Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətində yerini
M.Qlinkanın rus musiqi tarixində yeri ilə tutuşdurmaq olar.
Çağdaş musiqimizin bütün başlıca janrları Üzeyir Hacıbəyovun
yaradıcılığından qaynaqlanır. Öz yetirmələrindən hər birinə
böyük qayğıkeşliklə yanaşan bu istedadlı müəllimin sinfində
çoxlarımız ilk dəfə anladıq ki, lirik xalq mahnılarının sadə
incəlikləri, muğam quruluşunun gözəllikləri arxasında həm
estetik, həm də məntiqi baxımdan olduqca özüllü bir sistem
durur.
___
Azərbaycan opera sənətinin inkişafı, öz qüdrətli istedadını
xalqa sərf etmiş Üzeyir Hacıbəyovun adı ilə qırılmaz
tellərlə bağlıdır. Hacıbəyov bütün yaxın şərq aləmində ilk
opera olan “Leyli və Məcnun”, eləcə də ən yaxşı sovet
operalarından biri olan, Azərbaycan mədəniyyətinin gözəl
incilərindən sayılan “Koroğlu”nun müəllifidir.
Üzeyir Hacıbəyov həyatının son günlərinədək xalqdan
ayrılmamış, yaradıcılıqda özünə dost bildiyi xalq musiqi
ustalarına heç bir zaman yuxarıdan yazmamışdır. Öz musiqi
dilini zənginləşdirmək, yeni bədii ifadə vasitələri tapmaq
məqsədini izləyən bəstəkar xalq sənətinin həyat bulağından
daim su içmişdir. Eyni zamanda, öz əsərlərindən heç bir
zaman xalq nəğmə və muğamlarını eynən təkrar etməmiş, xalq
musiqisinin mahiyyətini ifadə etmək üçün özünün orijinal
yaradıcılıq üslubunu yaratmağa səy göstərmişdir. O, xalqın
musiqisindən istifadə edərkən, onu yeni bir keyfiyyətdə,
zənginləşdirilmiş bir şəkildə xalqa qaytarmaq məqsədini
izləmişdir. Müqayisəli bir dillə desək o, tonlarla musiqi
dəmir külçəsini işləyərək xalq musiqi dühasının qramlarla
qızılını əldə etməyə çalışmışdır.
***
Görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığı Sovet
Azərbaycanının müasir musiqi mədəniyyətinin ayrılmaz
hissəsini təşkil edir.
Xalq musiqisinin əsaslarını gözəl bilmək, fikrin səmimiliyi,
yüksək romantika və coşqun lirizm , musiqi sənətinin ifadə
vasitələrinə sərbəst yiyələnmə, sərbəst yiyələnmə, parlaq
melodika – bütün bunlar bu gözəl sənətkarın yaradıcılıq
simasını səciyyələndirir.
***
Cəlil Məmmədquluzadə də nəhəng əbədi simlardandır. Onun
qəhrəmanları ilk baxışda oxucuya və tamaşaçıya kiçik
görünürlər. Amma onların humanizmi, mənəvi aləmi, demokrtaik
düşüncələri, məişəti o qədər ustalıqla açılır ki, bu “kiçik”
obrazlar və onların konkret milli duyğuları ümumbəşəri və
dərin məəna kəsb edir. Bu sadə və adi insanların idealları,
faciəsi həmin dövrdə və hətta indinin özündə də hüququ
tapdalanan bütün xalqların idealları, faciəsi ilə bir
səsləşir. Cəlil Məmmədquluzadə dühasının qüdrəti bundadır.
***
İmran Qasımovla bizi bir onillik deyil, gənclik illərindən
indiyədək davam edən saf, şəxsi və yaradıcılıq dostluğu
birləşdirir. Və bu gün olduqca təəssüflənirəm ki, məni
həyəcanlandıran, səmimi duyğuları tam mənası ilə ifadə
etməkdə qələmim acizdir.
İmran bu yaxınlarda yazmışdı ki: “60 il – bu, az deyil!”.
