E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri bəstəkar Qara Qarayevdir. O, musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. İllər boyu onun parlaq musiqisi, çoxşaxəli musiqi fəaliyyəti, alovlu publisistikası Azərbaycan və eləcə də bütün Sovet musiqisinin inkişafına təsir göstərmişdur.

Qara Əbülfəz oğlu Qarayev Azərbaycan və SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Döv- lət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.

Qara Qarayev XX əsri musiqi termini ilə “molto accelerando ecrescendo” kimi müəyyənləşdirmişdir. Bu terminin mənası hərəkəti sürətləndirib səslənməni gücləndirmək deməkdir. Qeyd edək ki, bəstəkarın özü həyatda bu tempə riayət edərək yazıb yaratmışdır. Qarayevin hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilmiş, musiqimizdə bir dönüş yaratmışdır. Belə əsərlərdən “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərini, Üçüncü simfoniyanı və skripka üçün konsertini, “Don Kixot” simfonik lövhələrini, “Leyli və Məcnun” simfonik poemasını, “Çılğın Qaskoniyalı” musiqili komediyasını və başqa əsərlərini göstərmək olar. Bu, əlbəttə bəstəkarın yazdığı əsərlərin yalnız bir hissəsidir, hələ bir sıra əsərləri də tamamlanmamış, arxivində qalmışdır. Onlardan Xəzər neftçilərinin həyatına həsr edilmiş “Uşaqlarsız şəhər” oratoriyası, Anri Barbüsun əsəri əsasında yazdığı “Zəriflik” mono operası və bəstəkarın həyata keçməyən son planlarından – yeddi muğam əsasında yenə “Leyli və Məcnun” mövzusunda sintetik musiqili səhnə əsəri, tamamlanmamış Dördüncü simfoniya və s. “Müasirlik mənim qəlbimi daha çox həyacanlandırır” deyə etiraf edən bəstəkar məzmun, forma, musiqi dili etibarilə əsl mənada müasir musiqi əsərləri yaratmışdır. Onun yaradıcılığının əsas xüsusiyyəti Azərbaycan musiqi ənənələrinə əsaslanıb dünya musiqisinin son nailiyyətlərini mənimsəməsi və bu sənətlərin üzvi surətdə birləşməsini, sintezini yaratmasıdır. Qarayev yaradıcılığının bu cəhətini onun müəllimi, böyük bəstəkar D.Şostakoviç belə qeyd edirdi: “Qara Qarayev mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Onun musiqisinin müvəffəqiyyətinin sirri isə milli ənənələri, klassik irslə, ən müasir musiqi formalarının parlaq, yalnız onun özünəməxsus tərzdə birləşdirilməsidir”.

Qarayevin musiqisi sözün əsl mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Bu musiqi milyonlarla ürəkləri hərarətilə, emosionallığı ilə fəth etmiş, müasirliyi, fəlsəfəliyi ilə düşündürmüşdür. Bu musiqi əsərləri ABŞ-də, İngiltərədə, Fransada, Almaniyada, Misirdə, Türkiyədə, Rusiyada, Polşada, Çexiyada, Rumıniyada və başqa bir çox ölkələrin səhnələrində uğurla səslənmişdir.

Bəstəkarın əsərləri üçün seçdiyi ədəbi mövzular da yalnız milli ədəbiyyatımızla məhdudlaşmırdı. O, yaradıcılığında Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyam, Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.

Qarayevin yaradıcılığının bir önəmli özəlliyini də göstərmək istərdik. Afrikadan Vyetnama qədər müxtəlif xalqların musiqi folkloru Qarayevin yaradıcılıq süzgəcindən keçib yeni keyfiyyət almışdır. Biz bəstəkarın müxtəlif xalqların həyatını əks etdirən, müxtəlif millətlərin musiqi folkloruna əsaslanan əsərlərini dinlədikdə onların məhz Azərbaycan bəstəkarı tərəfindən duyulub yazıldığını deyə bilərik. Bu cəhətdən bəstəkarın “İldırımlı yollarla” baletinin musiqisini, Alban rapsodiyasını, Vyetnam süitasını, “Don Kixot” simfonik lövhələrini, bir sıra dram əsərlərinə və kinofilmlərinə yazdığı musiqini misal gətirə bilərik. Bəstəkar özü də bu barədə belə yazırdı: “Bəzən yaradıclıqda milli ənənələr sövq-təbii meydana çıxır. Mən ispan, bolqar, vyetnam mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim milliyətimin, mənim Azərbaycan əllərimin izi qalır. Mən bunun necə baş verdiyini aydınlaşdıra bilmirəm və bu barədə heç düşünmürəm”.

Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. İlk iri həcmli əsəri “Ürək mahnısı” kantatasında, “Leyli və Məcnun” simfonik poemasında, C.Hacıyevlə yazdığı “Vətən” operasında, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletində biz onun musiqisinin milliliyini aydın surətdə hiss etdiyimiz kimi, son illərdə yazdığı 3-cü simfoniyasında, skripka və orkestr üçün konsertində, fortepiano üçün yazdığı prelüdlərin son dəftərində və 12 fuqada da duyuruq. Bu əsərlərdə millilik müxtəlif şəkillərdə ifadə olunub ki, bu da təbiidir. Millilik özü dəyişməz bir keyfiyyət deyil, eyni bir bəstəkarın müxtəlif yaradıcılıq mərhələlərində də inkişaf edir, dəyişir.

Çox maraqlı və səciyyəvi haldır ki, bəstəkarın son əsərlərini eşidən Qərb musiqiçiləri dəfələrlə etiraf etmişlər ki, Qarayevin bu əsərləri Qərb “Seriyaçıları”nın əsərlərinə heç bənzəmir. Bu da təbiidir ki, dodekofoniya bəstəkar üçün heç vaxt bir məqsəd rolunu oynamamış, yalnız texniki vasitə idi. Elə ona görə son səhnə əsəri olan “Çılğın Qaskoniyalı” müziklində bəstəkar artıq bu vasitədən, bu üsuldan istifadə etməmişdir.

Hələ 1961-ci ildə Amerika Birləşmiş Ştatlarının Los- Anjelos şəhərində keçən Beynəlxalq musiqi festivalından qayıdan Qarayev öz təəssüratını ifadə edərək belə demişdir: “Biz onlardan əlli il geri qalmışıq”. Elə bundan sonra o, Qərbin musiqi sistemlərini, texnologiyasını öyrənməyə başlayır və bunun üçün çox vaxt, güc, enerji sərf edir.

Bu baxımdan alimin “Вопросы Литературы” jurnalındakı müsahibəsi ilə tanış olmaq maraqlıdır. Bəstəkar etiraf edir ki, müasir musiqi sistemlərinin, həmçinin dodekofoniyanın nəzəriyyə və təcrübəsinin əsaslarını öyrənmək üçün çox vaxt sərf edib. Lakin bu yazı texnikasını bəstəkar Şönberqdən (həmin texnikanın yaradıcısıdır – Z.S.) fərqli olaraq digər etik və estetik məqsədlər üçün istifadə etmişdir. O, yazır ki, “3-cü simfoniyada mən yeni dilin müasir dövrün ruhunu daha gözəl əks etdirməyə qadir olduğunu deməyə çalışmışam. Bu dil yaradıcı individuallığı məhv etmir və musiqini milli özünəməxsusluqdan da məhrum etmir. Belə ki, Şönberq texnikasının qaydaları çərçivəsində 3-cü simfoniyada milli Azərbaycan mövzusu verilir. Mənə elə gəlir ki, bu çox şey deməkdir”.

Qayaev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı. O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü.

Bu barədə başqırd yazıçısı R.Həkimova verdiyi müsahibədə Q.Qarayev Qərbin və Şərqin lap əvvəldən onun təhsilində, yaradıcılığında vəhdətdə olduğunu qeyd edirdi: “Axı mən oxumağa Bakıda Hacıbəyovda başlamışam, Moskvada Şos- takoviçdə isə təhsilimi bitirmişəm. Ona görə Qərb və Şərq lap əvvəldən məndə bir vəhdət təşkil etmişlər. Mən sanki iki ananın oğluyam”.

Müsahib Həkimovun Azərbaycan musiqisinin dünya musiqisinə nə dərəcədə inteqrasiya olması barədə sualına bəstəkar belə cavab vermişdi: “Bu bizik, bu da dünyanın nailliyyətləridir. Belə fikirləşmək düzgün deyil. Axı biz də bu dünyanın bir hissəsiyik və bizim bugünkü işimiz ümumdünya işinin bir hissəsidir”.

