1914-cü il fevralın 22-də İrəvan ziyalılarından Mirməhəmməd
Mirfətullayev və Cabbar Əsgərzadənin müdir və
naşirliyi ilə “Lək-lək” satirik jurnalı nəşrə
başladı. Bununla əlaqədar İrəvan qubernatoru 1914-cü
il 21 yanvar tarixli məktubunda M.Mirfətullayev və
C.Əsgərzadəyə “Lək-lək” adlı jurnal buraxmaq
haqqında icazə vermişdir. Bu icazədə jurnalda baş
məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri,
teleqramlar, xarici və daxili xəbərlər, felyeton,
təmsil, “poçta qutusu”, elan buraxılması nəzərdə
tutmuşdu (Bax: Gürcüstan MDTA, fond 480, iş № 968,
siy. 1). Jurnalın həftəlik nəşri nəzərə alınsa da
tarixlərindən də aydın olur ki, saylarının arasında
böyük fasilələr yaranmışdır. Görünür, hakimi-mütləqiyyətin
sensor qadağaları və maddi-texniki çətinliklərin
olması “Lək-lək”in də müntəzəm fəaliyyət
göstərməsinə maneçilik törətmişdir. Bütün bunlara
baxmayaraq cəmi 12 sayı işıq üzü görmüş bu jurnalın
maraqlı bir ictimai-ədəbi taleyi olmuşdur.
Ötən əsrin ikinci onilliyində İrəvanda Azərbaycan
mətbuatının ilk müjdəçisi və quberniyanın yeganə
mədəni-mənəvi siması olan “Lək-lək”in yaranmasına
təkan verən amillərdən biri heç şübhəsiz, həmin
dövrdə Şərqi qəflətdən oyadan “Molla Nəsrəddin”
satirik jurnalı olmuşdur. İrəvanın səmasında qanad
çalan bu jurnal əvvəldən axıra qədər birmənalı
olaraq “Molla Nəsrəddin”in yolu ilə getmiş, onun
ənənələrinə sadiq qalmışdır.
Qeyd olunduğu kimi “Lək-lək”in müdiri və naşiri
həmin dövrdə İrəvanın ictimai-ədəbi mühitində
kifayət qədər tanınan, maarif və mədəniyyətin
inkişafında böyük xidmətləri olan Cabbar Əsgərzadə (Baxçaban)
və Mirməhəmməd Mirfətullayev idi. Lakin bu məcmuəni
araya-ərsəyə gətirmək ideyası əslində C.Əsgərzadəyə
məxsus olmuşdur. Bunu naşirin 1913-cü il dekabrın 4-də
Bakıya, Məmmədəli Sidqiyə yazdığı bir məktubundan da
görmək mümkündür. O, İrəvandan göndərdiyi həmin
məktubunda “Lək-lək” adlı satirik jurnal çıxarmaq
istəyində olduğunu bildirirdi. M.Sidqinin şəxsi
fondunda C.Əsgərzadənin 40-a qədər məktubu var. Bu
məktubların bir neçəsində o, “Lək-lək” adlı satirik
məcmuə nəşr etdirmək barədə yaxın dostu, məsləkdaşı
ilə öz fikirlərini bölüşmüşdü. Hələ nəşrə
başlamazdan əvvəl, o, jurnalın ətrafına istedadlı
yazarları toplamaq haqda düşünür, bu məsələdə ən çox
mollanəsrəddinçilərin köməyinə arxalanırdı. Bu
məqsədlə də bir çox “Molla Nəsrəddin”in yazarlarının
jurnalda iştirakını istədiyindən onların ünvanlarını
xəbər alırdı. Görkəmli tədqiqatçı Nazim Axundov
özünün “Azərbaycan satira jurnalları (1906-1920-ci
illər)” əsərində “Lək-lək”in də nəşri tarixinə,
ictimai-ədəbi mövqeyinə nəzər saldığı icmal
xarakterli araşdırmasında C.Əsgərzadənin M.Sidqi ilə
bu xüsusda yazışmalarını diqqətə çəkmişdir. Belə
məktubların birindən bəhs edən tədqiqatçı C.Əsgərzadənin
