Elçinin məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya
estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşağında
bərqərar olmuşdur. Yazıçının dili bulaq, bulud kimi axan, qəlbə yatan, insana
rahatlıq gətirən, saf, duzlu, şirin, zəngin
bədii dildir.
Bədii yaradıcılığa Anar, Əkrəm Əylisli və bir çox başqaları
ilə başlayan, buna və keçən əsrin 60-cı illərində birgə yaradıcılıqlarında
yeni yolla getdiklərinə görə ədəbi aləmdə “60-cılar”
kimi tanınan nəslin ən görkəmli nümayəndələrindən biri Elçindir.
Onun istedadı imkan verib ki, bədii əsərlərində, ələlxüsus
romanlarında həyatın hər yazıçıya qismət olmayan qatlarına enə
bilsin. Başqalarının görə bilmədiklərini görə bilsin, yeni yolla
gedə bilsin, oxucuya bənzərsiz əsərlər bəxş edə bilsin”.
***
Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan,
poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan,
Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən, fəlsəfi
poeziyamızın əsasını qoyan qüdrətli sənətkar İmaməddin
Nəsimi zəngin irs qoyub getmişdir.
***
Elə şəxsiyyətlər var ki, haqqında söz demək istəyəndə ona
layiq sözləri diqqətlə seçir, ifrata varmaqdan və oxucuların məzəmmətindən
çəkinirsən.
Elə şəxsiyyətlər də vardır ki, haqqında ən mötəbər sözləri
belə deməkdən çəkinmirsən. Bilirsən ki, verilən qiymət onlara
ana südü kimi halaldır.
Neçə illərdən bəri əxlaqına, mədəniyyətinə, elminə, dünyagörüşünə,
sadəliyinə, təvazökarlığına, bir dost kimi sədaqətinə,
poeziyamızı, musiqimizi, bir çox dilləri gözəl bilməyinə, insanlarla
bənzərsiz ünsiyyət qabiliyyətinə, bəlağətli nitqinə heyran
olduğum, üzündən, gözündən, kəlamından nur yağan professor Vasim Məmmədəliyev belə şəxsiyyətlərdəndir.
***
Fəxarətlə vurğulanmalıdır ki, ədəbiyyatşünaslığımızın,
ədəbi tənqidimizin son yarım əsrlik inkişaf mərhələləri akademik
Bəkir Nəbiyevin adı ilə birbaşa bağlıdır. O, humanitar nəzəri
fikrin, obyektiv tənqidin qaynar nöqtələrində totalitar inkarçılıq
stixiyasından uzaq, alim prinsipiallığı, ləyaqətli vətəndaş
mövqeyi ilə seçilən nadir şəxsiyyətlərdəndir. Bəkir Nəbiyev
respublikamızda və onun sərhədlərindən kənarda elm təşkilatçısı
və ədəbiyyat tarixçisi kimi də yaxşı tanınır.
Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü
kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən
doymursan. Onlardan biri, bəlkə də, birincisi akademik Bəkir Nəbiyevdir.
Bəkir müəllim ömrünün mənasını yazıb-yaratmaqda, xalqa
xidmətdə görür. Bu isə gənclərə, lap elə biz yaşlılara da örnək
olmaq baxımından dəyər kəsb edir. Başqalarına örnək, nümunə
olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim alın təri,
yuxusuz gecələri, halalca zəhməti ilə qazanmışdır - desək həqiqətdən
kənar olmaz.
***
Budaq müəllimin elmi fəaliyyətinə toxunmadan onun insani
keyfiyyətləri barədə söz açmağı özümə borc bildim. Budaq
müəllimi tanıdığım bütün bu illər ərzində onun əsl insana
xas olan bir çox gözəl keyfiyyətləri məni valeh edib, daim ona
oxşamağa çalışmışam. Söhbət Budaq müəllimin sadəliyindən, mehribanlığından,
təvazökarlığından, nəcib, nurlu, geniş məlumatlı
olmağından, imanlı ağsaqqal, kamil insan, böyük bir
örnək məktəbi, öz sahəsində zirvədə duran alim, ali və bütöv
şəxsiyyət olmağından gedir.
***
Hörmətli Nəriman müəllim! Bu günlərdə “Yazıçı” nəşriyyatının buraxdığı “Sən bağışladın”
kitabınızı oxudum və sevindim. Ona görə sevindim ki, yeddi
çap vərəqi həcmində olan bu kitab məni dünyanın 7 iqlim
qurşağına səyahətə sövq etdi və dərindən-dərinə düşündürdü.
Bu, bir həqiqətdir ki, informasiyanın aşıb-daşdığı bir zamanda
nə hər yazılan kitabı oxumağa, nə də onun haqqında düşünməyə
vaxt qalır. Digər tərəfdən hər oxunan kitab da adamı düşündürmür.
Sizin kitabınız isə doğrusu, məni düşündürdü.