Qara Qarayevin Üçüncü simfoniyası 1965-ci ildə yazılmış və ilk dəfə Moskvada böyük uğurla ifa olunmuşdur. Əsərin mərkəzində dayanan obraz Azərbaycan milli xarakterinin müasir mərhələsini əks etdirir. Xalqların azadlıq uğrunda mübarizəsi, dövrün yaraları – Xirosima və Osvensim, uzaq məmləkətlərin faciəsi, kosmosun fəthi, bir sözlə atom əsrinin bütün təzadları onu düşündürür. Belə mürtəkkəb müasir insan obrazını yaratmaq üçün asan, keçilmiş yollarla irəliləmək mümkün deyildi. Bəstəkarın musiqi dilindəki mürəkkəblik də məhz məzmunun xarakterindən doğurdu. Bəstəkar ən müasir vasitələrdən də məzmuna müvafiq olanları seçmiş, ən qəliz səslənmələrədən qorxmamışdır. Üçüncü simfoniyada bəstəkar müasir dünyanın geniş panoramasını təsvir etməyə çalış- mamışdır. O, müasir dünyanın problemlərinin konkret insan şüurunda əksini, insan xarakterində inikasını, insan obrazının süzgəcindən keçməsini göstərməyə çalışmışdır. Bəlkə elə buna görə də bəstəkar böyük simfonik orkestrə müraciət etməmişdir. O kamera orkestrinin imkanlarına əsaslanmış və bu imkanlardan böyük məharət və istedadla istifadə etmiş, yığcam, lakonik musiqi əsəri yaratmağa müvəffəq olmuşdur.

Qara Qarayevin yaradıcılığında Vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir. İkinci simfoniya, C.Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Bizim partiya”, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.

Bəstəkarın yaradıcılığının mərkəzində onun iki parlaq əsəri

– “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri durur. Qarayev yaradıcılığını bu musiqisiz, bu əsərlərsiz təsəvvür etmək qeyri mümkündür. Yüksək humanizmlə, böyük ideyalarla aşılanmış bu baletlər sovet musiqi xoreoqrafiya sənətində yeni səhifə açmış və ümumdünya şöhrəti qazanmışdır.

Qarayev “Yeddi gözəl” baletində Azərbaycan ədəbiyyatının klassik irsinə, dahi Nizaminin humanist ideya və obrazlarına müraciət etmişdir. Baletdə Nizaminin eyniadlı poemasının süjet xətti deyil, şairin yaradıcılığının əsas istiqamətverici mövzusu, əxlaqi-etik mövzusu götürülmüş və ön plana çəkilmişdir. Ümumiyyətlə, Nizaminin humanist ideyaları və obrazları bəstəkarı dəfələrlə özünə cəlb etmişdir. Nizami yaradıcılığının istiqamətverici əxlaqi-etik mövzusu Qarayevin baletində böyük emosional qüvvə və psixoloji dəqiqliklə səslənmişdir. Parlaq teatral musiqi, relyef obrazlar, dramaturji konfliktin simfonik üsulla açılması, həyəcanlı musiqi xoreoqrafik faciənin əsas cəhətləridir. Baletin musiqisi əsl milli musiqidir, bəstəkar xalq musiqisinin xüsusiyyətlərindən geniş istifadə etmişdir. Baletin bir sıra obrazları leytmotiv sistemi ilə xarakterizə edilmişlər. Xalqın nümayəndəsi Aişənin Bəhram şaha olan yüksək məhəbbəti, onun faciəsi baletin əsas lirik xəttidir. Aişə ilə bağlı olan musiqi parçaları baletin ən gözəl, valehedici səhifələridir. Balet 1952-ci ildə Bakıda böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu, sonra 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ongünlüyündə onun yeni tamaşası verilmişdi. Bəstəkarın 60 illiyi üçün baletin yeni quruluşu hazırlanmışdır.

