E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

QƏRBİ AZƏRBAYCAN İCMASININ  MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ,   

XALQ ŞAİRİ VAHİD ƏZİZİN ÇIXIŞI


Dərdlərini el danışsın, mən yazım,

Yuxusunu gün soruşsun, mən yozum.

Yadındamı, Göyçə gölüm, Arazım,

O tayın da, bu tayın da Vətəndir.

Möhtərəm cənab Prezidentimiz, düşmən üzərində möhtəşəm Zəfər çalmış qəhrəman Ordumuzun dəmir yumruqlu Ali Baş Komandanı.

Aşıq Ələsgərimizin məzarı, ulularımızın narahat yatdıqları viran edilmiş yurd-yuva yerlərimizin torpaqları, müqəddəs ziyarət yerlərimiz və məscidlərimizin bünövrələri, Göyçə gölünün vətəni olan o tayı və bu tayı bizim yolumuzu gözləyir. Bu gün Sizin rəhbərliyinizlə keçirilən bu mübarək tədbirdə sadaladığım yerlərin gözlərinə bir ümid işığı, gerçəkləşməkdə olan arzuların nuru səpilir.

Bu tədbirdə mənim də iştirakımı, fikir söyləməyimi rəva bildiyiniz üçün Zati-alilərinizə dərin minnətdarlığımı bildirirəm. Qeyd edirəm ki, bu, təkcə mənim deyil, bizim də ailəmiz kimi doğma tarixi dədə-baba torpaqlarından didərgin salınmış yüz minlərlə həmyerlilərimin, Ərmən dağlarının ətəklərində dünyaya gəlmiş insanların dualarının əks-sədasıdır. Bu insanlar fürsət düşdüyü zaman mənə bu minnətdarlığı da çatdırmağı tövsiyə etdilər.

Möhtərəm Ali Baş Komandanımız, cənab Prezident, mən Sizin Fərmanınızla “Azərbaycanın Xalq şairi” kimi yüksək ada layiq görülmüş ilk Qərbi Azərbaycan vətəndaşıyam, ilk Ermənistan vətəndaşıyam.

Zati-aliləri, mən ona görə Ərmən dağları, ona görə Ermənistan deyirəm ki, o torpaqlar Ərmən dağı ilə bağlıdır, ermənilərin adı ilə bağlı deyil. Hələ Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazırdı: “Yay gələndə Şiringilin el–obası Ərmən dağlarına köçərdi”. Mənə elə gəlir ki, biz Ermənistan sözünü “e” ilə deyil, “ə” hərfi ilə deməliyik. Çünki camaat bilsin ki, bu, Ərmən dağlarıdır və mənim hətta bununla bağlı şeirlərim də var.

Möhtərəm cənab Prezident, Ali Baş Komandanlığınızın bayrağı altında düşmən üzərində möhtəşəm Qələbə xalqımızın və Ordumuzun Vətən sevgisi ilə yanaşı, Sizə olan böyük inamının və ehtiramının parlaq təzahürü oldu. Bu Zəfəri təmin etməklə Siz yalnız BMT-nin nüfuzunu itirmiş dörd qətnaməsinin deyil, bizə düşmən kəsilmiş çox güclü dövlətlərə rəhbərlik edənlərin dərsini verdiniz. Bu gün əsası qoyulan Qərbi Azərbaycan İcmasının yaradılması ilə Siz hələ 1947-ci ilin dekabrında Stalinin erməni millətçilərinin fətvasına tabe olaraq imzalamış olduğu o mənfur didərginlik fərmanının üstündən qələm çəkdiniz! Bu, böyük bir Zəfərdir, böyük bir Qələbədir və buna heç kəs cəsarət edə bilməzdi.

Bu gün Qərbi Azərbaycandan didərgin salınmış insanlar və dünyasını dəyişənlərin ruhları, uğrunda cəsarətlə vuruşduğunuz Qərbi Zəngəzura qədəm qoyacaqları günlərə böyük inam, həyəcan və Vətən sevgisi ilə silahlanmış halda baxırlar. Dəfələrlə adını çəkdiyiniz Bazar Çayın doğulduğum Dərələyəzin Paşalı bölgəsindəki Herher kəndiylə arası cəmi iki saatlıq yoldur. Əhd eləmişəm, möhtərəm Prezidentimiz, İnşallah, biz o torpaqlara qayıdacağıq və mən doğulduğum Herher kəndindəki viran edilmiş evimizin yerində məscid tikdirəcəyəm və onun adını “Zəfər məscidi” qoyacağam.

Fürsətdən istifadə edib bir-iki təklif demək istərdim. Çünki bu gün Azərbaycanda bir neçə qəzet çıxır ki, bunları Qərbi azərbaycanlılar yaradıblar. “Zəngəzur”, “Dərələyəz” qəzeti və başqaları var. Bildiyim qədər, “Qərbi Azərbaycan” televiziyası var, Əziz müəllim bunu bilir. Mənə belə gəlir ki, biz bütün bunların hamısını bu İcmanın ətrafına yığmalıyıq. Dövlət tərəfindən vəsait ayrılmalıdır ki, bunlar birbaşa işləyə bilsinlər. Çünki informasiya çox güclü vasitədir və mənə belə gəlir ki, bizim icmamızın təkcə Azərbaycan dilində deyil, ingilis, alman, ərəb dillərində, başqa dillərdə mütləq bir qəzeti olmalıdır.

Başqa bir təklifim də var. Mənə belə gəlir ki, Azərbaycan Respublikasında Qərbi Azərbaycan adlı ensiklopediya baş redaksiyası yaradılmalıdır. Ermənistanda, Qərbi Azərbaycanda, - biz oraya nə vaxt qayıdacağıq, ola bilər bir ilə, beş ilə, on ilə, zaman keçir, - və nə qədər ki, bu gün həyatda Qərbi Azərbaycandan gələn informasiya daşıyıcıları var, burada oturan hörmətli alimlərimiz hamısı bu işə cəlb olunmalıdır. Qərbi Azərbaycanda, Ərmən dağlarının ətəyində olan hər bir qəbrin, hər bir daşın, hər bir məscidin hamısının adları bir-bir çəkilməlidir. Məsələn, Həsən Mirzənin 5-6 cildlik “Dərələyəz” kitabı, müəyyən xəritələr var.

Diqqətinizə görə minnətdaram. Məni sevən, şeirlərimi əzbərləyən Qərbi azərbaycanlılar adından Sizin ad gününüzü, doğum gününüzü təbrik edirik.

Cənab Prezident, mənim həmyerlilərim bayaq dedilər, Qərbi azərbaycanlılar hər zaman Sizin yanınızda olacaqlar.


<< Geri