Qərbi
Azərbaycan İcması — Ermənistan ərazisindən kütləvi
şəkildə deportasiya olunmuş azərbaycanlıların və
onların varislərinin ictimai-mədəni birliyinə nail
olmaq üçün yaradılan birlikdir.
1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan
Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi
varisidir. 2022-ci il 3 avqustda "Azərbaycan
Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi
yığıncağında "Qərbi Azərbaycan İcması" (QAİ)
adlanmağa başlamışdır.
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik
mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi
şəkildə deportasiya olunmuş azərbaycanlıların və
onların varislərinin ictimai-mədəni birliyinə nail
olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə
bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının
yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi,
təbliğ olunması və tam məhv olunmasının qarşısının
alınması, həmin insanların öz ata-baba yurdlarına
qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa
nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın
vəzifələri və hüquqları müəyyən edilib.
İcma 1989-cu
ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə
məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən
azərbaycanlılar barədə faktların və sənədlərin
toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50
mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan
hesablanıb və hazırda bu işlər davam etdirilir.
Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış
məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə
(ad, soyad, ata adı) dəqiq statistikası aparılıb,
130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi
Azərbaycanda tarixi və mədəni irsimizin bütün
nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam
etdirir.
İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar,
Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti,
Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici
ölkələrdəki nümayəndəliklər kimi strukturlar
fəaliyyət göstərir. 8 yanvar 2023-cü ildə Qərbi
Azərbaycan İcmasının tərkibində Elm komissiyası
yaradılıb. |