E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

SİRKƏ


Bu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.

Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.

Dərdmənd

“Molla Nəsrəddin”, 31 Mart 1907, N.13


<< Geri