Ziyalı
fədakarlığına örnək
Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli
yeri olan filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən
əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal
düşüncənin və profesionallığın vəhdətindən ibarətdir. Bu çox
zəhmətkeş alim, eyni zamanda fərqli bir vətəndaşlıq mövqeyi
nümayiş etdirir. Professor Qəzənfər Paşayevin pafosdan uzaq
olan vətəndaşlıq anlayışının sərhədləri, üfüqləri olduqca genişdir.
Böyük mənada Azərbaycanı tam əhatə edən bu vətəndaşlıq
duyğusu onun Kərkük dolaylarındakı fəaliyyətinin, dünya ədəbiyyatının
ölkəmizdə tanıdılması ilə əlaqədar zəhmətlərini,
ədəbiyyatşünaslıq, dilçilik, folklorşünaslıq istiqamətlərindəki
fəaliyyətlərinin də mayasını, cövhərini təşkil edir. O, müraciət
etdiyi problemlərə, ədəbi-tarixi şəxsiyyətlərə epoxanın gözü ilə
baxmağı bacaran, qələmə aldığı məsələləri yüksək vətəndaşlıq
səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə, ləyaqətlə
həyata keçirməyin öhdəsindən gələ bilən əsl elm adamıdır.
Yazdığı sanballı elmi əsərlərin bir çoxu elmdəki mühüm əhəmiyyəti
ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsidir.
Qəzənfər Paşayevin Azərbaycan aşıq sənətinə, İraqtürkman
ədəbiyyatına, Kərkük ləhcəsinə həsr olunmuş əsərləri
elmdə böyük mənəvi borcu necə yüksək səviyyədə, hansı ürəklə,
təmannasız niyyətlə ciddi şəkildə və məsuliyyətlə yerinə yetirməyin
mükəmməl örnəkləridir. Qəzənfər müəllimin Azərbaycanla
yanaşı Kərkük dolaylarından Hələbə, Təbrizə, Ərzu
ruma, Dərbəndə... qədər uzanan böyük coğrafiyanın ədəbiyyatına,
folkloruna və tarixinə, ləhcəsinə dair qiymətli əsərləri
onun elmi-ədəbi düşüncəsinin universallığına, genişliyinə və
bütövlüyünə də nümunədir. Qəzənfər Paşayevin böyük mənada
vətəndaşlığın və universal düşüncəsinin kamil ifadəsi olan
əsərləri seçilmiş mövzuya dərin, əsaslandırılmış professional
elmi münasibətin də real göstəricilərindəndir. Azərbaycan
oxucusuna təqdim edilmiş yeddicildlik “Seçilmiş əsərləri” Qəzənfər
Paşayevin 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin,
müdriklik və kamilliyinin, zəhmətkeşlik və fədakarlığının
nümunəsi kimi meydana çıxmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq
elmində yaranan ilk yeddicildlik kimi də
mühüm əhəmiyyətə malikdir. Heç şübhəsiz, universal düşüncəyə,
coxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Qəzənfər Paşayevin
yarım əsrlik fəaliyyətində İraq-türkman mühiti,
Kərkük dünyası ilə bağlı sanballı tədqiqatlar aparıcılıq təşkil
edir. Haqlı olaraq onu “Kərkük sevdalı ədəbiyyatşünas”, “Kərkükün
mənəvi səfiri” kimi dəyərləndirirlər. Tərcümeyi-halının
cəmisi 6 ili İraq-türkman elləri ilə bağlı olan Qəzənfər Paşayev
artıq yarım əsrdən çoxdur ki, Kərkük mövzusunda eyni sevda
ilə yazıb-yaratmaqda davam etməkdədir. Fikrimcə, Qəzənfər
Paşayev Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcısıdır.
Qəzənfər Paşayevin digər mövzularda yazılmış əsərlərinin
əhəmiyyətini heç aşağı salmadan bütün yazdıqlarını tərəzinin
bir gözünə qoysaq, yenə də Kərkük tədqiqatları ağır gələr.