18 fevral 1914-cü il tarixli məktubuna da nəzər
salır. O, yazır: “C.Əsgərzadə yenə də təkrarən M.Ə.Sidqidən
xahiş edir ki, “Molla Nəsrəddin”in müxbir və
şairlərinin ünvanını bildirsin və s. Başqa məktublar
da sübut edir ki, “Lək-lək” mollanəsrəddinçilərə
istinad etməyə və onun köməyinə arxalanmağa
çalışmışdır”. Tədqiqatçı Qulam Məmmədli isə C.Əsgərzadənin
M.Sidqiyə ünvanladığı məktubundan belə bir cümləni
nəzərə çatdırmışdır: “Məfkurəmiz gərək məlumunuz
olsun, “Molla Nəsrəddin”dir, amma səliqəmiz ayrı
vəziyyətlərdir”. Bu araşdırmalardan göründüyü kimi,
C.Əsgərzadə bütün fəaliyyətlərində “Molla Nəsrəddin”in
yolu ilə gedəcəklərini qətiyyətlə bildirirdi. Naşir
jurnalın birinci sayının baş məqaləsində bunu xüsusi
olaraq nəzərə çatdırırdı: “Məsləkimizin ən əvvəli
budur ki, biz “Molla Nəsrəddin” kimi hər kəsin
eyibini və iradını apaçıq söyləməyib, onun kimi
sadəcə yazıb, ana dili tərəfdarı olub, belə ki,
şəlalə kimi lüğətlərin cibini töküşdürüb ən qiymətli
soqatlar çıxardacayıq. ...Qaldı xanlar, bəylər,
ağalar. Bunları da ki, Allah özü hörmətli yaradıbdır,
borcumuzdur hörmət eləyək”, söyləməsi ilə jurnalın
məsləkini, yaradıcılıq yolunu oxucularına bəyan
edirdi. Baş məqalədə deyilən fikirlər, əslində
jurnalın yaşam yolunda toxunacaqları mövzulardan
xəbər verirdi.
“Lək-lək” hansı mövzulardan bəhs edirdi? Ədəbiyyat,
siyasi lüğətlər, xəbərlər, məzhəki elanlar, satirik
şeirlər, teleqraf xəbərləri, şəhər aralığından
qələmə alınmış yazılarda İrəvanın ictimai-siyasi
mühiti, xalqın taleyi, məişət həyatı, ictimai
qüsurları ilə bağlı maraqlı yazılara yer verirdi.
Jurnal bir qayda olaraq keçmiş SSRİ-nin bir çox
şəhərlərində nəşr olunacaq qəzet və jurnalların
elanını dərc etmiş, öz səhifələrində maraqlı
xəbərlərə yer vermişdir.
Jurnal elə ilk sayından İrəvanda azərbaycanlıların
ictimai-mənəvi taleyini həssaslıqla işıqlandırmağa
cəhd etmişdir. Bu istiqamətdə fəaliyyət göstərən
“Lək-lək” xalqın maddi-mənəvi geriliyinə yanır,
millətinə xeyir verməyən, onun dərd-sərinə biganə
qalan az-çox təhsil görmüş cavanların həyat tərzini
müşahidə edir, naqisliklərini hədəfə alaraq onlara
gülürdü.
“Lək-lək”in səhifələrində xalqın milli mənafeyini
ifadə edən, ictimai problemlərini çözən, dövrün
ictimai-siyasi mənzərəsini işıqlandıran müxtəlif
janrlarda və mövzularda dərc olunmuş bütün yazılar
maraqla oxunur. Hətta bədii cəhətdən zəif olan bəzi
şeirlərdə, satirik yazılarda qaldırılan problemlər
fakt və hadisələrin reallıqla işlənməsi baxımından
həmin dövrün ictimai-ədəbi mühitini duymağa və
qiymətləndirməyə imkan verir. Jurnalın dilinin bir
qədər ağır, səliqəsiz və çətin olması onun ətrafında
bəhs açmağa, İrəvanda ilk Azərbaycan mətbuatının
müjdəçisi olması baxımından tədqiq edilməyə əsla
mane olmur.
