Səthi, əsasən maili düzənlik (İncəçöl və Gəyan çölü ), şimalda alçaq dağlıqdır. Hündürlüyü Araz çayı sahilində təqribən 200 m (bəzi yerlərdə daha alçaq), şimalda 1000 m və daha yüksəkdir. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-2 0 C, iyulda 24-25 0 C-dir. İllik yağıntı 400-500 mm-dir. Çayları qısa və müvəqqəti axarlıdır. İşğala qədər 17,2 min ha-da meşələr var idi.

İqtisadiyyatında əsas yeri taxılçılıq, heyvandarlıq tuturdu. Baramaçılıq, üzümçülük və quşçuluq da inkişaf etmişdi. İşğala qədər 60 min tondan çox üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri, ümumilikdə 8 sənaye obyekti fəaliyyət göstərirdi.

Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Erməni işğalına qədər rayonda 72 ümumtəhsil, 1 peşə, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana, 6 xəstəxana, 18 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji st., vərəm dispanseri fəaliyyət göstərirdi. 127 tarixi memarlıq abidəsi, o cümlədən Sultan Məcid hamamı (XVIII əsr), Xubyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndindəki Dairəvi türbə (XIV əsr), Diridağda Qız qalası olmuşdur. Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

İşğal nəticəsində mədəniyyət müəssisələri və abidələr dağıdılmışdır. Qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Cəbrayıldan olan məcburi köçkünlər respublikanın 58 rayonunda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

Respublikanın müxtəlif bölgələrində Cəbrayıl rayonunun 45 ümumtəhsil məktəbi, 11 məktəbəqədər, 1 məktəbdənkənar və 1 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir.

 

 

<< Geri