Yarım əsrə yaxındır ki, İraq-türkman ədəbiyyatı, Dəclə-Fərat
sahilləri, Kərkük-ədəbi mühiti, folkloru, ləhcəsi deyiləndə, ilk
növbədə Qəzənfər müəllim göz önünə gəlir. Böyük bir qismi
keçmiş sovet rejiminin sərt ideoloji qadağaları dövründə yaranmış
bu sanballı əsərlər bu gün də öz aktuallığını və elmi səviyyəsini
saxlayan Azərbaycan ədəbiyyatşünaslığının çox sanballı
Kərkük cildlərindən ibarətdir. Qəzənfər Paşayev İraq-türkman
ədəbiyyatının Azərbaycandakı səlahiyyətli səfiridir. Hesab edirəm
ki, Azərbaycan kərkükşünaslığının görkəmli yaradıcısı
olan Qəzənfər Paşayev, ümumiyyətlə, kərkükşünaslıqda söz
sahibi olan alimdir. Nəinki Azərbaycanda, yaxud da dünyanın
başqa bir yerində, hətta Kəkükdə belə kərkükşünaslıqda Qəzənfər
Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı göstərmək
çətindir. Vaxtilə İraq-türkman ədəbiyyatının və elmi-ictimai
fikrinin görkəmli nümayəndəsi Əbdüllətif Bəndəroğlu da etiraf
etmişdi ki, “Qəzənfər Paşayevin “İraq-türkman folkloru” kitabına
bənzər bir kitab indiyə qədər nə İraq türkmanları tərəfindən,
nə də İraq türkmanlarının folkloru ilə məşğul olan xarici
alim və tədqiqatçılar tərəfindən yazılmamışdır”. Digər sahələri,
fərqli coğrafiyaları əhatə edən və ya Azərbaycan ədəbiyyatına
həsr olunmuş sanballı elmi əsərlərini yüksək qiymətləndirməklə
bərabər, eyni zamanda, etiraf edilməlidir ki, professor Qəzənfər
Paşayev Kərkük ağırlıqlı görkəmli Azərbaycan ədəbiyyatşünasıdır.
O, Kərkük ağırlıqlı Azərbaycan ədəbiyyatşünaslığının
fədakar müəllifidir. “Əsərləri”nin yeddicildliyinə “Azərbaycan
kərkükşünaslığının banisi” adlı sanballı bir ön söz yazmış
akademik Tofiq Hacıyevin dəqiq ifadə etdiyi kimi, Qəzənfər
Paşayevin ardıcıl və mükəmməl tədqiqatları ilə “kərkükşünaslıq
elm sahəsinin yaranması” hadisəsi baş vermiş,
kərkükşünaslıq “öz zilinə” çatmışdır. Fikrimcə, Azərbaycan
kərkükşünaslığının yaradılması bütövlükdə elm tariximizin
əhəmiyyətli hadisələrindəndir. Ayrı-ayrı vaxtlarda Kərkük
mövzusunda yazılmış əsərlərini ilk dəfə olaraq toplu şəkildə
bir yerdə əks etdirən yeddicildlikdəki tədqiqatlar ədəbiyyatşünaslıq
elmimizin kərküknaməsi kimi dərin mənaya malikdir.
Kərkük sözünün etimologiyasından tutmuş Kərkük ellərində
yaşayan türkmanların mənşəyinə, tarixinə, soykökünə, dil-ləhcə
xüsusiyyətlərinə, milli mənsubiyyətinə, əlaqələrinə, folkloruna,
etnoqrafiyasına və yazılı ədəbiyyatlarına, coğrafiyasına
qədər hər nə varsa, hamısı haqqında Qəzənfər müəllimin əsərlərində
dəqiq, elmi cəhətdən əsaslandırılmış və zəhgin biliklər
öz əksini tapmışdır. Bu qiymətli əsərlər möhtəşəm bir kərkükşünaslıq
ensiklopediyasının elmi-məlumat bazasını təşkil edə
bilər. Qəzənfər Paşayev həmin zəngin ədəbi-tarixi məlumatların,
folklor nümynələrinin, etnoqrafik məlumatların bir çoxunu
özü toplayıb, ilk dəfə elmi dövriyyəyə gətirmiş, həm də nəzəri
cəhətdən dəyərləndirib qiymətləndirmişdir. O, Azərbaycan
kərkükşünaslığının Fərhadıdır. Əksər məqamlarda Qəzənfər
Paşayev bir neçə toplayıcının, mətnşünasın və tədqiqatçının
işini təkbaşına görmüşdür. Yeddicildlik “Seçilmiş əsərlər”də
xüsusi yer tutan “İraq-türkman folkloru” monoqrafik tədqiqatı
“ölümsüz bir tarixə” sahib olan yarım milyondan çox əhalisi
olan Kərkük elatının milli ruhunun ifadəsi kimi yaranmış folklorun
toplanılması və tədqiqinə həsr olunmuş “şah əsərdir”
(Bəndəroğlu). Müəllif İraq-türkman folklorunu “Azərbaycan
folklorunun qüdrətli qolu” kimi görsə də, bu coğrafiyada formalaşmış
şifahi xalq ədəbiyyatı nümunələrinin özünəməxsusluqlarını
da müəyyən etmiş və təhlil edib dəyərləndirərək ümumiləşdirmişdir.
