E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu-musiqiçi tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər.

Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da yaşayacaqdır, əbədi yaşayacaqdır. Bir sözlə, bu böyük şəxsiyyət bizim milli fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni zamanda, bildiyiniz kimi, o, milli musiqiyə də çox bağlı idi. Xalq mahnıları, bizim milli musiqimiz onun fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir.

Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri dünya mədəniyyətini öz dəyərli töhfələri ilə zənginləşdirmiş dahi bəstəkar, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevdir. Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin özünəməxsus və parlaq səhifəsini təşkil edir. Mədəni irsimizin qorunmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında bəstəkarın xidmətləri danılmazdır. O, klassik və müasir musiqini uğurla sintez etmiş, öz bəstəkarlıq məktəbini yaratmış, istedadlı davamçılar yetişdirmiş, Azərbaycan bəstəkarlıq sənətini daha yüksək səviyyəyə qaldırmışdır, Təsadüfü deyil ki, Azərbaycan musiqisi yarım əsrə yaxın bir müddətdə məhz onun adı ilə bağlı olmuş, onun təsiri ilə inkişaf etmişdir.

Böyük bəstəkarın hər bi əsəri janrından və mövzusundan asılı olmayaraq tez bir zamanda minlərlə qəlbləri fəth edərək klassikaya çevrilir, musiqi xəzinəsinin qızıl fonduna daxil olurdu. Onun bəstələdiyi “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması. “”Vətən” operası, milli musiqimiz üçün yeni olan “Coşğun qaskoniyalı” adlı müzikli, bir çox filmlərə yazdığı musiqi parçaları, kantataları, romans və mahnıları Azərbaycan və dünya musiqisinin ən gözəl incilərindəndir. Elə ona görə də əməyi xalqımız, dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilən bu böyük şəxsiyyət, alim, müəllim, ictimai xadim və nəhayət, gözəl insan, bənzərsiz bəstəkar, maestro Qara Qarayev haqqında yazılmış hər yeni əsər gərəkli və təqdirəlayiqdir.

Mehriban Əliyeva

Heydər Əliyev Fondunun Prezidenti

Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və şimal romantikası var.

Nazim Hikmət,

türk şairi

Qara Qarayev haqqında, onunla ilk tanışlığımız ,sənət aləmində yoldaşlığımız barədə, yaradıcılıq yolu haqqında düşünərkən nəzərim bir teleqramın üzərində dayandı.Bu teleqramı mən Qara Qarayevə Lenin mükafatı alması ilə əlaqədar göndərmişdim:Əzizim Qara, sənin gözəl “İldırımlı yollarla” partituran çoxdan ən yüksək mükafata layiqdir.Lenin mükafatı verilməsi münasibətilə səni ürəkdən təbrik edirəm. Sənin qələbən, şübhəsiz , bütün musiqi ictimaiyyətimizi sevindirir. Azərbaycan sovet musiqisi səninlə haqlı olaraq fəxr edir.

______

Q.Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün dünya musiqisinin bəzəyidir. Q.Qarayev bir də ona görə ölməzdir ki, tərbiyə etdiyi bəstəkarların böyük bir dəstəsini qoyub getmişdir. Həmin bəstəkarlar onun işini davam etdirəcəklər.

Fikrət Əmirov,

SSRİ Xalq artisti

Qarayev görkəmli şəxsiyyət idi. Q.Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı. Müasir bəstəkarlıq məktəbinin layiqli başçısı olan Q.Qarayev öz ideyalarını, fikirlərini, elmə, incəsənətə baxışlarını səxavətlə başqaları ilə bölüşürdü. Q.Qarayevin musiqisi onun həyatının -sənətkar həyatının, parlaq, dolğun və istedadlı insan həyatının dəqiq inikası idi.

Niyazi,

dirijor, SSRİ Xalq artisti

Biz Q.Qarayevin adını müasir incəsənətin ən yaxşı, ən görkəmli xadimləri sırasında çəkirik. O, öz yaradıcılığı ilə Azərbaycan musiqisi üçün yaxın və uzaq ölkələrin ən böyük teatrlarına, ən yaxşı konsert səhnələrinə yol açmışdır. Bəstəkar öz xalqının musiqisini dünya musiqi mədəniyyəti orbitinə çıxarmışdır. Onun yaradıcılıq fəaliyyətinin tarixi əhəmiyyəti də bundadır, Qarayev dünya incəsənətini öz xalqının musiqisi ilə, özünün təkrarsız, orijinal istedadı və böyük sənətkarlığı ilə zənginləşdirmişdir.

Dmitri Kabalevski,

bəstəkar, SSRİ Xalq artisti

Q.Qarayev mənim ən çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu özünə xas olan tərzdə birləşdirilməsindədir.

Dmitriy Şostakoviç,

SSRİ Xalq artisti

Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin musiqisi sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq hadisələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl keyfiyyətləri üzvi şəkildə birləşdirməsindədir.