Lakin ömrün ötən bu illəri ərzində istedad məhsulu olan nə
qədər parlaq ədəbi əsərlər yaratmış, ictimai fəaliyyətə nə
qədər böyük qüvvə sərf etmiş, onunla çiyin-çiyinə irəliləmiş
və bu gün də bir sırada olan yoldaşlarından nəcib insani
duyğularını, səmimiyyətini əsirgəməmişdir... Mənə belə gəlir
ki, bu gün əziz dostumu və qardaşımı təbrik edərkən deyə
bilərəm: “60 il – bu çox deyil...”, qarşıda onu böyük
yaradıcılıq planlarının həlli gözləyir.
***
Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində adları barmaqla
sayıla biləcək nadir dühalardan birisidir. Çünki yalnız
Azərbaycan xalqının deyil, bütün mədəni xalqların fikri
inkişafına Nizami yaradıcılığı əhəmiyyətli dərəcədə təsir
göstərmişdir.
Bəzi xalqların Nizamini öz şairləri adlandırmaları da
maraqlıdır. Yaradıcılığı ilə bütün xalqları, bütün
bəşəriyyəti düşündürən məsələləri əhatə edən və böyük
humanist bütün millətlərin şairi adlanmağa layiqdir. Bununla
bərabər, o, əsl Azərbaycan şairidir. Qədim Gəncədə doğulub,
bütün ömrünü orada keçirən sənətkar vətəninə böyük
məhəbbətin ifadəsi olaraq öz əbədi adına Gəncəvi ləqəbini də
əlavə etmişdir. Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini
həmişə uca tutmuş, müqəddəs sanmışdır.
***
Bu günlərdə 60 illiyinin iftixar hissi ilə bayram etdiyimiz
“Leyli və Məcnun” operası dahi bəstəkarlarımız Üzeyir
Hacıbəyovun yaradıcılıq yollarında ilk addımları idi. Məsələ
burasındadır ki, dahilərin sənət yollarındakı ilk addımları
da böyük və mənalı olur. “Leyli və Məcnun” məhz belə
addımların bəhrəsi olmuşdur.
Üzeyir Hacıbəyov yaradıcılığı “Leyli və Məcnun” operasında
xalq yaradıcılığı ilə - əsrlərin süzgəcindən keçib gəlmiş
muğamlarla üzvi surətdə birləşmişdir. Xalqımızın həmin
operanı illərdən bəri tükənməz bir məhəbbətlə sevməsi buna
parlaq sübutdur. Bəstəkar bu və ya digər obrazın daxili
aləmini açmaq üçün, onların əhval-ruhiyyəsini düzgün vermək
üçün müxtılif muğamlardan yaradıcılıqla, məharətlə istifadə
etmişdir.
Üzeyir Hacıbəyov öz əsərində muğamlara bir növ obraz vermiş,
daha doğrusu, adətən mücərrəd bir mənanı, məhəbbəti, sevinci,
kədəri ifadə edən həmin muğamları səhnədəki hərəkətlə,
aktyor oyunu ilə birləşmişdir. Mənə elə gəlir ki, “Leyli və
Məcnun” operasının Azərbaycan opera səhnəsində böyük
məhəbbətlə sevilməsinin səbəblərindən biri də budur. Bu
cəhətə görə o indiyədək yaşamış və yaşayacaqdır.
***
Onun çalğısında nə qədər füsunkar bir gözəllik var idi! Onun
vurduğu mizrablar neçə ürəyin arzularından xəbər vermiş,
neçə qəlbin tellərini titrətmişdir! İstər bəstəkar olsun,
istərsə də adi musuq həvəskarı, bu ölməz tarzənin
xallarında, gəzişmələrində nə qədər şairanə boyalar, necə
böyük ustalıq görürdülər. Onun tarı sanki adi taxtadan və
sümükdən qayrılmış alət deyildi. O, sanki bütün
xalqlarımızın atəşin ürəyindən yaranmışdır. Odur ki, qocaman
tarzənin çaldığı muğamlara və mahnılara həyəcansız qulaq
asmaq mümükün deyildi.