“İraq-türkman folkloru” monoqrafiyası İraq
coğrafiyasındakı türkman folklorunun elmi cəhətdən ümumiləşdirilmiş
salnaməsidir. Mövzu etibarilə bu əsəri daha da zənginləşdirən
və tamamlayan “Kərkük folklorunun janrları” monoqrafiyası
ilə birlikdə hər iki əsər Azərbaycan kərkükşünaslığının
elmi abidəsidir. Xalq şairi Rəsul Rzanın 1959-cu ildə
Kərkükə səfərindən sonra ədəbi-ictimai fikrə ayaq açan
Kərkük folkloru mövzusu Qəzənfər Paşayevin geniş həcmli,
sistemli tədqiqatları sayəsində məxsusi bir elmi istiqamətə çevrilmişdir.
XX əsrin yetmiş-səksəninci illərindən etibarən İraqtürkman
ədəbiyyatı nümunələrini ayrı-ayrı janrlar üzrə toplayaraq
kitablar halında ardıcıl olaraq nəşr etdirən Qəzənfər Paşayev
Azərbaycan folklorşünasları üçün zəngin bir müqayisə və
araşdırma bazası yaratmağa müvəffəq olmuşdur. Bu zəmində
meydana çıxan tarixi-filoloji tədqiqatların əsasında Qəzənfər
müəllimin zəngin toplama materialları və tədqiqatları dayanır.
Qəzənfər Paşayev kərkükşünaslığının bünövrəsi olan “Kərkük
dialektinin fonetikası” monoqrafiyasından başlanan yolu ildənilə
genişlənərək kərkükşünaslığın təməlinə çevrilən elmi əsərlərlə
daha da möhkəmləndirmişdir. Bizə görə “İraq-türkman
folkloru” və “Kərkük folklorunun janrları” monoqrafiyaları ilə
birlikdə “Kərkük dialektinin fonetikası” kitabları geniş mənada
İraq-türkman dünyasının qiymətli trilogiyasıdır. Əhatəli və sistemli
araşdırmalarla yanaşı, həm də böyük bir sevgi ilə yazılmış
“Kərkük dialektinin fonetikası” monoqrafiyası özünün dərin
qatları etibarilə orijinal bir “Kərkük dialektinin poetikası”
təsiri bağışlayır. Tədqiqatçı İraq türkmanları dialektinin fonetik
xüsusiyyətlərini öyrənmək əsasında bu zəngin şivədə poetik
semantikanın özünəməxsusluqları haqqında da aydın elmi təsəvvürün
formalaşmasına zəmin hazırlamışdır. Yeddicildlik
“Seçilmiş əsərlər”dəki “Könüldən-könülə yollar görünür”,
”Kərkük dünyası” bölməsində toplanan tədqiqatlar İraqtürkman
ədəbiyyatının müxtəlif dövrlərinə, ayrı-ayrı ədəbi şəxsiyyətlərinə,
Kərkük türkmanlarının şifahi və yazılı ədəbiyyatının
aktual məsələlərinə həsr olunmuşdur. Xüsusən, tədqiqatlarındakı
“İraq-türkman ədəbiyyatının altun çağı”, yaxud “Füzuli
çağı” haqqındakı elmi araşdırmalar ümumtürk ədəbiyyatının
həmin mərhələsinə dair təsəvvürlərin daha da dərinləşdirilməsinə
xidmət edir. “Füzulinin məzarı haqqında şayiə və həqiqət”
məqaləsindən dahi şairin tərcümeyi-halının bir çox səhifələrini
öyrənmək mümkün olur. Görkəmli alim Nəsirəddin Tusinin
tərcümeyi-halının İraq səhifələrinə də Qəzənfər Paşayevin
araşdırmaları işıq salır. Bundan başqa, İraq-Azərbaycan ədəbi