Tixon Xrennikov,

bəstəkar, SSRİ Xalq artisti

Dərin milli sənətkar olan Qarayev milli məhdudluqdan tamamilə uzaqdır. Ü.Hacıbəyovla birlikdə onu cəsarətlə müasir Azərbaycan musiqi mədəniyyətinin banisi adlandırmaq mümkündür. Müəlliminin ənənələrini davam etdirən Qarayev sözün əsl mənasında bütün janrlarda yaradır... Azərbaycan musiqisində bu janrların çoxunu əməli surətdə məhz Q.Qarayev kəşf etmişdir. Ümumiyyətlə, onun yaradıcılığı milli musiqi mədəniyyəti üçün elə bil yeni pilləyə, yeni keyfiyyətə keçiddir.

Azərbaycanın yeni musiqisinin dünya meydanına çıxması Qarayevin adı ilə qırılmaz surətdə bağlıdır. O, yeni milli bəstəkarlıq məktəbi yaratmışdır.

Rodion Şedrin,

bəstəkar, SSRİ Xalq artisti

Q.Qarayevin musiqisi, onun istedadı, pedaqoqluq məharəti, musiqi haqqındakı dərin fikirləri, ümumiyyətlə, gərgin əməyi keçmiş sovet mədəniyyəti xəzinəsinə möhkəm daxil olmuşdur. Biz hamımız uzun müddət bu xəzinədən bəhrələnəcək, bilik əxz edərək ilham alacağıq.

Q.Q.Paman,

Latviyanın Əməkdar incəsənət xadimi

Q.Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli, novator sənətkardır. O, geniş yardıcılıq vüsətinə malik ustaddır.

Nikolay Tixonov,

rus şairi

Onun musiqisi ilə görüş həmişə böyük sevinc gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında dərin düşüncələr doğururdu. Zaman xatirələri soldurmağa qadir deyildir... İllər, on illər keçəcək, lakin yeni-yeni nəsillər Q.Qarayev musiqisinin zəngin xəzinəsinə qovuşmaq və ondan heç vaxt ayrılmamaq üçün həmişə canlı yaradıcılıq çeşməsinə gələcəklər.

Nodar Dumbadze,

gürcü yazıçısı

Qarayevin yaradıcılığı sadəcə olaraq orijinal istedad sahibinin görkəmli əsərləri deyildir. Bu, XX əsr musiqi sənətinin zirvələrindən biridir, özündə dövrün yüksək ideallarını, vətəndaşlığı və vətənpərvərliyi təcəssüm etdirən hadisədir.

HəsənAbdullayev,

Akademik

Onun hər bir əsəri Azərbaycan musiqisinin inkişafında mühüm mərhələ olmuş, gənc musiqiçilər üçün geniş üfüqlər açmışdır.
Q.Qarayevin novatorluğu onun milli və dünya musiqi sənətində təşəkkül tapmış klassik ənənələrə ən dərin hörmətindən irəli gəlir. Bəstəkarın yeni-yeni axtarışlar üçün möhkəm təməl olan cəsarətli, qeyri-adi üsullarının yaradıcılıq ölməzliyi də bundan ibarətdir.

Elmira Abasova, professor, Əməkdar incəsənət xadimi
Qarayev musiqisi ömrümüzün hər çağında könlümüzü ümidlə, qürurla, qüvvətlə doldururdu, ovundururdu, bizə dünyanı izah edirdi, gələcəyə inandırmağa çağırırdı.

Q.Qarayev mədəniyyətimizdə gələcəyin səfiri idi, sabahın elçisi idi və musiqimiz, musiqiçilərimiz, musiqi dinləyicilərimiz inkişaf edib irəlilədikcə qarşıdakı zirvələrdə həmişə Q.Qarayevlə rastlaşacaqlar.

Anar,

Xalq yazıçısı

Q.Qarayev dünya miqyasında adlı-sanlı bəstəkardır. Onun musiqisi öz vüsəti, forma kamilliyi ilə dinləyicini həmişə valeh edir. Bəstəkarın nəcib ideallarla -humanizm, beynəlmiləlçilik idealları ilə aşılanmış yaradıcılığının dinləyicilər tərəfindən rəğbətlə qarşılanması geniş kütləyə məlumdur. Mən bunu İstanbulda konsert zamanı bir daha yəqin etdim. Orada yerli simfonik orkestrin ifasında “İldırımlı yollarla” baletindən məşhur süita əzəmətlə səsləndi.

Qarayevin vəfatı təkcə ölkə musiqi mədəniyyəti üçün deyil, eləcə də bütün dünya musiqi mədəniyyəti üçün də ağır itkidir. Artıq Qarayev həyatda yoxdur. Ancaq onun musiqisi ölməzdir.

Gülay Uğrata,

türk pianoçusu

Müasirlik bəstəkarlarımızın diqqət mərkəzində durmalıdır. Bunu bizdən xalqımız və həyatımız tələb edir. Müasir həyatımızı tərənnüm edək -Q.Qarayevin bu sözləri sadəcə bir şüar deyil, əsl yaradıcılıq proqramıdır, bir bəstəkarı dövrümüzə layiq parlaq sənət nümunələri yaratmağa çağıran yaradıcılıq proqramıdır.

Biz Q.Qarayev musiqisində bəşəriyyəti tərəqqiyə çağıran müasir bəstəkarın alovlu səsini həmişə eşidir və eşidəcəyik.

Azər Rzayev,

bəstəkar, Azərbaycanın Xalq artisti

<< Geri