E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN REKTORU,

PROFESSOR GÜLÇÖHRƏ MƏMMƏDOVANIN ÇIXIŞI 


- Möhtərəm cənab Prezident.

Bizimlə görüşdüyünüz, zaman ayırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildirirəm. Bu görüş Sizin böyük Azərbaycanın bir parçası olan qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqlarına, o torpaqların insanlarına olan diqqətinizin və qayğınızın təzahürüdür. Sizinlə, ölkəmizin Prezidenti ilə, Müzəffər Ali Baş Komandanla görüşmək hər birimiz üçün böyük şərəfdir və bütün ömür boyu yadımızda qalacaq bir hadisədir.

Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən siyasətiniz bütün Azərbaycan vətəndaşlarının dərin rəğbətini qazanmışdır. Respublikamızın bütün bölgələrində məskunlaşmış Qərbi azərbaycanlılar da Sizin rəhbərliyinizlə əldə edilən böyük uğurlardan, Azərbaycanın qüdrətinin artmasından fərəhlənir, qürur hissi keçirirlər.

Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir. Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlığı, xalq sənəti, musiqi ənənələri formalaşmışdır. Dağlıq ərazilərin sərt iqlim şəraiti, böyük zəhmət tələb edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan insanların xarakterinə də öz təsirini göstərmişdir. Zəhmətkeşlik, dözümlülük, vətənpərvərlik, dilinə, dininə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin yetişməsinə səbəb olmuşdur. XX əsrdə erməni millətçilərinin torpaqlarımızın mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti Qərbi azərbaycanlıların Vətənə məhəbbətini, vətənpərvərlik hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Bu çətinliklər bizi daha da möhkəmləndirmiş, milli təəssübkeşliyimizi və dövlətçilik məfkurəmizi gücləndirmişdir.

Qərbi azərbaycanlılar böyük Heydər Əliyev şəxsiyyətinə Azərbaycana rəhbərlik etdiyi sovet dövründən dərin məhəbbət bəsləmişlər, ona millətin atası və xilaskarı kimi baxmışlar. 1970-80-ci illərdə Ermənistanda məruz qaldıqları təzyiqlərə yalnız Heydər Əliyevin nüfuzuna və siyasətçi kimi qüdrətinə arxalanaraq davam gətirmişlər. Heydər Əliyevin sovet hökumətinin rəhbərliyindən getməsi Qərbi azərbaycanlıların sonrakı acı taleyinin başlanğıcı oldu.

Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsi günlərində bütün xalqımız yumruq kimi birləşərək bir arzu ilə, bir ümidlə yaşayırdı. Ali Baş Komandanın şəhərlərimizin və kəndlərimizin bir-birinin ardınca düşmənlərdən təmizlənməsi və nəhayət əziz Şuşamızın azad olunması barədə Zəfər müjdələrini eşidərək həyatımızın ən fərəhli anlarını yaşayırdıq. Bu zaman biz həmişə olduğu kimi, Sizinlə idik, Sizin hər bir sözünüz bizim ürəyimizdə əks-səda doğururdu. Düşünürəm ki, bu anlar, bu günlər Prezidentlə xalqın bir olmasının ən gözəl, ən parlaq nümayişi idi. Qərbi Azərbaycan əsilli vətəndaşlarımız Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də iştirak etdilər, Vətənimizin qorunması üçün, torpaqlarımızın azad edilməsi üçün əllərindən gələni əsirgəmədilər.

Qərbi azərbaycanlılar heç zaman öz doğma torpaqlarını unutmamışlar. Böyük Azərbaycan xalqının bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini həmişə çəkmişik. 44 günlük müharibənin Zəfəri - işğal altında olan Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi bizi öz torpaqlarımıza bir qədər də yaxınlaşdırdı. İndi biz Kəlbəcər dağlarında, Zəngilanda dayanıb öz torpaqlarımızı, öz kəndlərimizi, el-obalarımızı görə biləcəyik.

Möhtərəm cənab Prezident, böyük Qələbənin əldə edilməsinə görə bütün xalqımız Sizə - Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdardır. Siz ölkəyə rəhbərlik etdiyiniz dövrdə öz siyasətinizlə bu Qələbəni günbəgün yaxınlaşdırmısınız. Sizin Ulu Öndərin ideyalarına sadiqliyiniz, müdrikliyiniz, cəsarətiniz, iradəniz bu Zəfəri təmin etmişdir, əminik ki, bundan sonra da bütün müqavimət cəhdlərini dəf edərək ölkəmizi yeni qələbələrə aparacaq.

Möhtərəm cənab Prezident, Qərbi Azərbaycan İcmasına bu qədər böyük önəm verdiyiniz üçün Sizə öz adımdan, həmkarlarımız adından dərin minnətdarlığımızı bildirirəm. Sizin proqram çıxışınızda biz artıq gələcək fəaliyyətimiz üçün istiqamətlərimizi müəyyənləşdirdik.

Sizi əmin etmək istəyirəm ki, burada olan və olmayan hər bir kəs əlindən gələni edəcək, heç nəyi, canını əsirgəməyəcək ki, Sizin dediklərinizi həyata keçirsin və Vətənimizin Qərbi Azərbaycan kimi gözəl, böyük bir hissəsinə, tarixi hissəsinə bizim qayıdışımızı təmin etsin.

Sizə təşəkkür edirəm və Sizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Gülçöhrə Məmmədova: Cənab Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə doğrudan da ürəkdən fəxr edirik. Sizi ad gününüz münasibətilə, hörmətli Mehriban xanımı da Sizinlə bir yerdə, bütün doğmalarınızı təbrik edirəm və Sizə uzun, sağlam, xoşbəxt və qələbələrlə dolu ömür arzulayıram. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.


<< Geri