Qarayev bu baletdən sonra bir sıra kinofilmlərə və dram əsərlərinə musiqi yazmışdır. Bunlardan “Xəzər dənizçiləri haqda dastana”a, “Vyetnam” sənədli kino filminə, V.Şekspirin Əzizbəyov adına Azərbaycan Dram Teatrında qoyulmuş “Qış nağılı”na və Nazim Hikmətin Moskvanın Jermolova Dram Teatrında oynanılan “Qəribə adam” pyesinə və s. göstərmək olar. Bu əsərlər arasında V.Vişnevskinin “Nikbin faciə” pyesinə yazdığı musiqi xüsusilə diqqətə layiqdir. Qarayevin musiqisiylə bu pyes 1955-ci ildə Puşkin adına Leninqrad Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Tamaşa böyük müvəffəqiyyət qazanmış və bir çox teatr səhnələrində, o cümlədən xaricdə oynanılmışdır. (Quruluşcu rejissor Tovstonoqov idi). Bu müvəffəqiyyətdə Qarayevin böyük rolu olmuşdur. Çünki bəstəkarın musiqisi tamaşanın ayrılmaz hissəsini təşkil edir. Bu musiqisiz həmin tamaşanı təsəvvür etmək mümükün deyil.

Qara Qarayev Leninqrad Opera və Balet Teatrının sifarişi ilə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyni adlı romanı əsasında 1958-ci ildə ikinci baleti olan “İldırımlı yollarla” baletini tamamlayır. Böyük rus bəstəkarı Serqey Prokofyevin xatirəsini və yaradıcılıq prinsiplərini yüksək tutan bəstəkar bu baletini ona ithaf edir. Balet 1967-ci ildə Lenin mükafatına layiq görülmüşdür. “İldırımlı yollarla” baleti müasir və aktual mövzuda - müstəmləkə xalqlarının öz azadlıqları uğrunda mübarizəsinə həsr edilmişdir. İrqi bərabərsizlik əsərin özəyini təşkil edir. Onun qəhrəmanları öz azad sevgiləri, məhəbbətləri uğrunda mübarizədə məhv olurlar.

Qarayevin “İldırımlı yollarla” baletinin gözəl, lirik, ilhamlı musiqisini dinlədikdə Abrahamsın bu sözləri yada düşür: “Övladlar, bizim zəmanəmizin nəğməsini oxuyun, nifrət, müharibə haqqında deyil, məhəbbət haqqında oxuyun”. Bəstəkar bu sözləri baletə epiqraf seçərək əsərin girişində metso-sopranonun ifasında səsləndirir. “İldırımlı yollarla” baletinin novatorluğu yalnız mövzunun müasirliyində, aktual- lığında deyil, bu mövzunun musiqidə necə şərh edilməsində, açılmasındadır. Qarayev uzun müddət Afrika xalqlarının musiqi folklorunu öyrənmiş, mənimsəmişdi. O, heç bir sitat gətirmədən baleti həmin musiqinin xarakter intonasiya və ritmləriylə zənginləşdirmişdi. Bəstəkar xoreoqrafiya sənətinin mühüm xüsusiyyətlərini saxlayaraq, bu musiqi əsasında geniş formalar, ümumiləşdirmələr yaratmağa müvəffəq olmuşdur.

“İldırımlı yollarla” baletindən sonra Qara Qarayev bir sıra kinofilmlərə və dram əsərlərinə parlaq musiqi yazmışdır. “Tarixin dərsi”, “Bir məhəlləli iki oğlan”, “Don Kixot”, “Uzaq sahillərdə”, “Xəzəri fəth edənlər” kimi filmlərə, Leninqradın Puşkin adına Dram Teatrı üçün M.Bulqakovun “Qaçış” pyesinə və Bakının Səməd Vurğun adına Rus Dram Teatrı üçün M.Lermontovun “Maskarad” dramına musiqi bəstələmişdi. Qarayevin kinofilmlərə və dram əsərlərinə yazdığı musiqidə o, müşaiyətçi kimi deyil, əsərlərin ideyasının, ruhunun, obrazlarının açıb göstərilməsində əsas vasitəçi kimi çıxış edir. Elə bil Qarayev həmin ideya ilə obrazların həyəcanı, əhval-ruhiyyəsiylə yaşayır. Bu cəhətlər məşhur rejissor Kozintsevin çəkdiyi “Don Kixot” filminə yazdığı musiqidə xüsusilə özünü biruzə vermişdir. Filmin rejissoru Kozintsevin Qarayevə göndərdiyi məktub bu cəhətdən maraqlıdır. O yazır: “Dünən bizdə televizorla “Don Kixotu”u göstərirdilər. Mən bu yolla öz filmlərimə baxmağı xoşlamıram. Ümumiyyətlə, köhnə filmlərimə baxmağı çox da sevmirəm. Ekranda artıq sağ olmayan çoxlu adam. Filmlər bəzi səbəblər üzündən bitməmiş görünür. Lakin bu səfər axıradək otaqdan getmək istəmədim. Səbəbi də ən çox sizin musiqiniz idi. Mən əvvəl də onu xoşlardım. Artıq çox illər keçmişdi, indi o mənə daha gözəl göründü. Siz öz musiqinizdə romanın əsl mahiyyətini qəribə bir güclə və dəqiqliklə duymusuz. Bundan yaxşı heç bir şey düşünmək olmazdı. Yəqin ki, bu, daxilinizdən gələn nə iləsə uyuşub, yoxsa bu cür yaratmaq mümkün olmazdı”. Qarayev sonralar da bu musiqi üzərində işləmiş və məşhur “Don Kixot” simfonik qravürlərini yazmışdır.

