E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR

QƏZƏNFƏR PAŞAYEV  HAQQINDA


Elmi ictimaiyyət Qəzənfər Paşayevi “Kərkük folklorşünaslığının banisi” adlandırır və bu, həqiqətdir, Kərkük azərbaycanlılarını yenidən Azərbaycançılıq düşüncəsinin faktına çevrilməsində bu ədibin həlledici xidmətləri var. Mən “ədib” ifadəsini təsadüfən işlətmədim, çünki Qəzənfər Paşayev sadəcə ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədibdir və bu ədibin yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdən biri onun qələminin səmimiliyidir - nə yazırsa, səmimi yazır, nəyi tərcümə, yaxud tədqiq edirsə, sevərək edir, onda “zorən-təbib”lik yoxdur. Mən həmişə onun nəşr etdiyi folklor nümunələrinin səmimiliyi ilə onun qələminin səmimiliyi arasında çox üzvi bir vəhdət hiss etmişəm.

Elçin, Xalq yazıçısı, professor


Professor Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslığının elmi əsaslarını yaratmış görkəmli Azərbaycan alimidir. O, eyni zamanda klassik və müasir Azərbaycan ədəbiyyatının əsas yaradıcıları, görkəmli nümayəndələri olan ədəbi simalara həsr edilmiş ciddi elmi əsərlərin müəllifidir. Qəzənfər Paşayev Xalq yazıçıları Anar və Elçin, Xalq şairləri Hüseyn Arif və Fikrət Qoca, ədəbiyyatşünas alimlərdən Abbas Zamanov və Bəkir Nəbiyev haqqında da sanballı elmi əsərlər meydana qoymuşdur.

***

Azərbaycan oxucusuna təqdim edilmiş yeddicildlik “Seçilmiş əsərləri” Qəzənfər Paşayevin 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin, müdriklik və kamilliyinin, zəhmətkeşlik və fədakarlığının nümunəsi kimi meydana çıxmışdır. Bu, Azərbaycan dəbiyyatşünaslıq elmində ilk yeddicildlik kimi də mühüm əhəmiyyətə malikdir... Fikrimcə, Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcısıdır. Nəinki Azərbaycanda, yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı göstərmək çətindir.

İsa Həbibbəyli, akademik


İraq türkmanları ilə bağlı dərin və sanballı tədqiqatları Qəzənfər Paşayev aparmışdır. Paşayev bizim o ziyalılarımızdan, o böyük alimlərimizdəndir ki, yalnız bir sahə üzrə işləməyib. Biz onu gözəl dilçi, folklorşünas, etnoqraf, tərcüməçi və s. kimi tanıyırıq. Q.Paşayev bizim alimlərimiz içərisində bəlkə də ən çox iş görən və ən təvazökar tədqiqatçılardandır. O, böyük bir institutun görə bilməyəcəyi işi görmüşdür. Bu da onun bizim bu günkü ədəbi-ictimai həyatımızda mövqeyini xüsusilə möhkəmləndirir. Bu qədər böyük işləri başqa birisi görmüş olsaydı, yəqin onun ədası yerə-göyə sığmazdı.

Nizami Cəfərov, akademik


Azərbaycanın İraqla əlaqələri çox qədimdir. Ölkəmizin bu qardaş diyarda ilk mədəniyyət və mənəviyyat təmsilçisi dahi şairimiz Məhəmməd Füzuli olub. Bu gün Qəzənfər Paşayev həmin missiyanı ləyaqətlə yerinə yetirir. O, türkman qardaşlarımızı bir daha bizə tanıtdı, yenidən doğmalıq köynəyindən keçirdi – səmimiyyəti, qayğıkeşliyi və böyük təbiətilə...