əlaqələrinin tarixi və inkişaf yolu məsələsi də elmimizə bu
bölmədəki məqalələr vasitəsilə Qəzənfər Paşayev tərəfindən
gətirilmişdir. Nəticə etbarilə Qəzənfər Paşayev tarixi, adət-ənənələri,
folkloru, görkəmli elmi-ədəbi şəxsiyyətləri ilə
bütövlükdə İraqın Azərbaycana iraq olmadığını, yaxın, doğma,
dost ölkə olduğunu elmi cəhətdən əsaslandırır. Qəzənfər Paşayev
özü də yarım əsrdən çoxdur ki, Azərbaycan-İraq əlaqələrinin
möhkəmlənib inkişaf etməsinə şərəflə və məsuliyyətlə xidmət
edir. Onun Bakıda yaratdığı “İraq-türkman kitabxanası” bu
qədim Şərq ölkəsinin Azərbaycanda öyrənilməsinə, təbliğinə,
əlaqələrin inkişaf etdirilməsinə geniş imkan yaradır. Ələlxüsus,
Qəzənfər Paşayev-Əbdüllətif Bəndəroğlu dostluğu Azərbaycan-
İraq əlaqələri tarixində böyük körpü olmuşdur. Qəzənfər
müəllimin sözləri ilə desək, “xalqının, ədəbiyyatının, mədəniyyətinin
layiqincə öyrənilməsi, araşdırılması və yayılması yolunda
alışmaq istedadına” malik olan rəhmətlik Əbdüllətif
Bəndəroğludan bəhs edən “Qan və qələm qardaşımız” və
“Heyf sənə, Bəndəroğlu” məqalələri xeyli vaxt bundan əvvəl
yazılmasına baxmayaraq, indi də İraq-türkman ictimai-ədəbi
fikrinin görkəmli nümayəndəsi olan bu fədakar şəxsiyyətdən
söz açan mənalı və təsirli epitafiya təsiri doğurur. İraq-türkmən
folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşını yarım əsr
bundan qabaq ilk dəfə Azərbaycan ictimaiyyətinə təqdim edən
professor Qəzənfər Paşayev 2017-ci ildə bu böyük folklorşünasa
həsr etdiyi monoqrafiya ilə bütün zamanlarda Kərkük sevdasına
sədaqətli olduğunu bir daha nümayiş etdirir. Qəzənfər Paşayev-
Abbas Zamanov-Ayaz Vəfalı-Əbdüllətif Bəndəroğlu
dostluğu və əməkdaşlığı Azərbaycan-İraq ədəbi əlaqələrinin tarixində
xüsusi mərhələ təşkil edir. Çətin şəraitdə “İraqda yaşayan
vətəndaşlarımızla sıx əlaqə saxlayan” böyük vətəndaş
alim, professor Abbas Zamanovun da, görkəmli şərqşünas Vasim
Məmmədəliyevin də bu istiqamətdəki xidmətlərini nəzərə
alsaq, həmin mərhələnin mühüm bir tarixi dövr səviyyəsinə
çatdığını düşünməyə əsas verər. Qəzənfər Paşayevin çoxcildli-
yinin şah damarını təşkil edən Kərkük-türkmən ədəbiyyatına
və İraq-Azərbaycan əlaqələrinə həsr olunmuş cild-cild kitablar
ölkələrarası əlaqələrin, xalqlararası daxili-mənəvi bağlılığın və
münasibətlərin həmin tarixi dövrdəki tam mənzərəsini elmi surətdə
canlandırır. “Altı il Dəclə-Fərat sahillərində” əsəri professor
Qəzənfər Paşayevin tərcümeyi-halının və çoxcəhətli fəaliyyətinin
əfsanəsidir. Bu, Bağdad cəmiyyətinin, İraqdakı
türkman elatının Qəzənfər Paşayev tərəfindən yaradılmış dastanıdır.
