Ağdam rayonu rеspublikamızın həyatında həm iqtisadi, еlmi potеnsialına, həm də
insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.
Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük
iqtisadi potеnsialı olan rayonlardandır. Rayonun ərazisi 1154 km 2, əhalisi
174,6 min nəfərdir. Rayonda 1 şəhər, 14 qəsəbə, 123 kənd, 151 ümumtəhsil məktəbi,
11 uşaq musiqi məktəbi, 2 peşə məktəbi, musiqi texnikumu, sosial-iqtisad kolleci,
52 kitabxana, 31 klub, 15 mədəniyyət evi, muğam məktəbi, 4 muzey, 20 xəstəxana,
o cümlədən mərkəzi rayon və uşaq xəstəxanaları, oftalmoloji xəstəxana,
rayonlararası psixiatriya xəstəxanası, doğum evi, 12 kənd xəstəxanası, 3
dispanser (ağ ciyər xəstəlikləri, dəri-zöhrəvi xəstəlikləri və ruhi-əsəb
xəstəlikləri), gigiyena və epidimologiya mərkəzi, 27 həkim ambulatoriyası, 82
feldşer-mama məntəqəsi var.
1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna
arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da
hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.
Ağdama edilən birinci hücum nəticəsiz qalmış, ermənilər qüvvəni Ağdərə
istiqamətində cəmləşdirmiş, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçmişdir.
Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata
başlamışdır. Təzavüzkar erməni ordusunda çoxlu sayda xaricdən gəlmiş ermənilər
və muzdlu əsgərlər də var idi. Onlara qarşı əsasən könüllülərdən ibarət və
düşməndən sayca az olan Azərbaycanın milli ordusu durmuş, 42 gün davam edən
döyüş Ağdamın işğalı ilə sona çatmışdır. Təcavüz nəticəsində ermənilər Ağdam
rayonunun ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail olmuş, Ağdamın rayon
mərkəzi ilə birgə 82 yaşayış məntəqəsi, o cümlədən 80 kənd, 1 şəhər və 1
qəsəbəsi işğal olunmuşdur. İşğal nəticəsində 128 min insan məcburi köçkün
həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ağdam rayonunun
38 kolxozu, 12 sənayеsi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə
olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə kеçmişdir.
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə
insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi
köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Ərazisinin 70 faizdən çoxunu itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı
3 milyard manat vəsait itirmişdir. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin
ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.
Ağdam rayonunun işğal edilməmiş 44 yaşayış məntəqəsində, o cümlədən 43 kənd və 1
qəsəbəsində kənd təsərrüfatının heyvandarlıq, taxılçılıq, tərəvəzçilik,
bostançılıq, üzümçülük, meyvəçilik sahələri inkişaf etdirilir.
Hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı,
dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi
səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız, ata-babalarımızın
uyuduqları məzarıstanlıqlarımız tеzliklə azad еdiləcək. O gün uzaqda dеyil.
|