Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında
yaradılmışdır.
Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra)
azərbaycanlı rayonu idi.
Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal
olunub.
Rayonun mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində
yerlə-yeksan edilib.
Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa
başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus
mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici
alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin
öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı
başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan
əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və
ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid
kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş
dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını
göstərmək olar.
Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları
arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət
Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət
abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin
yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan
emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal
tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid
əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər
bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası
demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba,
xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış
bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar
edilmişdir.
Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim
dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları
tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara,
qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı
qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan
əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də
müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin
Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın
Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə
yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy
rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri
adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və
erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir.
Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz,
bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış
müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki,
xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı
toponimiyasında da öz əksini tapmışdır.
İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının
Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan Qarqarların
adı ilə bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili əsasında tərtib
olunduğu ehtimalını da irəli sürüblər. Hazırda Qarqar Xocalıda yerləşən dağ
silsiləsidir. Qafqaz Albaniyası dövrünü tədqiq edən alimlərdən K.V.Trever III
əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. Adı Qafqaz
Albaniyasının Qarqar tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam,
Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir. Ətraf rayonlar bu
çaydan suvarmada geniş istifadə edirdi. Qarqar düzü və Qarqar dağ silsiləsi
adlanan ərazi də Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və Qafqaz
tayfalarından olan qarqarların adı ilə bağlıdır. Qarqarlar, utilər, albanlar və
digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan
coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıqlarını
göstərmişdir. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan
Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni
toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər.
M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili əsasında tərtib
olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX əsrə aid
mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu
deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və
Atropatena dövlətlərinin formalaşmasında və inkişafında Qarqar boylarının böyük
rolu olmuşdur.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol
sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan
ibarət qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya
ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran
sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı
rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan
araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan
məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponimiyasında
öz əksini tapmışdır.
|