İstər ictimai-siyasi şeirləriniz, istər dünya hadisələrinə münasibətiniz,
onlara cavabdehliyiniz, alim-şair kimi gözəl fəlsəfi
ümumiləşdirmələriniz, istərsə də həyatın əşrəfi olan insana məhəbbətiniz,
bəzən də nifrətiniz təbiiliyi, bəşəriliyi ilə fərqlənir.
***
Atalar sözü və məsəllər xalqın tarixi inkişaf mərhələlərini,
həyat tərzini, dünyagörüşünü, təfəkkürünü, inam və etiqadını,
adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir,
tarixi sənədlərdir. Odur ki, müxtəlif elm sahələrində
çalışan tədqiqatçılar bu mənəvi incilərə istinad edir, onların vasitəsilə
müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. Tarixçi
atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə dair
məlumat baxımından, hüquqşünas onları xalq həyatının yazılmamış
qanunları baxımından, etnoqraf atalar sözü və məsəlləri
unudulub getmiş adət-ənənələrin hifz olunub saxlandığı
mənəvi dəyərlər mənbəyi baxımından qiymətləndirir. Filosof
onların vasitəsilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq
aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü
və məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksikqrammatik
qayda-qanunlarını tədqiq etmək işində əvəzsiz
mənbə nöqteyi-nəzərindən yanaşır.
Azad Nəbiyevin sanballı “Azərbaycan xalq ədəbiyyatı”
dərsliyinin şifahi xalq ədəbiyyatımızın sistemli şəkildə öyrənilməsində
xüsusi yeri olacağına şübhə yeri qalmır. Bu qiymətli
əsərin folklorumuzun özü qədər uzunömürlü və yeni folklorşünaslar
nəslinin yetişməsində gərəkli olacağına inanıram.
***
Bəhlul Abdulla Azərbaycan folklorşünaslıq elminin nəzəri
əsaslarını hazırlayan, bu sahədə məktəb yaradan M.H.Təhmasibin
yeganə əyani aspirantı olub.
Bəhlul Abdulla müəlliminin saldığı yolla gedərək beynəlxalq
arenaya çıxan, təkcə türk aləmində deyil, keçmiş sovetlər
məkanında da sayılıb-seçilən alimlərdəndir. O, folklorşünaslıq
elmi sahəsində mötəbər söz demək mərtəbəsinə yüksəlmiş, xarici
ölkələrdə alim, professor, elm xadimi mənasında işlənən
akademik titulundan başqa alın təri, titanik zəhməti sayəsində
yerdə qalan bütün titulları qazanmışdır.
Yuxarıda dediyimiz kimi, prof. Bəhlul Abdulla çoxşaxəli
yaradıcılıq diapazonuna malik folklorşünaslarımızdandır. Həqiqətən
də, folklorumuzun elə bir janrı yoxdur ki, orada Bəhlul
Abdulla qələm çalmasın. Bu, onun hərtərəfli elmi biliyə sahib
olmağından xəbər verir.
***
Hər bir yaradıcı ziyalının şəxsiyyəti onun sənətinin məğzini,
məqsəd və mahiyyətini, mənəvi bütövlüyünü ifadə edir. Bu
mənada Hüseyn Arif poeziyası elə bir dəryadır ki, bu dəryada
hər kəs qiymətli söz incisi tapa bilər. “Söz seçimi özü şair
zövqündən xəbər verən” ədəbi priyomdur. Hüseyn Arif yaradı
cılığına diqqətlə nəzər yetirsək, şairin epik poemalarından tutmuş,
kiçik həcmli şeirlərinin hər qatından dərin lirizm, təbiət
və insan psixologiyasının harmonik təsviri, həyata və zamana
fərdi münasibəti, soykökündən irəli gələn Azərbaycan folkloruna,
ümdə aşıq şeiriyyətinə (dastan, qoşma, təcnis, müxəmməs,
qıfılbənd, gəraylı və i.a.) bir yaxınlıq, bir doğmalıq, bir
məhrəmlik hökmfərmandır. Haqlı fikirdir ki, Hüseyn Arif poeziyası
kükrəyib çağlayan saf bulaqdır, xalq təfəkkürünə yaxınlıq,
məntiqi fikir, fəlsəfi dərinlik onun poetikasının əsas dayaq
nöqtəsidir.
***
Böyük coşğunluqla yazıb-yaradan, sağlığında klassikləşən,
çağdaş aşıq sənətinin memarlarından olan, yaratdığı 12 aşıq
havası və zəngin poeziyası ilə əbədilik qazanan Azaflı Mikayıl
sözün həqiqi mənasında ustad aşıq, el şairi və bəstəkar idi.
***
Aşıq Əkbərin poeziyasında ustad aşıqların yaradıcılığında
özünü göstərən, demək olar ki, bütün şeir şəkillərinə rast gəlinir.