Anar, Xalq yazıçısı


Sən İraqda 6 il rəsmi bir vəzifədə işləyərkən, bu sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Rəsmi vəzifə borcun sənin İraqda olduğun müddətin çərçivəsində qaldı. İçində qımıldanan səsin əmri ilə yerinə yetirdiyin mənəvi vəzifə isə heç bir müddətə sığmır, müddətin çərçivəsini dağıdıb tarixə qovuşur. Çünki sən bu vəzifəni yerinə yetirməklə özünə deyil, bir-birindən ayrılmış böyük bir xalqa xidmət etdin. Şəxsi borc və ictimai borc burada haçalanır. Şəxsi borcu ödəməklə insan özünə, ictimai borcu ödəməklə isə xalqa xidmət etmiş olur.

Bəxtiyar Vahabzadə, Xalq şairi


İraq türkmanlarını, onların çox zəngin mənəviyyat xəzinəsini öz əsərləri ilə Azərbaycan üçün, müəyyən mənada, bəlkə də bütün türk elləri üçün, məhz Qəzənfər müəllim kəşf etmişdir... O, böyük vətənpərvər ziyalıdır. Tarixən Azərbaycanda üç ziyalı tipi olub: ənənəvi Şərq ziyalı tipi, Rus-Qərb ziyalı tipi və hər ikisinin uğurlu sintezindən ibarət olan yeni Azərbaycan ziyalı tipi. Prof. Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalılarımızdandır.

Bəkir Nəbiyev, akademik


İstedadı və gərgin əməyi sayəsində Qəzənfər Paşayev bu gün Azərbaycanda İraq türkman dili və ədəbiyyatının, türkman folklorunun ən gözəl bilicisi, beynəlxalq aləmdə isə bu sahənin ən görkəmli mütəxəssislərindən biri hesab edilir. Qəzənfər Paşayev İraq türkman dili, ədəbiyyatı və folkloruna dair bir sıra fundamental əsərlərin müəllifi və tərtibçisidir... Cəsarətlə deyə bilərik ki, Qəzənfər Paşayev “Altı il Dəclə- Fərat sahillərində” kitabından başqa bir şey yazmasaydı belə,təkcə bu əsər onun bir ədib kimi şöhrət qazanması üçün kifayət idi. Kitabı Azərbaycan dilində olduğu kimi, ərəb dilində də ürəksiz, həyəcansız oxumaq mümkün deyildir.

Vasim Məmmədəliyev, akademik


Qəzənfər Paşayev bizim nəslə gözəl əxlaqı ilə nümunə olub, örnəyə çevrilib. O, gözəl ziyalı, gözəl ailə başçısı və gözəl əmi obrazıdır. Bütün məqamlarda adının, milli kimliyinin qarşısında bu epiteti işlətmək olar.

Qənirə Paşayeva, millət vəkili


Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbaladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır.

Yaşar Qarayev, AMEA-nın müxbir üzvü, professor


Altıillik səmərəli zəhmətin əbədiləşən səhifələrini nəzərdən keçirdikcə Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq və jurnalistlə, ən ümdəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş şərqşünas bir mühasiblə üz-üzə dayanırıq.

Qasım Qasımzadə, professor, şair-alim


Həqiqətən bu gün azərbaycanşünaslıqda kərkükşünaslıq adlı müstəqil bir elm sahəsi var. Bu elm sahəsi Kərküktürkman elinin, dilinin, folklorunun, tarixinin bir sintez şəklində təqdimidir. Onun qurucusu prof. Qəzənfər Paşayevdir... Prof. Q.Paşayevin monoqrafiyaları və tərtib etdiyi kitabların sayı 40-dan artıqdır. Düşünmək olardı ki, o, folklorşünas, ədəbiyyatşünas, tərcüməçi, publisist kimi xalq arasında yaxşı tanındığına, bu sahədə nüfuz sahibi olduğuna görə bir daha dilçilik aləminə qayıtmaz. Lakin belə deyilmiş. “Dilimiz-varlığımız” kitabını (Bakı-2011) oxuduqca gözlərimiz önündə qədirşünas bir dilçi alim canlanır.

Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor


Tanınmış elm və maarif xadimi, f.e.d., prof. Qəzənfər Paşayev iraqlı soydaşlarımız olan kərküklülərin folkloru, dili və ədəbiyyatı haqqında yazdığı dəyərli əsərləri ilə turan elində böyük ad-san qazanmışdır.

Ağamusa Axundov, akademik


Prof. Sula Benetin çox maraqlı “Necə yaşayasan yüzü haqlayasan” əsərini ingilis dilindən Azərbaycan dilinə Qəzənfər Paşayev yüksək peşəkarlıqla tərcümə etmişdir. Əsər azərbaycanlı oxuculara layiqli töhfədir. Əlçatmaz, ünyetməz uzaq Amerikanın bu töhfəsini bizə yaxın edən, doğma edən Qəzənfər Paşayevə minnətdarıq.

Teymur Bünyadov, akademik


Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ayrı ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir... İftixarla söyləyə bilərik ki, artıq o, Əta Tərzibaşı qədər dəyərli bir araşdırıcımızdır.

Mahir Naqib, professor


Gözəl niyyətlə yazılan və gerçəyi olduğu kimi ortaya qoyan çox qiymətli “Altı il Dəclə-Fərat sahillərində” kitabı İraq Azərbaycan dostluğunun tarixinə çağlar boyuna işıq tutacaq və bu iki ölkə arasındakı ədəbi əlaqələrin də sürətli bir biçimdə inkişafına kömək göstərəcəkdir. Kitabı ərəb dilinə tərcümə edərək Bağdadda çap etdirməyimiz, hər şeydən əvvəl bununla bağlıdır.

Dr. Əbdüllətif Bəndəroğlu, ədəbiyyatşünas-alim


Professor Qəzənfər Paşayev “İraq türkman ocağı”nın həm maddi, həm də mənəvi memarıdır. Hər şey onun əsəri sayılır. Tabloların, rəsmlərin, bəzənmiş salonların təmir işlərinin xərcini özü çəkmişdir. Muzeyi əhatə edən kitabları alim İraq və Türkiyədən gətirmişdir... Türkman folkloru mütəxəssisi prof. Q.Paşayevin hazırladığı proqram son dərəcə dinamik və təsiredici idi. İhsan Doğramacı söz və nəğmələrlə bəzənmiş səhnələr qarşısında dərin bir səssizliyə dalmışdı və xatirələrin həzin səsləri altında ruhunu dinləyirdi... Bu hisslər Doğramacını illərin, ayların dolaylarına götürmüşdü... Müğənnilərin oxuduğu Kərkük mahnılarının qucağında yer-göy Kərkük, Ərbil olmuşdu.

Cəlal Ərqut, professor


Qəzənfər Paşayevin “İraq türkman folkloru” kitabı bilimsəl və orijinal bir şəkildə Kərkük və Azərbaycan folklorunun müştərəkliyini ortaya qoyan müstəsna və nadir bir çalışmadır. İzzəttin Kərkük, “Kərkük” vəqfinin təsisçisi və başqanı Prof. Qəzənfər Paşayev, əslində, azərbaycanlılara Kərkük dünyası üçün bir pəncərə açdı və Bakıda İraq türkmanlarının bir elçisi oldu.

Suphi Saatçı, professor


“Altı il Dəclə-Fərat sahillərində” kitabı məndə dağ seli kimi coşğun hisslər, xatirələr oyatdı. Oradakı zəngin məlumat, yeri düşdükcə incə yumor, səlis, ahəngdar dil, dost ölkəyə səmimi hörmət və məhəbbət hissi son on-on beş ildə oxuduğum xatirə oçerklərinin, publisistik kitabların içərisində bir oxucu və həmin ölkəni tanıyan, bilən və sevənlərdən biri kimi məni çox həyəcanlandırdı. Ona görə də kitabın müəllifinə səmimi təşəkkürümü bildirirəm.