Son illərdə Qarayev oğlu bəstəkar Fərəc Qarayevlə birlikdə məşhur ispan rəssamı Qoyyanın həyatına həsr edilmiş filmə musiqi yazmışdır. Yenə digər xalqın musiqi folkloru, onun öyrənilməsi, mənimsənilməsi və yaradıcılıq süzgəcindən keçirilməsi!

Qara Qarayevin yaradıcılığında fortepiano üçün yazdığı əsərlər xüsusi yer tutur. Hələ 1937-ci ildə o, fortepiano üçün “Sarskoye selo heykəli” adlı pyes yazmışdır.

Bu pyesin taleyi uğurlu olmuş, pianoçuların sevimli əsərlərindən birinə çevrilmişdir. Bu musiqi lövhəsi böyük rus şairi A.S.Puşkinin ölümünün 100 illiyinə həsr edilmişdir. Pyesdəki obrazlar rəngarəngdir, qabarıqdır, harmonik cəhətdən əlvandır, impressionist çalarlarla diqqəti cəlb edir. Bu əsər ilk dəfə müəllifin ifasında Puşkinə həsr edilmiş yubiley konsertində səslənmişdir.

Fortepiano əsərləri arasında 24 prelüd xüsusi əhəmiyyət kəsb etmişdir. Sikl dörd dəftərdən ibarətdir və hər dəftərdə altı prelüd cəmlənmişdir. Hər dəftər siklin bitmiş bir hissəsi kimi qəbul olunur və həm də bütün siklin bir mərhələsi sayılır. Bu əsərin müəyyən proqramı yoxdur, lakin hər dəftər, hətta prelüd müəyyən bir obrazı təsvir edir. Prelüdlər bir-birilə təzadlıq əsasında qurulmuşdur. Birinci dəftərdə əsasən janr-məişət obrazları təsvir edilmiş, ikinci dəftər üçün lirik, dramatik, patetik hisslər xasdır. Axırıncı iki dəftərdəki prelüdlər dərin psixoloqizmi və fəlsəfəliyi ilə fərqlənir. Bu prelüdlərdə emosionallıq, gərginlik artır, musiqi dilində mürəkkəblik və polifoniklik çoxalır. Maraqlıdır ki, hər dəftərdəki prelüdlərlə bəstəkarın həmin dövrdə yazdığı digər janrlarda olan əsərləri arasında bir yaxınlıq, ümumilik duyulur. Məsələn, ikinci dəftərdəki prelüdlərin “Yeddi gözəl” baletinin obrazları və diliylə, üçüncü dəftərdəki prelüdlərin “İldırımlı yollarla” baletinin musiqisiyilə, dördüncü dəftərdəki prelüdlərin isə bəstəkarın son illərdə yazdığı əsərləri ilə yaxınlığı hiss olunur.

Bütün sikl üçün əlvanlıq, polifoniklik, gözəllik ritmik orijinallıq xasdır.

Gördüyümüz kimi, bəstəkar musiqinin müxtəlif janrlarında bir-birindən dəyərli, rəngarəng əsərlər yaratmış, musiqinin müxtəlif janrlarında özünün bəstəkarlıq məharətini, istedadını göstərmişdir.

Qara Qarayev böyük bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumi- ləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfək- kir idi. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri – xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində möhkəm və şərəfli yer tutmasına haqq qazandırır. Təsadüfi deyil ki, müəllimi Üzeyir Hacıbəyovdan sonra Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü məhs Qara Qarayev seçilmişdir.

Alim bir çox xarici ölkələrdə keçən beynəlxalq konfranslarda və simpoziumlarda sovet musiqisinin ləyaqətli və səlahiyyətli nümayəndəsi və elçisi kimi dəfələrlə çıxış etmişdir. Onun son çıxışlarından biri də İtaliyada “Sovet musiqisinin vacib prinsipləri” mövzusunda etdiyi məruzəsi olmuşdur. O, həm də parlaq natiq və sərrast söz ustası idi. Alimin ehtiraslı, alovlu çıxışları, musiqimizin ən aktual problemləri ilə zəngin məruzələri heç kəsi laqeyd, etinasız qoymurdu. Onun hər çıxışı, məruzəsi böyük auditoriya toplayaraq, musiqi həyatımızda xüsusi hadisəyə çevrilirdi. Bu barədə alimin pianoçu və bəstəkar Vaqif Mustafazadənin, eləcə də Rafiq Babayevin iştirakı ilə apardığı caz haqqında maraqlı mühazirələrini, bəstəkarların xüsusən üçüncü və dördüncü qurultaylarında etdiyi dolğun məruzələrini, müasir Qərb musiqisinin son nailiyyətləri haqqında söhbətlərini göstərmək istərdim. Bura Qarayevin Sönberq, Berq, Vebern, Messian, Lütoslavski, Stravinski və başqa bu kimi müasir Qərb bəstəkarları haqqında tələbələrinə verdiyi bilikləri, məlumatları da əlavə etmək yerinə düşərdi.

Axı Qara Qarayev xüsusi istedada malik pedaqoq, müəllim idi. O, 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında D.Şostakoviçin bəstəkarlıq sinfini bitirdikdən sonra, orada qalıb təhsilini davam etdirmək istəmişdir. Lakin müəllimi Şostakoviç buna etiraz edərək onun Bakıya qayıdıb konservatoriyada bəstəkarlıqdan dərs deməsini məsləhət görmüşdür.

Şostakoviç demişdir: “Bəsdir oxudunuz, indi artıq özünüz dərs deməlisiniz”. Bu doğru məsləhət idi.

Qara Qarayev saysız-hesabsız tələbə yetişdirdi. Bu gün onun tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinə məxsus dəst-xətti ilə seçilirlər. Bu Qarayev məktəbinin əsas xüsusiyyəti idi. Vasif Adıgözəlov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Fərəc Qarayev – bunların heç biri bir-birinə bənzəmir, lakin onların hamısı Qara Qarayev bəstəkarlıq məktəbinin yetişdirmələri, bu məktəbin parlaq nümayəndələridir.

Qara Qarayev həm də istedadlı ictimai xadim idi. O, Ü.Ha- cıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri və SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, dəfələrlə SSRİ Ali Sovetinə deputat (IV, VI,VII çağrış) seçilmiş, Sülh uğrunda Müdafiə Komitəsinin üzvü, P.İ.Çaykovski adına Skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin jüri üzvü və s. ictimai vəzifələrdə çalışmışdır.

Qara Qarayev cəmi 64 il yaşamışdır (1918-1982), lakin çox işlər görmüşdür.

Qara Qarayevin fikrincə, “Əgər insanların həyatı onların gördüyü işlərə uyğun uzansaydı - insanların xoşbəxtliyi naminə, həyatın yaxşılaşması naminə, tərəqqinin xeyrinə, yaxşılığın xeyrinə - bu ədalətli iş olardı”.

Qara Qarayevin yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir, dünyanı şəhər- şəhər, ölkə-ölkə gəzir, milyonlarla ürəkləri emosionallığı, hərarətiylə fəth edir, qəlbləri qürur və iftixar hissi ilə doldurur. Qara Qarayevin irsi ölməzdir, həmişəyaşardır!

Zemfira Səfərova,
sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi,
AMEA-ın müxbir üzvü

<< Geri