Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. 

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfnetmə İslam şəriətinə uyğun aparılıb.

Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış və XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur. 

Zəngilan rayonunun abidələri

Tarixi-dini abidələri

Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi
Alban kilsəsi – Yeməzli, Xanazor kəndləri
Məscid (XVII-XVIII əsrlər) – Zəngilan qəsəbəsi
Sərdabə (XIII əsr) – Şərikan kəndi
Sərdabə (XIV əsr) – Yenikənd kəndi
Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi

Ziyarətgahları

Ziya Baba ocağı – Ağkənd kəndi
Xanazur türbəsi – Bartaz kəndi
Xanazor piri – Bartaz yaxınlığında
Soltan Heydər piri – Bartaz dağında
Günqışlaq piri – Günqışlaq kəndi
İzzə piri – Hacıllı kəndi
Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
Buqakar piri – Leyfaz kəndi
Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi
Səkkizguşəli türbə (1305-1304) – Məmmədbəyli kəndi
Veysin piri – Pirveyis kəndi
Seyid Musa ocağı – Sobu kəndi
Qaradağlı piri – Şəfibəyli kəndi
Yal piri – Vəjnəli kəndi
Yel piri – Vəjnəli kəndi
Soltan ocağı – Yeməzli kəndi
Şəhid Məhəmməd yeri – Yeməzli kəndi
Dəvəcüneyt piri – Zəngilan şəhəri
Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi
 

Tarixi memarlıq abidələri

Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi
Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü
Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi
Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi
Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi
Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi
Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – M

<< Geri