Əzizə Cəfərzadə, yazıçı, professor


İraq türkmanlarının folklorunu azərbaycanlı qardaşlarımıza tanıtmaq üçün bir çox araşdırmalar yapan Q.Paşayevin əsərləri Oğuz kökündən və soyundan olan Azərbaycan türkləriylə İraq türklərinin dil və folklor baxımından nə qədər bir-birlərinə bağlı olduqlarını açıqca göstərməkdədir.

Mustafa Arqunşah, professor


“Bilmirəm haralıyam, torpağım, daşım qərib” – deyən kərküklülərin bayatılarından, xalq mahnılarından, atalar sözlərindən, tapmacalarından ibarət nəfis nəşrlər (biz hələ “Altı il Dəclə- Fərat sahillərində“ adlı məşhur kitabı demirik) son illərdə oxucularımızın kitab rəflərini bəzəməkdədir. Bütün bunlar uzun illərdən bəri kərküklülər içərisində işləyən Qəzənfər Paşayevin Kərkük folklorunu toplamaq sahəsində gördüyü gərgin işinin, fədakar yaradıcı əməyinin nəticəsidir.

Azad Nəbiyev, AMEA-nın müxbir üzvü, professor


“Altı il Dəclə-Fərat sahillərində” azərbaycanlı alim, professor Qəzənfər Paşayevin nəinki ölkəmizə məhəbbətini, hətta müəllifin İraqın mədəni, tarixi və siyasi əhəmiyyətini dərk etdiyini nümayiş etdirir. Bu kitabın vətənimizin tarixi ilə ilk dəfə tanış olan əcnəbi oxucular üçün yazılmasına baxmayaraq müəllifin İraqın ictimai-ədəbi həyatına ekskursiyalarının təfsilatları kitabı iraqlı oxucular üçün xüsusi bir layihə ilə süsləndirir… Kitab bizi oba-oba gəzdirir, İraqın elm və mədəniyyət mərkəzləri ilə tanış edir. Əsər iraqlı oxucuda bu ölkəyə mənsub olması fəxr hissi və kitabın hörmətli müəllifinə və mütərcim dostumuz şair Əbdüllətif Bəndəroğluna dərin minnətdarlıq hissləri oyadır.

Əbdülhəmid Həmudi,

“Əs-Saura” (İnqilab) qəzeti, Bağdad


İraq türkmanlarının ədəbiyyat və folkloru ilə ilgili yazılarınızla bizi çox məmnun edirsiniz. Bu qymətli incələmələrinizi çox diqqətlə oxuyuruq… Söz vermişdim, sizə Azərbaycan- Kərkük ədəbi birliyinə dair bir yazı göndərim. Amma “Azərbaycan” dərgisindəki yazıları oxudum və vaz keçdim. Söyləməyə bir söz buraxmamışsınız.

Mövlud Taha Qayaçı,

İraq-Kərkük Azərbaycan Yazıçılar Birliyinin üzvü


Professor Q.Paşayevin elmi-ədəbi fəaliyyəti ən müxtəlif istiqamətlərdə ayrıca tədqiqat mövzusu, araşdırma obyekti olmağa layiqdir. Görkəmli alimin folklorşünaslıq, ədəbiyyatşünaslıq, tərcüməçilik fəaliyyətinin hər biri geniş bir tədqiqat mövzusudur. Lap elə İraq türkmanlarının dili, folkloru və ədəbiyyat sahəsindəki çalışmalarının özündən ayrıca bir dissertasiya işinin yazılması ancaq və ancaq qədirşünaslıq kimi dəyərləndirilə bilər.

Məhərrəm Qasımlı, professor


Q.Paşayev İraq türkmanlarının həyat və məişətini ağız ədəbiyyatı ilə birlikdə araşdıra-araşdıra, bu yöndə kitablar yaza- yaza bizi də Kərkük sevdasına mübtəla etdi. Böyük sevda şairi M.Füzulini yetirən el-oba, Q.Paşayev Kərküknaməsindən sonra bizim üçün Şəki, Şirvan, Qarabağ, Naxçıvan kimi əlçatan, ünyetən el-oba oldu.