XX əsrin səksəninci illərinin əvvəllərində yazılmış
“Altı il Dəclə-Fərat sahillərində” kitabı İraq haqqında mükəmməl
bir publisist-bələdçi kitabdır. Bütövlükdə Azərbaycan cəmiyyəti
Bağdad-İraq elləri ilə bu əsər vasitəsilə yaxından tanış
olmaq imkanı qazanmışdır. Ölkəmizdə böyük əks-səda doğurmuş
həmin əsər vaxtilə əldən-ələ gəzmiş, öz müəllifinin cəmiyyətə
sanballı təqdimatına çevrilmişdir. Məhz bu əsərlə Qəzənfər
Paşayevin Azərbaycan miqyasında ədəbi-ictimai mühitdə
özünəməxsus imkanlara malik yazıçı-tədqiqatçı və fərqli bir
publisist olması birdəfəlik isbat olunmuşdur. “Altı il Dəclə-Fərat
sahillərində” əsəri, əslində, Qəzənfər Paşayevin dərin mənalı
və cəlbedici İraq-türkman dastanının proloqu kimi meydana
çıxmışdır. Lakin illər keşdikcə bu möhtəşəm əsər yeddicildlikdə
Qəzənfər Paşayevin Kərkük sevdasının epopeyası kimi
görünür. Sanki müəllifin İraq-türkman mövzusuna həsr olunmuş
digər sanballı əsərləri “Altı il Dəclə-Fərat sahillərində” kitabından
doğulmuşdur. İraq ellərini geniş miqyasda əhatə etmək,
cəmiyyət həyatının bütün əsas sahələrinə işıq salmaq baxımından
bu kitab geniş ümumiləşdirmə imkanlarına malik
olan ədəbi-ensiklopedik əsər təəssüratı yaradır. Tam halda “Altı
il Dəclə-Fərat sahillərində” əsəri professor Qəzənfər Paşayevin
İraq-türkman serialının ümumiləşdirilmiş adı kimi də
görünür. Məhz bu əsər Qəzənfər Paşayevin İraq-türkman
mövzusunda yazılmış əsərlərini öz mahiyyətində cəmləşdirə
rək epopeyaya çevirir. Bütövlükdə Kərkük dünyası Qəzənfər
Paşayevin elmi araşdırmalarının baş mövzusudur. Fikrimizcə,
Qəzənfər müəllimin Azərbaycan folkloruna, aşıq sənətinə yaxınlıq
və doğmalığının da əsasında doğulub boya-başa çatdığı
Qazax-Tovuz mühiti ilə eyni səviyyədə, həm də Kərkük sevdası
dayanır. Alimin “Sazlı-sözlü dünyamızdan” başlığı altında
təqdim olunmuş folklorşünaslıq nümunələri sanki Kərkük dolaylarına
həsr olunmuş tədqiqatların davamıdır. Azərbaycan
folkloruna həsr olunmuş əsərlərində, daha çox aşıq şeirindən,
xüsusən sağlığında klassikləşən ustad aşıq-şair Mikayıl Azaflıdan,
“aşıq sənətinin memarlarından biri” kimi dəyər verdiyi
Dədə Şəmşirdən, Aydın Çobanoğludan bəhs edən tədqiqatlarında,
o, geniş dünyagörüşlü müdrik bir folklorşünas olaraq ustad
alim sözü deyə bilir. Aşıq şerinin poetikasını şərh edən
əsərlərində Qəzənfər Paşayev folklorda sənətkarlıq məsələlərini
nəzəri cəhətdən açıqlayan professional, təcrübəli bir folklorşünas
sözünü elmi mühitə təqdim edir. Bu gün Qəzənfər Paşayev
Azərbaycan folklorşünaslarının ön cərgəsində “A” qrupunda
təmsil olunur. Qəzənfər Paşayevin Azərbaycan klassik
ədəbiyyatına dair tədqiqatlarında da Kərkük motivi görünməkdədir.
Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi
divanının İraq nüsxəsi”ni o aşkara çıxarıb nəşr etdirmiş və tədqiq
edib öyrənmişdir. İmadəddin Nəsimiyə həsr olunmuş araşdırmalarında
Nəsimi-İraq notları üstünlük təşkil edir. Klassik
Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər
müəllim mövzunu dərindən öyrənməsi, materiala yaxından bələdliyi,
səviyyəli şəkildə təqdim etməsi ilə yadda qalır.