Qurban Pirimovun ifasında klassik ifaçılıq sənətinin
qiymətli cəhətləri ilə müasir musiqi mədəniyyətinin
ənənələri çox parlaq bir şəkildə birləşmişdir. Azərbaycan
operasının təşəkkül dövrlərindən başlayaraq görkəmli
tarzən-solist kimi tanınmış Qurban Pirimov öz çalğısı ilə
bütün bir orkestrin işini görür, vokalistləri məharətlə
müşaiyət edirdi. Bir çoz xanəndə və opera solistlərinin
yetişməsində qocaman tarzənin böyük və unudulmza zəhməti
vardır. O, musiqimizin alovlu təbliğatçıların biri olmuşdur.
Hələ inqilabdan əvvəl Qurban Pirimov öz sənət dostları ilə
birlikdə bizm doğça azəri musiqisini Rusiya və Avropanın bir
çox şəhərində şöhrətləndirmişdir.
***
Şostakoviçin tələbələri ilə necə dərs keçdiyini, hansı
pedaqoji prinsiplərdən faydalandığını hazırda məndən tez-tez
soruşurlar. Və mən cavab verməyi özümə borc bilirəm ki,
həmin prinsiplərin sayı istedadlı və oxşarsız şagirdlərin
sayı ilə ölçülürdü. Lakin bütün hallarda, çox sərt müəllim
olduğuna baxmayaraq, o, yetirmələrində özlərinə dərin inam
aşılayır və ən şətin işlərini belə sona çatdırmaqda onlara
köməkçi olurdu. Onun sinfində sənətə ən yüksək peşəkar
yanaşma ab-havası vardı: yarımçıq hazırlıqla dərsə gəlmək
haqqında söhbət gedə bilməzdi. Və biz fədakarlıqla, mən
deyərdim, özümüzə qarşı qəddarcasına işləyirdik: heç yadımda
deyil ki, sinifdə tənbəllər yaxud avaralara “qaşın üstə
gözün var” deyən olsun. Burada tam gücünə işləmək gərək idi.....
Mən hər zaman sevimli müəllimimin minnətdar şagirdiyəm,
çünki musiqidə, sənətimdə bütün qazandıqlarım onun adı ilə
bağlıdır.
***
Mən tələbəni xalq yaradıcılığının hazır nümunələrindən sitat
şəklində faydalanma yoluna yönəltməkdən uzağam. Xalq
musiqisinə sirf qoruyuculuq baxımından yanaşma
mühafizəkarlığa gətirib çıxarır, irəliləyiş və inkişafa
maneçilik törədir , onu bir növ donmuş nəyəsə, daha doğrusu,
muzey eksponatına çevirir. Burada, bütün yaradıcılıqla bağlı
məsələlərdəki kimi, milli musiqi mədəniyyətinin geniş
çevrəsində ən yaşamlı və dəyərlilərin seçimində gənc
bəstəkarın yaradıcılıq təşəbbüsu və var qüvvəsi ilə işləmək
bacarığı olmasa, uğur qazanıla bilməz.....
***
Belə bir deyim dərin kök salıb ki,
folklor tükənməz bir
qaynaqdır və bu qaynaqdan faydalanmanın sonu yoxdur.
Əlbəttə, şairanə yozumdur, lakin, mənim düşündüyümə görə,
düzgün deyil. Əgər tutuşdurmaya qalsa, xalq musiqisini
yerüstündən ayrı – ayrı dərinliklərdə qatlar üzrə yerləşən
neft yataqlarına bənzətmək olar. Haradasa 70 – 80 il öncə
Abşeronda bir neçə metr dərinlikdə qazılan quyu tezcə neftlə
dolaraq, yiyəsini varlandirardı. Asan qazanca can atan
insanlar əlçatan üst qatları rəhmsizcəsinə istismar
edirdilər. Neftin səviyyəsi düşməyə başladı. Üst qatlar
tükəndi və hazırda nefti yalnız texniki qurğuların köməyi
ilə çıxarırlar.
