E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın məshəti türklər (o illərdə axalsıx türkləri) yaşadığı Axalsıx qəzasında anadan olmuşdur. 

 

 

1882

·    İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur.

1891

·  Həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır

1894

· Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. 

1896

·   Yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olmuşdur. 

1898-1900

·     Şəkidə came məktəbində müəllim işləmişdir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və türk dili fənlərini tədris etdirmişdir. 

1903

·    Mart ayının 30-da nəşrə başlamış, Məhəmməd ağa Şahtaxtlının baş mühərriri olduğu "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir bəy Hacıbəyov, Rəşid bəy İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə qəzetinin redaksiyasında işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur.

1905

·   "Şərqi Rus" bağlandıqdan sonra Ömər Faiq, qələm dostu Cəlil Məmmədquluzadə ilə birlikdə qəzetin mətbəəsini alıb "Qeyrət" adı ilə dəyişdirdilər və burada innovativ, dövrlə, zamanla hesablaşan kitablar nəşr etməyə başladılar. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ yaranır. Mollanəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz "Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur.

1906

·   İlk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur. Həmin ilin aprel ayında onların birgə səyləri ilə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi ortaya çıxdı.   

1917-1920

·   Ən fəal işlərindən biri  Axısqa bölgəsindəki fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası Axısqa hökuməti-müvəqqətəsinə hökumət rəisi seçilmişdir.

1920-1921

·    Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O,  illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir.

1924

·   Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. 

1927 

·     Pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "Xatirələrim" üzərində çalışmışdır. Lakin müəllif bu xatirələri bitirə bilməmişdi.

1937

·    Yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir.

1958

·     Gürcüstan SSR Ali məhkəməsi ona bəraət vermişdir. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır.

2022

·  Azərbaycan Respublikası Prezidenti  Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır

<< Geri