E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

PREZİDENT İLHAM ƏLİYEVİN YEKUN NİTQİ


- Çox sağ olun. Burada səslənən bütün təkliflər, əlbəttə ki, geniş təhlil ediləcək və mən hətta səslənməyən təklifləri də gözləyəcəyəm. Onu da bildirməliyəm ki, mən də hesab edirəm, fəaliyyət daha məqsədyönlü olmalıdır. Bu gün fərdi qaydada fəaliyyət göstərən, məsələn, qəzet redaksiyaları, ictimai birliklər artıq bir yerə yığılmalıdır. Necə ki, Qərbi Azərbaycan İcması yaradıldı, o vaxta qədər də ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var idi, qeyri-hökumət təşkilatları var idi, bizim tövsiyəmizlə artıq bir yerə cəmləşdi və bu, daha məqsədyönlü fəaliyyət olacaq. O cümlədən bütün informasiya resursları - qəzetlər, informasiya portalları, mən dediyim kimi, rəqəmsal platforma və sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır. İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik.

Fürsətdən istifadə edərək mənim haqqımda dediyiniz bütün xoş sözlərinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm.

Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır.

Bir şeyi də deməliyəm. Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Artıq iki ildir ki, biz müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq.

İşğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.

İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.

Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq. Sağ olun.


<< Geri