Müasir Azərbaycan ədəbiyyatının tədqiqi məsələlərinə
həsr olunmuş əsərlər də professor Qəzənfər Paşayevin tədqiqatlarında
geniş yer tutur. Xalq yazıçısı Elçin haqqındakı araşdırmaları
sistemli monoqrafik elmi əsərdir. O, görkəmli yazıçı
və ədəbiyyatşünas Elçin haqqında müasir ədəbiyyatşünaslığın
yüksək tələbləri səviyyəsində sanballı elmi söz demişdir. Elçindən
bəhs edən məqamlarda da müəllif Kərkük motivinin
mövzuya dair məqamlarına diqqət yetirir. Baş nazirin müavini
Elçin Əfəndiyevin rəhbərliyi ilə İraqda Füzuli günlərinin keçirilməsi
hadisəsinə, xalq yazıçısının əsərlərinin İraq nəşrlərinə
də diqqət yetirən Qəzənfər Paşayev bütövlükdə müasir Azərbaycan
ədəbiyyatının əsas yaradıcılarından biri olan bu sənətkarın
yaradıcılıq özünəməxsusluğunu müəyyən edən ana xətləri
seçib ayırmışdır. Xalq şairləri Səməd Vurğuna, Rəsul Rzaya,
Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə, Nigar Rəfibəyliyə, Fikrət
Qocaya, Hüseyn Kürdoğluya, Zəlimxan Yaquba, nəsr ustadları
Fərman Kərimzadəyə, İsi Məlikzadəyə, yazıçı Qərib
Mehdiyə və başqalarına aid məqalələr çağdaş ədəbiyyatımızın
inkişaf yollarına, təkamül proseslərinə gur işıq salır. Çağdaş
ədəbiyyatdan bəhs edəndə Qəzənfər Paşayev müasirliyi, vətənpərvərliyi,
milli düşüncəni, sənətkarlıq özünəməxsusluğunu
araşdırmaların mərkəzinə çəkir. Hər sənətkardan bəhs edərkən
həmin yazıçının ədəbiyyatdakı yerini və mövqeyini doğrudürüst
müəyyənləşdirməsi, tərcümeyi-hal faktları ilə ədəbi prosesləri
üzvi surətdə əlaqələndirməsi Qəzənfər Paşayevin müasir
ədəbiyyata dair araşdırmalarının səciyyəvi xüsusiyyətləridir.
Ədəbiyyatşünaslar haqqında yazılarında Qəzənfər Paşayev
Azərbaycanda ədəbiyyat haqqında elmin tarixində və taleyində
görkəmli yeri olan elm xadimlərinin xidmətlərinin ictimaiyyətin
diqqət mərkəzinə çəkilməsinə, onların yüksək vətəndaşlıq
xüsusiyyətlərinin yeni nəsillərə çatdırılmasına xüsusi fikir verir.
Akademik Bəkir Nəbiyevdən söz açan “Ədəbiyyatşünaslıq
elminin patriarxı” monoqrafiyası müasir ədəbiyyatşünaslıqda
yaşanan proseslərlə yaradıcı şəxsiyyətin münasibətinin əlaqəsi,
tarazlığı, elmi nəticələri kimi məsələlərin fonunda açılır.
Böyük vətəndaş-alim, professor Abbas Zamanova, “ədəbiyyatşünaslıq
elmimizin iftixarı” Yaşar Qarayevə, professor Yavuz
Axundluya, İmamverdi Əbilova və başqalarının fəaliyyətinə
qiymət verərkən Qəzənfər Paşayev elmə xidmətin miqyasını
doğru-düzgün müəyyən edir, obyektivlik meyarını qoruyur və
ən başlıcası, mənəvi borc duyğusunu məsuliyyətlə yerinə yetirir.
Türkologiyanın ağsaqqalı kimi qiymət verdiyi akademik
Məmmədağa Şirəliyev, “dilçilik elminin iftixarı” hesab etdiyi
akademik Ağamusa Axundov haqqındakı məqalələrində də
Qəzənfər Paşayev dilçilik elminin daxili məntiqindən çıxış
edərək qüdrətli dilçi alimlərin bu elm sahəsinin inkişafı sahəsindəki
xidmətlərinin əsl mahiyyətini açıb obyektiv meyarlarla
dəyərləndirir. Bir sözlə, ədəbiyyatşünaslıq və dilçilik məsələlərindən
söz açarkən də Qəzənfər Paşayev elm haqqında elm yaratmaq
bacarığını meydana qoyur. Müasir ədəbiyyata dair digər
tədqiqatlarında olduğu kimi, ədəbiyyatşünaslara ünvanlanmış
əsərlərində də Qəzənfər Paşayev memuar cizgilərini təhlilləri
və tədqiqatları ilə vəhdətdə təqdim edir. Bu yolla yazıçıların
və ədəbiyyatşünasların ədəbi-elmi xidmətləri deyil, tərcümeyi-
hallarının maraqlı məqamları, şəxsiyyətləri, mənəvi
dünyası da təqdim olunur. Bütün bunlar isə yazıçını və ya alimi
mühiti və müasirləri, mənəvi aləmi, münasibətləri ilə birlikdə
tam halda oxuculara çatdırmağa şərait yaradır. Bu tip tədqiqatlarında
Qəzənfər Paşayev sənətkar və zaman münasibətlərinə
də aydınlıq gətirir.