***
Bizim
xalq musiqimizin üst, əlçatan qatlarından faydalanma,
daha doğrusu, onun yırtıcı istismarı bununla sonuclanır ki,
eyni intonasiya və ifadələrdən ibarət dar çevrə bir əsərdən
digərinə keçərək, dəyişmədən, yaradıcı şəkildə işlənmədən
sonsuz sayda təkrarlanır, çeynənir, simasızlaşır və ucuz
basmaqəlibə çevrilir. Bunun oxşarları da xalq musiqisinin
başına gətirilir. Gəlin bir düşünək: məgər biz onu həddən
artıq asan yolla əldə etmirikmi? Məgər biz onun üst, əlçatan
qatlarından acgözlüklə faydalanmırıqmı? Xalq musiqisinin
tükənməzliyi deyimi və durumuna son qoymaq, başlıca
zənginliklərin daha alt qatlarda, biz düşündüyümüzdən də
dərinlərdə yatdığını anlayıb, bu dərinliklərə üz tutmaq,
həmin qatlara çatmaq üçün də lazımlı texniki qurğularla
silahlanmaq vaxtı deyilmi?
.....Sənətçiləri
gəmilərə bənzətmək olar: bə’ziləri geniş,
ucu – bucağı görünməyən, fırtınalı və hər zaman yeniliyində
belə sonsuz dənizdə üzməyi sevir, digərləri isə səssiz,
sakit fırtınalardan və qorxulardan uzaq limanlarda lövbər
salmağa can atırlar....
***
.....Musiqi sənəti çevrəsində işlədiyim xeyli zamandır.
Əlbəttə, sakitlikdə də yaşamaq olardı. Lakin dincliyin
başlanğıcı sənətin sonu deməkdir. Yerində saymamaq üçün,
gərək özün özündən “üz döndərməlisən”. Necə ki, V.Şklovski
deyib: “Boy atmaqdan, yetkinləşməkdən yorulmadığımdan, mən
daim dəyişilməliyəm.”
“Ritm zaman anlamını dəyişib. Əgər keçmişlərdə sənətkar
ömrü, kobud desək, incəsənət tarixi gedişinin hansısa, -
klassisizm yaxud romantizm, - dövrünə uyğun idisə, hazırda
bizlərdən hər birimiz zirvəyə doğru bir neçə gədiyi aşmalı
olur. Dayanıb durmaq qorxuludur.....”
***
Azərbaycan bəstəkarlıq məktəbi bir neçə onillik ərzində
əsrlərə bərabər yol keçmişdir. Hələ dünən hansı işi görməyə
başlayırdıqsa, deyirdik: xalqın tarixində birinci dəfədir ki,
belə bir iş görülür. Bu gün musiqimiz sovet musiqisinin
qabaqcıl dəstələri sırasına qoşulmuşdur...
Qədim zamanlardan bəri musiqini söz qədər doğma və təbii
sayan xalq Sovet hakimiyyəti sayəsində, rus mədəniyyətinin
köməyi sayəsində öz mənəvi qüvvələrinin buxovlarını qırmış,
yüksək zirvələr fəth etmişdir...
Respublikamızda musiqi sənətinin təşəkkülü, yüksəlişi və
inkişafı kimi çox mürəkkəb proses əslində bir nəslin payına
düşmüşdür ki, bunu qeyd etmək çox vacibdir...
Hələ bu yaxınlaradək aydın idi ki, Azərbaycan musiqisinin
müasir dövrə layiq yaradıcılıq vəzifələrini yerinə yetirmək
üçün sənətkarlıq səviyyəsi, professionallıq mədəniyyəti
səviyyəsi kifayət deyildi. Bu səviyyəni yüksəltmək lazım idi.
Bu vəzifə indi yerinə yetirilmişdir...
Bizim musiqi sənətimizdə müəyyən yüksək səniyyə əldə
edilmişdir. Lakin qazanılmış nailiyyətlərə, uymamalıyıq,
daha irəli getməliyik...
Həyatımızın ən səciyyəvi xüsusiyyəti bu gün zəmanəmizin kəsb
etdiyi qeyri-adi dolğunluqdur. Zamanın gedişi bizin
xeyrimizədir, lakin o, öz tələblərini də irəli sürür.
Sənətkarın vəzifəsi bu tələblərin öhdəsindən gəlməkdir.