Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri
ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin
qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim
yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi
təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla
xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu
Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif
Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli
şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi
olaraq tanınır.
1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin
tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul
edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış,
mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin,
Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair
Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.
1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq
sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi
nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı.
Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış
gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu
formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində
yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların
qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq,
təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın
8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu,
165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları
işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə
tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz
qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə
ocaqlarını xarabazara döndərdilər.
Şuşanın süqutunun iyirminci ildönümü ərəfəsində şəhərin müdafiəsi zamanı şəhid
olmuş soydaşlarımızın xatirəsini bir daha dərin hüznlə yad edir, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
-
Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci
ildönümü ilə əlaqədar müvafiq anma mərasimləri keçirilsin.
-
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Şuşa şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə
bağlı tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2012-ci il
|