Muxtar İmanov, professor


Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Dəqiq desək, xatirəni yaratmaq üçün də, yaşatmaq üçün də şəxsiyyət olmaq lazımdır. Prof. Qəzənfər Paşayev ədəbi-ictimai mühitdə sayılıb- seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədrşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir… Onun “Borcumuzdur bu ehtiram” kitabına başda Ulu öndər Heydər Əliyev olmaqla iyirmi beş ziyalı dövlət xadimi, alim, müəllim, yazıçı və şair haqqında portret oçerklər toplanıb. Kitaba daxil olan bütün oçerklər böyük səmimiyyətlə yazılıb, hər biri şirin layla kimi, nurlu elegiya kimi oxunur… Müxtəlif illərdə qələmə alınan bu yazıların hamısını qəmli bir “…ölümündən sonra” fəryadı birləşdirir.

Nizaməddin Şəmsizadə, professor


Görkəmli folklorşünas və ədəbiyyatşünas Qəzənfər Paşayevin həm imzası, həm əsərləri, həm də efirdən və ekrandan eşidilən fikir və düşüncələri geniş oxucu kütləsinə, elmi və ədəbi ictimaiyyətə yaxşı məlumdur… Elmi araşdırmalar aləmində keçən əlli ildən artıq dövrün uğurları və dəyərləri ilə diqqəti cəlb edən ədəbiyyatşünas alim, pedaqoq, dilçi, tərcüməçi, professor Q.Paşayev çox maraqlı və olduqca zəngin həyat və yaradıcılıq yolu keçmişdir.

Vaqif Arzumanlı, professor


Azərbaycanda, humanitar fikir aləmində Q.Paşayevi tanımayan, hətta deyərdim, sevməyən adam tapılmaz. Çünki o qədər işıqlı adamdır ki, inanmıram, bu işığın nuruna kimsə paxıllıq eləyə… O, görkəmli alimdir. Hansını deyim? O, dilçidi, folklorşünasdı, ədəbiyyatşünasdı, tərcüməçidi, publisistdi…

Vaqif Yusifli, filologiya elmləri doktoru


Qəzənfər Paşayevi ilk dəfə “Kərkük bayatıları” ilə tanıdım. Onu tanımağım həm də böyük bir millətin ayrı düşmüş parçasını tanımağım idi. “Kərkük bayatıları“ ilə İraq türkmanları kəşf olunmuşdu. Bəlkə də bu kitab olmasaydı mən 1969-cu ildə radioda “Bulaq“ verilişini yaratmazdım. O zaman məndən bir addım qabaqda olan bir neçə sağlam düşüncəli adama sığınmışdım. Qəzənfər Paşayev də bu düşüncəni yaşadan ziyalılardandır.

Mövlud Süleymanlı, Xalq yazıçısı


Azərbaycanda kərkükşünaslığın banisi sayılan professor Qəzənfər Paşayev çoxsaylı elmi əsərlərin, kitabların müəllifidir. Ədəbiyyatşünas alimlər, yazıçı və şairlər barəsində də ayrıca kitablar, monoqrafiyalar yazıb. Müəllifin bu portret kitabları elmiliyi ilə bərabər, səmimiyyəti, dərinliyi və qəhrəmana bəslənən ehtiramı ilə seçilib. Bu səbəbdən, Qəzənfər Paşayevin təqdimatı həmişə inandırıcı olub. Çünki yazdıqlarının hamısını ürəyinin diktəsilə araşdırıb və mükəmməl bir nəticəyə gəlib.

