Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc
olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli,
namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi
adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi
nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı
müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla
Nəsrəddin şəriəti istehza edir”.
Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz
sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf
sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti
üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və
Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə
ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və
namusdan bir mərrə uzaq və şəriətdən
kənar bir işdir.
Şəriət sahibi belə oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara
rəva görməzdi və belə qülu biyabani əməllərini şəriətə isnad vermək özü
küfrdür.
Şəriətdən əbəda xəbəri olmayan ordubadlı Kərbəla və Məşədi
qardaşlarımızdan xahiş edirik, qulaq verib görsünlər ki, şəriətdə
“zövci-axər” məsələsinin mənası nədir.
Şəriət buyurur ki, “üç talaqdan sonra ər övrətini dəxi ala bilməz, illa
gərək övrət gedə özgə ərə və aradan o qədər keçə ki, kişi övrəti öz xoşu
ilə boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri
təsadüfən rast gəlsə məhz o vədə haman övrəti ala bilər”.
Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq
versinlər Ordubadın qırmızısaqqallıları, sarıbeyinləri.
Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim
xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxada
Dərdimənd övrətini üç talaqdan sonra verir kor Hafizə, üç gündən sonra
gedib yalvarır ki, “sən allah övrətimi ver özümə”, zəmanə ki, biz
görürük Naxçıvanda Hacı Zeynal üç talaqdan sonra övrətini verir
tulambarçasına və üç gündən sonra gedib yalvarır ki, “sən allah mənim
övrətimi boşa mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik
ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şəriətindən bu
dərəcədə kənara çıxıbdır və nə səbəbə qardaşlarımız belə ismətsiz
adətlərə mürtəkıb olublar.
Biz qüssə edirik ki, nə səbəbə bizim bir parə mollalarımız Allahın
yolunu binəva müsəlmanlara necə ki lazımdır göstərmirlər. Biz dərd
edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus
və qeyrətdən, dindən və şəriətdən bu dərəcə kənar düşüblər. Budur bizim
sözümüz.
Qoy hər kəs nuxalı Dərdiməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və
məzaqlarını xoşluyur xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm
nənə əməllərini təsdiq edirsə etsin, qoy üç talaqdan sonra övrətlərini
bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, amma biz deyirik ki,
şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin
əsla xəbəri yoxdur.
Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin” Jurnalı. 25 iyun 1907, № 23