"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi. 1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.
Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
Azərbaycanın ən yüksək dağ rayonu olan bu rayon Bərdə dəmiryolu stansiyasından 139 km məsafədə, Bərdə-İstisu şosse yolundan kənarda, Tərtər çayı vadisində, dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında yerləşir. Ən yüksək nöqtəsi Camışdağdır. Murov, Şahdağ, Şərqi Bəyazit, Basarkeçər, Mıxtökən dağları, Qarabağ dağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi də bu rayona aiddir.
Qış rayon ərazisinin böyük hissəsində quru, soyuq dağ iqlimində keçir. Ən böyük çay Tərtər çayıdır. Rayon ərazisində 2 göl – Alagöllər və Zalxa gölü var. Bir zaman rayon öz uzunömürlüləri ilə məşhur idi, çünki burada yaşı 100-ü ötmüş çox-çox adam yaşayırdı ki, bu da təəccüblü deyildi: 200-dən çox müalicəvi otların yetişdiyi Kəlbəcər dağlarını əminliklə yaşıl aptek adlandırmaq olar. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən İstisu kurort zonası öz xüsusiyyətlərinə və gözəlliyinə görə dünyada məşhur olan Karlovı Varı kurortundan heç də geri qalmır.
30 000 çeşmənin, yüzlərlə qaynar və mineral bulaqların olduğu, 4000-dən artıq bitkilərin yetişdiyi, 280 ha ərazisi meşələrlə örtülü, faydalı qazıntılarla zəngin bu torpağı təbii muzey adlandırırlar.
Kəlbəcərdə qədimdən bəri qızıl çıxarılıb. Söyüdlü – Zod qızıl mədəni əsrlər boyu məşhur olmuşdur. 1970-80-ci illərdə Söyüdlüdə işləyən geoloji kəşfiyyat ekspedisiyası qədim mədənlər, mağaralar, quyular, qədimdə çıxarılmış qızılın zərrəciklərini, habelə qızıl çıxaranların alətləri, kiçik tərəzilər aşkar etmişdir ki, bu da hələ 4-5 min il bundan əvvəl burada qızıl çıxarılmasının sübutudur. Zar kəndi tarixi qaynaqlarda “Şəhrizad”, yəni qızıl şəhər adlandırılmışır.
Həm də aşıqlar diyarı kimi məşhurlaşmış Kəlbəcərin tarixinin kökləri qədim keçmişə gedir. Tarixi bizim eradan əvvəl III əsrlə müəyyən edilmiş daşüstü yazılar, yaşayış məskənləri, yüzlərlə qədim mağaralar, bu yerlərdə tapılmış gil qab-qacaq və digər maddi sübutlar burada əzəldən bəri mədəniyyətin inkişafının göstəricisidir.
Şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin
rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta
məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon
xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri
və s. vardı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini əhatə edən
dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir.