E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

QOBUSTAN DÖVLƏT TARİXİ-BƏDİİ QORUĞU ƏRAZİSİNDƏ YERLƏŞƏN TARİXİ VƏ MƏDƏNİ SƏRVƏTLƏRİN
QORUNMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Qobustan Azərbaycan xalqının milli sərvətidir. Qobustan dövlət tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanmışdır. Həmin ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaratmışlar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir.

Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

1.1. Qobustan dövlət tarixi-bədii qoruğunun idarə olunması, inkişafı və qorunub saxlanılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisindəki tarixi və mədəni sərvətləri əks etdirən xəritəni bir il müddətində hazırlayıb təsdiq etsin;

1.3. Altı ay müddətində Qobustan dövlət tarixi-bədii qoruğunun yeni inzibati binasının layihə-smeta sənədlərinin hazırlanmasını təmin etsin və tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.4. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən qayaüstü təsvirlərə müxtəlif səbəblərdən dəymiş zərərin qiymətləndirilməsi və sənədləşdirilməsi üçün müvafiq elmi qrupların yaradılmasını təmin etsin və həmin qrupların hesabatlarını altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.5. Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Qobustan dövlət tarixi-bədii qoruğunun mövcud sərhədləri yaxınlığında yerləşən arxeoloji abidələrin (qayaüstü təsvirlər, kurqanlar və s.) mühafizəsini təmin etmək üçün müvafiq ərazilərin sərhədlərini altı ay müddətində müəyyən etsin və həmin ərazilərin Qobustan dövlət tarixi-bədii qoruğunun ümumi ərazisinə daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Qobustan dövlət tarixi-bədii qoruğunun təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

  2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qobustan dövlət tarixi-bədii qoruğunun sərhədlərinə yaxın ərazidə yerləşən və onun ümumi görünüşünə xələl gətirən həbsxananın başqa əraziyə köçürülməsini təmin etsin.

  3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi altı ay müddətində Bakı-Ələt magistral yolundan Qobustan Dövlət tarixi-bədii qoruğunadək mövcud avtomobil yolunun müasir standartlara uyğun yeniləşdirilməsini və abadlaşdırılmasını təmin etsin, qoruq ərazisində yerləşən, qayaüstü təsvirlərlə zəngin Cingirdağ və Kiçikdaş dağlarına müvafiq avtomobil yollarının çəkilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

  4. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üç ay müddətində Qobustan Dövlət tarixi-bədii qoruğunun Böyükdaş dağının yuxarı və aşağı terraslarına su xətlərinin çəkilməsini təmin etsin.

  5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

6.1.  Qobustan Dövlət tarixi-bədii qoruğuna milli qoruq statusunun verilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirsin;

6.2. Qobustan Dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən abidələrin qeydiyyatı və mühafizəsini, turistlərin və qoruğun əməkdaşlarının qoruğun ərazisinə çatdırılmasını, habelə qoruğun fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə 2007-ci il ərzində avtonəqliyyat vasitələrinə və müasir texniki avadanlıqlara tələbatın ödənilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin;

6.3. 2007-ci ilin ikinci yarısında Qobustan Dövlət tarixi-bədii qoruğunun maliyyələşdirilməsinin büdcənin yerli xərclərindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərinə keçirilməsini təmin etsin;

6.4. Bu Sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

6.5. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2007-ci il


<< Geri