Ümumiyyətlə, İraq-türkman ədəbiyyatı, Kərkük mövzusu
professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin ekvatorudur.
Görkəmli alimin yaradıcılığında bu ekvatorun Şərq və
Qərb qütbləri mövcuddur. Müşahidələr göstərir ki, professor
Qəzənfər Paşayev uzun illər ərzində ardıcıl fəaliyyəti ilə Azərbaycan
ədəbiyyatşünaslığının Şərq-Qərb divanını yaratmağa
nail olmuşdur. İraq-türkman ədəbiyyatına həsr olunmuş elmi
əsərləri Qəzənfər Paşayevin yaradıcılığının Şərq divanıdır. Bizə
görə, Avropa ədəbi-elmi fikrinə, rus ədəbiyyatına həsr olun-
muş elmi əsərləri, tərcümələri alimin Qərb divanından ibarətdir.
Azərbaycan oxucusuna təqdim olunmuş fransız yazıçısı
Aleksandr Dümanın “Qafqaz səfəri”, amerikalı alim Sula Benetin
“Necə yaşayasan-yüzü haqlayasan”, ingilis ədibi Aqata
Kristinin “Mavi qatarın sirri” romanının orijinaldan tərcümələri
Qərb divanının ayrı-ayrı fəsillərindən ibarətdir. Böyük
münəccim Nostradamusun irsindən alınmış “Dərk olunmuş
aləm” əsəri də Qərbi daha geniş şəkildə, bütün yönləri ilə təqdim
etməyə imkan verir. Müqayisədə Qəzənfər Paşayevin Şərq
divanı ağır gəlsə də, onun Qərb ədəbi-elmi və ictimai fikrinin
tədqiqi və təqdimi sahəsindəki xidmətləri də sanballıdır. Qəzənfər
Paşayevin “Şərq divanı” elmi salnamə, “Qərb divanı”
isə daha çox təzkirə xarakteri daşıyır. Ümumilikdə “Şərq-Qərb
divanı” həm də ədəbi-mədəni əlaqələrin tarixinin öyrənilməsi
baxımından da qiymətlidir. Qəzənfər Paşayev külliyyatını “Seçilmiş
əsərlər” adı ilə təqdim etsə də, bu yeddicildlikdə müəllifin
əsərlərinin, tərcümələrinin, demək olar ki, hamısı toplanılmışdır.
Bundan başqa, müəllif müasirlərinə göndərdiyi məktubları,
teleqramları, dissertasiyalara, avtoreferatlara yazdığı
rəyləri, resenziyaları, müxtəlif münasibətlə etdiyi çıxışları, hətta
mühüm telefon zənglərini də yığıb-yığışdırıb çoxcildliyinə
daxil etmişdir. Bütün bunlar bir çox cəhətdən əhəmiyyətlidir.
Əvvəla, yeddicildlik professor Qəzənfər Paşayevin özü və irsi
haqqında tam təsəvvür yaradır. Oxucu alimin yalnız elmi fəaliyyəti
ilə tanış olmaqla qalmır, onun cəmiyyət həyatındakı,
ədəbi-elmi mühitdəki iştirakı barəsində də tam təəssürat əldə
edə bilir. Bundan başqa, elmi-ədəbi irsini, əlyazmalarını, hətta
çıxışlarının mətnlərini bu qədər səliqə-sahmanla yığıb saxlamaq,
sistemləşdirib nəşr etdirmək xüsusi bir qabiliyyətdir.
Ədəbiyyatımızın və elmimizin tarixində irsini bu cür məxsusi
dəqiqliklə tam halda qoruyub mühafizə edən, gələcək nəsillərə
çatdırmaq üçün hazırlayan yalnız bir neçə ədibimizin adını
İsa
Həbibbəyli,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik