E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

NUXADA AXUND FƏRƏCULLA CƏNABLARINA


Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər

Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.

Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!

Yaxşı, məgər şərab pis şeydi? Həyə buyursan ki, pis şeydi, onda mən də sənə ərz elərəm ki, elədə pəs nə səbəbə bir neçə il bundan irəli bilmirəm nə bayramında Nuxa məscidində naçalnik üçün şampanski açıldı! Hərçəndi naçalnik içmədi və dedi ki, mən məbədgahda çaxır içmənəm, amma naçalnikin ağlı olmadı içmədi, qeyri müsəlmanlar ki içdilər və mollalar ki, bir söz danışmadılar. Pəs indi sən nə deyirsən?

Mən ölüm, cənab axund, özünü ortalığa salıb xalqı üstünə güldürmə. Hələ xeyrata və ehsana nə deyirsən?

Sənin qəsdin budur ki, tələbələr, seyid və mollalar acından ölsünlər? Yadındadırmı bir neçə gün bundan irəli bir qoca kişini göndərdilər xəstəxanaya və bir neçə gündən sonra kişi azarxanada öldü?
Pəs nə üçün əfəndilər buyurdular ki, gərək ehsan verilsin və kişinin qab-qazanını satıb üç gün ehsan verdilər…

İndi pəs buna nə deyirsən!

Cənab Axund Fərəculla Pişnamazzadə72, sənin sözlərindən bu çıxır ki, şərab da götürülsün, keflənmək də götürülsün, qumar da götürülsün, kasıb ölülərə ehsan vermək də götürülsün. Mən bilmirəm ki, bu işlərin sənə nə zərəri var? Yaxşı, çaxır içənlər sənin pulun ilə çaxır içmirlər ki? Sənin pulunu qumara uduzmurlar ki? Fəqir
ölüyə ehsan verəndə səndən ki, pul istəmirlər?

Dəxi nə atılıb düşürsən?

Hələ bundan savayı səndən çox gileyim var, çünki keçənlərdə də mollaya şayistə olmayan bir para işlər başlayıbsınız. Məsələn, götürək qız məktəbini. Hələ bu nə işdi?

Mən ölüm, lotu-lotuyana, dinc otur: mərdüməzarlıq yaxşı deyil.

Dərdmənd

“Molla Nəsrəddin”, 5 avqust 1907, № 29


<< Geri