E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

MƏKTUB


Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..

İndi gələk mətləb üstə.

Sən deyirsən ki, biz müsəlman arvadları da gərək üzüaçıq gəzəkvə bu iş guya xilafi-şər deyil. Sözünü qüvvətləndirmək üçün Qurandan da ayələr gətirib deyirsən ki, hansı alim üz açmağı Quranın hökmü ilə haram bilirsə buyursun, cavab verməyə hazırıq, amma orada bir quyruq qoyursan ki, “qayırma hədislər ilə işim yoxdur”. Mən bilmirəm qayırma hədis nəyə deyirsən? Hədisin də qayırması olarmı? Mollalar həmişə bizə söylədiyi hədislərdir və o hədislərdə də yazı-
lıbdır ki, naməhrəmə görünən və üzüaçıq gəzən arvadlar o dünyada cəhənnəm oduna yanacaqlar və üzlərinə cəhənnəm damğası basılacaqdır. Amma molla qismi məhrəmdir. Sən yazdığın ayələri mənəvvəlinci dəfədir ki, eşidirəm. Kim bilir, bəlkə o ayələri sən özündən qayırıbsan!

Tutaq ki, arvadların üzüaçıq gəzməyinə şəriət yol verir və sən yazdığın ayələr lap Quranın ortasındandır. Amma söz budur ki, sən işin bir tərəfini bilirsən, o biri tərəfini bilmirsən. Sən bilmirsən ki,
bizim üzüaçıq gəzməyimizə şəriət yol versə də kişilər yol vermir.

Mən tək öz ərlərimizi demirəm, hamı müsəlmanları deyirəm. Dad müsəlman kişilərin əlindən! Vallah, onlardan bizə gün-dirilik yoxdur. Vay odur ki, evdən çölə çıxaq. Hər yerdə ki, müsəlmana rast gəldik – bazarda, küçədə, yolda – gərək bərk-bərk gizlənək. Çünki gözlərini zilləyib bizə bir sayaq baxırlar ki, az qalırlar çadranın altından gözləri ilə bizi yeyələr.

Amma erməni, urus belə deyil: onlar bizə heç məhəl-güzar olmurlar və başlarını aşağı salıb öz yolları ilə gedirlər və o səbəbə biz də onlardan çəkinmirik, amma müsəlmanlardan bizə aman yoxdur. İndi işdi bir erməni dükanına girərsən ki, üç-dörd arşın çit alasan, o saat görürsən ki, dalınca haman dükana şey almaq bəhanəsilə bir müsəlman girdi ki, baxıb sənin üzünü görsün, sən də kor-peşiman oradan çıxıb gedirsən.

A kişi, hələ sənin xəbərin yoxdur ki, dəmiryol ilə gedəndə bizim başımıza nələr gəlir və nə zəhmətlər çəkirik: hərgah sən oturduğun vaqonda bir müsəlman olsa, işin bitibdir. Saatda yüz dəfə laziməsız, sən oturduğun yerdən gəlib o tərəfə gedəcək, bu tərəfə keçəcək, qoymayacaqdır ki, bir dəqiqə rahat nəfəs alasan. Və bundan eləcə Tiflisdən tutdun Bakıya kimi bir stansiyada akoşkanı açıb nəfəs ala bilmirik, o saat müsəlman əclafları bizi görən kimi papaqlarını dikəlib gəldib akoşkanın ağzını kəsdirirlər. İşdi göy-çəksifətli arvad görəndə də başlayırlar duzsuz və çirkin sözlər atmağa. Mənim kimi qarının sifətini görəndə imanına söyüb tüpürüb gedirlər.

Vallah, az qalıbdır ki, bu ağbirçək halımda başıma rus şlyapası qoyam, ta ki məni tanımayıb farağat qoyalar.

Əlbəttə, kişilərimiz də yoldaşlarının belə pis işlərini görüb bizə bərk qadağan edirlər çadrasız qonşuya cəhrə-daraq almağa da getməyək.

Sən elə şəriətdən danışırsan, şəriət deyil bizi bu günə salan, avam müsəlmanlardır. Nə olar ki, molla kişisən, bu müsəlman qardaşlara bir öyüd-nəsihət verəsən ki, bizləri rahat qoysunlar!..

Cəhrəçi xala

“Molla Nəsrəddin”, 26 may 1907, №21


<< Geri