E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Nəvvab Mir Möhsün Ağamirzəzadə Qarabaği 1833-cü ildə Şuşada anadan olmuş, orada yaşayıb-yaratmış və 85 yaşında Şuşada vəfat etmişdir. Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, sonralar rus dilini də mənimsəmişdir. O, Molla Abbas Sarıcəlinin mədrəsəsində oxumuş, riyaziyyat, astronomiya, kimya və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam etdirmiş, biliyini daim artırmış, dövrünün tanınmış ziyalılarından olmuşdur. Çoxşaxəli yaradıcılığa malik Mir Möhsün Nəvvab bir çox sahələrdə - ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq və başqalarında dərin iz qoyub getmişdir. Onun araşdırmaları, fikir və mülahizələri iyirmidən artıq əsərində öz əksini tapmışdır. O, həm də yağlı boya ilə çəkilmiş bir sıra rəsmlərin, miniatürlərin müəllifidir. Onun "Quşlar", "Güllər", "Teymurun portreti" rəsmləri xüsusilə məşhurdur. Mir Möhsün Nəvvabın kitabları arasında musiqiyə aid "Vüzuhül-ərqam" risaləsi, "Təzkireyi-Nəvvab", "Nəsihətnamə", 1905-1906-cı illərdə erməni-müsəlman savaşına aid kitabı, "Kəşfül həqiqeyi-məsnəvi", "Kifayətül-ətfal", "Nurül-Ənvar" və başqalarını göstərmək olar.

M.Nəvvab Şuşada "Məclisi-fəramuşan (Unudulmuşların məclisi)" və "Musiqiçilər məclisi"ni yaratmışdır. 1903-cü ildə Nəvvab Şuşada kitabxana və qiraətxana açır. Bura müxtəlif şəhərlərdən qəzet və jurnallar gəlirdi. Qiraətxana müxtəlif illərdə "Molla Nəsrəddin", "İqbal", "Səda", "İrşad", "Şərqi-rus" və digər jurnal və qəzetləri alırdı. Yenə Bakıdan "Əkinçi", Tiflisdən "Zİya", "Kəşkül", Hindistandan "Həblül-mətin" qəzetlərini və s. alırdı. Nəvvabın yaratdığı "Məclisi-fəramuşan" məclisinə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Bakı, Həsənəli xan Qarabağı, Abdulla Həsən Şahid, Mirzə Xosrov və digər şairlər daxil idi. Onlar bir-birləri ilə, həm də 1872-ci ildə Şuşada yaranmış və Xurşudbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisinin üzvləri ilə şeirləşirdilər. Nəvvab Natəvanın oğlunun ölümünə şeir də yazmışdı. "Məclisi-fəramuşan"ın üzvləri Azərbaycanın digər şəhərlərindəki məclislərlə də, o cümlədən, Şamaxıdakı "Beytüs-Səfa" (bu məclisə məşhur şair S.Ə. Şirvani rəhbərlik edirdi), Bakıdan "Məcməüş-şuara" ilə şeirləşirdilər.

 M.M.Nəvvabın 1905-ci ildə yazdığı "Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri" adlı son dərəcə əhəmiyyətli, bu gün ilə səsləşən və ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi üçün qiymətli mənbə olan bu əsər yalnız 1993-cü ildə, yəni yazıldığından 88 il sonra nəşr edilmişdir.

Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

 

<< Geri