Flora Xəlilzadə, Əməkdar jurnalist


İraqlı alimlər cənab Qəzənfər Paşayevin tədqiqatlarına böyük qiymət verir və ondan istifadə edirlər. Biz onu nəinki İraqşünas tədqiqatçı və yazıçı kimi tanıyırıq, eyni zamanda Azərbaycanın İraqda səfiri kimi qəbul edirik. Məlumdur ki, indiyə qədər Azərbaycanın İraqda rəsmi təmsilçisi yoxdur. Qəzənfər Paşayev uzun illər boyu apardığı dərin tədqiqatları ilə İraq və Azərbaycan xalqlarını ədəbi və mədəni əlaqələr baxımından bir-birinə möhkəm tellərlə bağlamışdır. O, İraq xalqının dostu və qardaşıdır.

Fərrux Salman Davud, İraqın Azərbaycandakı sabiq səfiri


Nyu-Yorkdakı “İnsanı Tədqiq edən Elmi-Tədqiqat İnstitutu” nun əməkdaşı, prof. Sula Benet uzun müddət (1970-1975) Qafqazda uzunömürlülük məsələsi üzrə tədqiqat aparmış və “Necə yaşayasan yüzü haqlayasan” adlı çox maraqlı kitab yazaraq çap etdirmişdir (Nyu-York, 1976). Bu qiymətli kitabı ABŞ-da üzə çıxaran və zəhmət çəkib doğma dilimizə tərcümə edən Qəzənfər Paşayevə öz minnətdarlığımızı bildiririk.

Mehdi Sultanov, tibb elmləri doktoru, professor


Prof. Qəzənfər Paşayev ömrünün kamillik və müdriklik zirvəsindədir. O zirvənin fəthi heç də asan olmamışdır. Onun bundan sonrakı amalı həmin fəth olunmuş zirvədə, zəngin yüksəklikdə tab gətirə bilməsidir. Onu tanıyanlar inanır ki, tab gətirəcək və Azərbaycan xalqı hələ bundan sonra da öz ziyalı oğlunun nur çeşməsindən bəhrələnəcəkdir.

Zeydulla Ağayev, professor


Qəzənfər Paşayev uzun illərdən bəri M.F.Axundov adına Pedaqoji İnstitutunda Xarici dillər kafedrasına rəhbərlik edib. Əmək kitabçasından məlumatlar: Adı iki dəfə SSRİ-nin İraq Respublikasındakı səfirliyinin Fəxri kitabına salınmışdır. O, SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanı, İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif olunmuşdur. SSRİ Ali Təhsil Nazirliyinin və Azərbaycan SSR Təhsil Nazirliyinin təşəkkürünə layiq görülmüşdür. 1976-cı ildə Q.Paşayev xaricdə çoxillik uğurlu işinə görə SSRİ Nazirlər Kabinetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Murtuz Sadıqov, professor


“Altı il Dəclə-Fərat sahillərində” kitabı azərbaycanlı ədib, prof. Qəzənfər Paşayevin tariximiz və mədəniyyətimiz barədə fikir və mülahizələrini özündə ehtiva edir. Müəllif böyük şövq və məhəbbətlə bizim haqqımızda yazır. Ondan heç nə tələb olunmadan, o, özü heç nə tələb etmədən İraqı sevir. Onun bu kitabının ərəb dilinə tərcümə edilməsi qədirbilənliyə cavabın ən gözəl nümunəsidir.

Dr. Cəlil Kəmaləddin, “Əl-Cümhuriyyə” – (“Respublika”)qəzeti, Bağdad


Otuz ilə yaxın müddət ərzində İraq türkman folklorunu aramsız olaraq toplayan, nəşr edən, elmi əsaslarla tədqiq və təbliğ edən Qəzənfər Paşayevin hər bir əsəri gərgin elmi zəhmətin bəhrəsidir.

Musa Adilov, professor


Pedaqoq, folklorşünas, ədəbiyyatşünas, dilçi, yazıçı-publisist, tərcüməçi Qəzənfər Paşayevi bircə cümlə ilə belə səciyyələndirmək olar: “Azərbaycanı dünyanın hər yerində ləyaqətlə təmsil edə biləcək müdrik alim, vətənpərvər ziyalı“.