Buradakı qoşmalar, gəraylılar, gözəlləmələr, təcnis,
müxəmməs, divanilər, ustadnamələr və s. cilalanmış, rəvan dillə
qələmə alınmış poeziya nümunələridir. Coşqun şairlik təbii
olan aşığın şeirlərini oxuduqca sanki doğma Azərbaycanı səyahətə
çıxırsan. Burada ölkəmizin elə bir guşəsi yoxdur ki, ilhamla
tərənnüm edilməsin.
***
Bu gün çəkinmədən deyə bilərik ki, yarandığı vaxtdan
“Aşıq Pəri məclisi”nin bütün uğurları birbaşa Narınc Xatunun
adı ilə bağlı olmuşdur. Məhz buna görə də gördüyü işin miqyasından
asılı olmayaraq, xalq qarşısında xidməti olanlardan söz
düşəndə, ömrünü ulu saz-söz sənətinə, onun təbliği və tərənnümünə həsr edən
Narınc Xatunun adı da çəkilir.
***
Elmi yaradan alimdir, lakin alimi yaşadan və ona əbədiyyət
gətirən elmdir.
***
Xalq öz görkəmli oğullarını dünyaya gətiri, ona ilham verir,
aləmə tanıdır. Lakin vaxt gəlir ki, xalqın iftixarı olan belə
sənətkarlar xalqını dünyaya tanıdır. Bəs bunun sirri nədədir?
Bizcə, bunun əsas səbəbi yaradıcı insanın bəşəri olması, bəşəri
olduğu qədər də milli kökə bağlılığındadır.
***
Aşıq sənəti elə bir aləmdirki, onun cazibəsinə düşən çətin
ki, bir də onun sehrindən ayrıla bilsin.
***
Con Steynbekin həyat həqiqətlərinə sədaqəti, “orta amerikalı”
nın faciəli taleyini tam çılpaqlığı ilə açıb göstərməsi, kapitalizmin
dayaqları olan bankirləri, sindikatları, sahibkar elitanı
qəzəbləndirmişdi. Ölkənin ictimai-siyasi həyatında hadisə olan
əsərin yayılmasına qadağa qoyulmuşdu. Bununla belə, “Qəzəb
salxımı” öz işini görürdü. Əl-əl gəzən əsər xalqın içərisində
üzüm salxımı təki tədricən yetişir, qəzəbin necə ətə, şirəyə-zəhərə
döndüyünü əks etdirirdi.
***
İlləri-illərə calayıb çox yaşamaq hünər deyil. Hünər mənalı
yaşamaq, gələcək nəsillərə gərəkli olan nəsə qoyub getməkdir.
Bu baxımdan Rasim Kərimli (01.05.1932-24.06.1996) xoşbəxt
taleli insanlardandır - desək, həqiqətdən kənar olmaz. Rasim
Kərimli Yaradandan verilən ömür payında istedadlı bir şair kimi
bir-birindən maraqlı və oxunaqlı kitablar qoyub getdi.
Rasim Kərimli xalq ruhunda yazan, xalqın qəlbinə asanlıqla
yol tapan, sevilən şairlərdən idi.
Cəmi beş yaş fərqlə bir kənddə boya-başa çatdığım şairin
yoxluğunu ürək ağrısı ilə xatırlayıram. Təsəllini onda tapıram
ki, şairin “Dostluq ilk sözümdür” (“Gənclik” - 1969), “Şəfqət
bulağım” (“Gənclik” - 1975), “Dünya mərdlər dünyasıdır”
(“Gənclik” - 1979), “Biləydin kaş” (“Gənclik” - 1983), “İntizarda
qoyma məni” (“Yazıçı” - 1991) kitablarını vərəqlədikcə
ölümün nə olduğunu bilmədiyimiz illər göz önünə gəlir.
***
İnsan bir neçə dildə danışa bilər, lakin əsl poeziya nümunələrini
bir-iki dildə yarada bilər. Zaman və mühiti nəzərə alaraq
güman etmək olar ki, Nəsiminin vaxtında və hətta ondan
da çox-çox əvvəl hakim dil ərəb dili olduğundan, Azərbaycan
dilindən ərəb dilinə bədii tərcümə təcrübəsi olub. Kim bilir,
bəlkə də, indi ərəbdilli azərbaycanlı şair kimi tanıdığımız yazarların
çoxu vaxtında azərbaycanca yazıb, əsərləri oxunub-yayılmaq
üçün ərəb dilinə tərcümə edilib.
***
Yazıçının dili o qədər ürəyəyatandır ki, oxucunun qəlbinə
məlhəm kimi yayılır.
***
Təcrübə göstərir ki, tərcümə edilən əsər ilə orijinal arasındakı
məsafə nə qədər qısa olarsa, tərcümə bir o qədər keyfiyyətli
çıxar, maraqlı oxunar. Bunun da bircə çarəsi var: orijinaldan
tərcümə etmək!