vururlar dişlərinə və sonra
qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağa. Məsələn, Əli
bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir. Əvvəl deyir:
- Tut!
Vəli deyir:
- Sən tut!
Vəli deyir:
Sən tut!
Axırda Əli tutur, çünki
bilir ki, tutsa da, Vəlinin yumurtası sınacaq.
Vəli də işi duyub vurmur, çünki bilir ki, yumurtası boşdur, sınacaq Əli
deyir:
- Vur!
Vəli vurmur. Əli yumurtasını yan tutur və deyir.
- Vur!
Vəli vurmur, çünki bilir ki, yumurtası sınacaq.
Əli yumurtanın künəsin tutur və deyir:
- Vur!
Vəli vurmur, bilir ki, yumurtası sınacaq. Sonra Əli hər yerdə Vəlini
görəndə yumurtasını açıq tutub Vəliyə deyir:
- Bax, tutmuşam, haradan vuracaqsansa vur!
Çünki Əli bilir ki, Vəlinin yumurtası boşdur".