Nahid Hacızadə, yazıçı


Qardaşımız, dostumuz Qəzənfər Paşayev təkcə Azərbaycan xalqının deyil, həmçinin İraq xalqının oğludur.

Dr. Mehdi İbrahim Ət-Tai, İraqın Azərbaycandakı sabiq səfiri


Elmi ictimaiyyətin tanınmış folklorşünas və ədəbiyyatşünas alim, dilçi, publisist, tərcüməçi kimi tanıdığı professor Qəzənfər Paşayev, həm də aşıq sənətinin bilicisi və təbliğatçısıdır. Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü olan Qəzənfər Paşayevin elmi yaradıcılığında aşıq sənətinə dair tədqiqatlar mühüm yer tutur. Böyük iftixarla demək istəyirəm ki, bu sahədə bir sıra sanballı əsərlər Qəzənfər müəllimin adı ilə bağlıdır. Son illərdə bir çox tanınmış ustad aşıqları irsinin toplayaraq kitab halında çap olunmasında professor Qəzənfər Paşayevin gərgin əməyi xüsusilə qeyd olunmalıdır.

Zəlimxan Yaqub, Хаlq şairi


O, vətəndaş və alim vəzifəsini bütün ömrü boyu xalqa xidmət etməkdə görmüşdür. Xalq şairi Bəxtiyar Vahabzadə onun kitablarını xəzinə adlandırmışdır. O, etnik sərhədlərimizin Urmiyanın cənubundan deyil, Mosuldan, Ərbildən, Kərkükdən keçdiyini sübut etmişdir. Təkcə bu iş onun bir ömür boyu üzü ağ, başıuca gəzməyinə kömək edər.

Sabir Rüstəmxanlı, Xalq şairi


Bu gün Qəzənfər Paşayevin adı təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da böyük şərəflə çəkilir, onun həyat və yaradıcılığı, yaratdığı əsərlər internet vasitəsilə maraqla oxunur və öyrənilir. Artıq onun adı böyük şəxsiyyət kimi tarixləşib. Əminliklə deyə bilərəm ki, onun əbədiyaşar əsərləri, yaradıcılığı, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın zənginləşməsində müstəsna rol oynayıb.

Nəsib Nəbioğlu, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi


Hamının vətəndaş-alim kimi tanıdığı Qəzənfər Paşayev haqqında yazılmış “Ömrün əbədiləşən illəri” kitabında “Yaxın dost, gözəl insan, əsl vətəndaş, əqidəli ziyalı” (Sabir Rüstəmxanlı) təşbihləri ilə süslənə-süslənə təqdim olunan professor Qəzənfər Paşayev fenomeninin ədəbi mühitin gözündə və sözündə necə canlandırılmasını, necə qiymətləndirilməsini özündə ehtiva edir. Kitabı oxuduqca qürur hissi keçirirsən ki, belə bir müasirim var, belə bir azərbaycanlı var, belə bir ziyalı var... Əslində Qəzənfər Paşayev yaradıcı şəxsiyyətində, niyyətində və istəyində özündən əvvəlki böyük azərbaycanlı ziyalılara məxsus ənənələrin, əqidənin, məsləkin daşıyıcısına çevrilmişdir.

Qurban Bayramov, tənqidçi ədəbiyyatşünas


Mənsub olduğu xalqın, millətin tarixi yaddaşını elmi-publisistik yaradıcılığında yaradan və uca tutan, özünəməxsus məktəb yaradan nüfuzlu ziyalılardan biri də zəngin dünyagörüşünə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan professor Qəzənfər Paşayevdir.

Akif Musayev, AMEA-nın müxbir üzvü


Dilçi, tənqidçi, publisist, tərcüməçi, ədəbiyyatşünas, mətnşünas, folklorşünas kimi yüksək keyfiyyətlər professor Qəzənfər Paşayevdə cəm halında birləşib. Daha doğrusu o, özünün zəhmətsevərliyi, vətəndaş əzmkarlığı, bilik və bacarığı, səmimiyyət dolu həssaslığı ilə həmin keyfiyyətləri əldə edib, onlara sahib çıxıb.Nə yazdı, ortaya hansı töhfəni qoydusa orijinal oldu. Ərsəyəgətirdiyi mənəvi sərvət “Şah əsər” kimi dəyərləndirildi, Azərbaycanda İraq, Kərkük folklorşünaslığının banisi oldu. İraq Kərkük folklorunun janr əlvanlığını nəzəri cəhətdən təhlil etdi, bir dilçi kimi topladığı folklor mətnlərinin-tapmaca, lətifə, atalar sözləri, alqış və qarğışların (dualar və bədduaların) fonetikasına sadiq qaldı, onların orijinallığını qoruyub saxlamaqla, koloritli dil mətnlərinin ilkinliyinə toxunmadı. Bununla bir çox folklor toplayıcılarına həm də örnək oldu.

Alxan Bayramoğlu filologiya elmləri doktoru, professor


Professor Qəzənfər Paşayev folklor nümunəsinə mücərrəd bir fakt kimi baxmır. Folklor nümunələrində insanların arzu və istəklərinin, hiss və duyğularının ifadəsinin mükəmməlliyini görür. Bunlarla yanaşı, Qəzənfər müəllim, bəlkə də, bizim foklorşünaslığımızda heç vaxt rast gəlinməyən bir cəhətin də əhəmiyyətinə həmişə önəm vermişdir. Bəs bu cəhət nədən ibarətdir? Qəzənfər Paşayev insanların dəyərini də folklora görə müəyyənləşdirir. Qəzənfər müəllim üçün hər hansı bir folklor nümunəsi, saz musiqi aləti, yaxud el havası və rəqs insanı dərk etməyin vasitəsinə çevrilir. Bu, elə bir müdrik yanaşma və dəyərləndirmədir ki, insanı həyata möhkəm tellərlə bağlamağın, həm də şəxsiyyət səviyyəsinə qaldırmağın yolu da məhz ordan keçir. Professor Qəzənfər Paşayevin həyatı folklora bağlı bir ömrün simvoludur.

Kamran Əliyev, Əməkdar elm xadimi


Qəzənfər Paşayev imzasını tanıdan, ona bir filoloq alim kimi hörmət və nüfuz qazandıran, şübhəsiz ki, bu insanın İraq türkmanlarının varlığını özündə yaşadan mənəvi yaddaşın bütün daşıyıcılarına eyni həssaslıq və professionallıqla yanaşması, onların bitib-tükənməyən milli-bədii tutumunu üzə çıxarmasıdır. Qəzənfər müəllim klassik ədəbi irs, dil tarixi, qarşılıqlı ədəbi təsir, müasir ədəbi proses haqqında yazanda və danışanda da İraq türkmanlarının zəngin mədəniyyətininin ona aşıladığı bir ovqata köklənir.

Şirindil Alışanlı filologiya üzrə elmlər doktoru, professor


İnsanın ağlı, zəkası ən böyük gücüdür və Qəzənfər Paşayev bu gərəkli dəyərlərin, mənəvi gücün daşıyıcılarından, sahiblərindən biridir.

Fikrət Qoca, Xalq şairi


Qəzənfər Paşayevin fəaliyyətini bir cümlə ilə belə qiymətləndirmək olar: Əbədiyaşar ədəbi elmi abidə və ya iftixar doğuran yaradıcılıq.

Qəzənfər Kazımov, professor


“Ana, məni Azərbaycana göndərirlər. - Çox yaxşı, uğur olsun. Orada Qəzənfər Paşayevi tap. - O, mənə nə kömək edə bilər? - Qəzənfər Paşayev sənə Kərkükü tanıdacaq. - Bu, anamın sözü idi. Mən gəlib Qəzənfər Paşayevi elə anamın dediyi kimi gördüm.”

Casim Məhəmməd, İraq səfirinin müşaviri


<< Geri