Jurnalın saylarında verilmiş “Siyasi lüğətlər”də
İranın siyasi həyatında baş verən hadisələr diqqətə
çatdırılır. Ümumiyyətlə, İran həyatını, cənublu
soydaşlarının ictimai hallarını “Lək-lək” də öz
növbəsində reallıq prizmasından işıqlandırır. Məktub
formasında verilən felyeton, satirik məqalə və
xəbərlər - “Tiflisdən məktub”, “Makudan”, “Ordubad”,
“Gəncə”, “Mərənddən məktub” yazıları “Lək-lək”in
yayılma arealının, nüfuzunun geniş olmasına, həm də
zamanında aktual olan məsələlərə yeni forma və
məzmunda münasibət bildirməsinə görə böyük marağa
qadirdir.
Jurnalın onuncu sayına “Lək-lək” can verir” adlı
uşaqlar üçün nəzmlə yazılmış bir kitabça da əlavə
olunmuşdur. Bu alleqorik hekayətdə gözübağlı xalqın
bütün ictimai problemlərinə münasibət bildirilir.
Jurnal elmdən, təhsildən məhrum olan balaların acı
aqibətini söyləyir. Qumarbazı, şərabxoru tənbeh edir.
Cəmiyyətin eyiblərini açmaqla uşaqları gözüaçıq,
elmli, təhsilli olmağa səsləyir.
Özünün fəaliyyəti dövründə hər cürə çətinliklərlə
üzləşən C.Əsgərzadə jurnalın nəşrini davam etdirə
bilməyəcəklərini başa düşürdü. Cəmi bir nömrədən
sonra, 12-ci sayında jurnal “İxtar” başlığı ilə
oxucularına müraciətlə yazırdı:
“Bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha
“Lək-lək” məcmuəsi çıxmayıb, onun əvəzində
“Lək-lək”müştərilərinə yenidən nəşr ediləcək “Çınqı”
namında məcmuə göndəriləcəkdir. Möhtərəm
mühərrirlərimiz və qarelərimiz həmin “Lək-lək”
məcmuəsinin qapanılmasını nəşrimizin tənəzzülünə
həml etməyib, bəlkə “Lək-lək” əvəzinə daha da
mükəmməl bir surətdə çıxaraq “Çınqı” məcmuəsini
nəfis kağız üzərində dərc edilib, daha parlaq və
möhkəm olmasını nəzərə almalıdırlar.
Bu yeni nəşr olunan “Çınqı” məcmuəsi Əli Məhzun Hacı
Zeynalabdinzadə və “Lək-lək” müdirlərindən Cabbar
Əsgərzadənin təhti-müdiriyyətlərində olub, İrəvanın
bir neçə maarifpərvər cavanlarının madii və mənəvi
köməklikləri ilə nəşr olunacaq.
Ümum qarelərdən təvəqqe olunur ki, əgər “Çınqı”
məcmuəsi nəşri bizdən asılmayan səbəblərə görə bir
neçə həftə təxir olunarsa, səbirsizlik etməyib,
bizləri məzur tutsunlar. “Lək-lək” elanını dərc edən
qəzetələrdən təvəqqe olunur yenidən yazdığımız qərar
ilə “Çınqı” məcmuəsinin elanını versinlər”.
Bu, əslində bir istefa xəbərdarlığıydı. Onun
bağlanılması səbəbləri öz şərhini tamam açmasa da,
məsələnin başqa bir tərəfi, jurnalın yeni adla, həm
də daha mükəmməl, parlaq bir şəkildə oxucularına
təqdim edilməsi vədi, istəyi maraqla qarşılanır.
Jurnalın bağlanmasına səbəb nə idi? Təkcə
maddi-texniki çətinliklərmi? Jurnalın ilk
saylarından da görünür ki, onun sahibləri öz
qüvvələrini xalqın maariflənməsi, mədəni geriliyinin
aradan qaldırılması yolunda mübarizəyə sərf
etmişdilər. Bu maarifpərvər ziyalılar nəyin bahasına
olursa-olsun, hansı çətinliklərlə üzləşsələr də
İrəvanda bir kiçicik məcmuə ilə xalqın gözünün
açılmasına, milli şüurunun formalaşmasına xidmət
etməyə çalışırdılar. “Lək-lək”in bağlanmasının
obyektiv səbəbləri yəqin ki, gələcək tədqiqatlarda
araşdırılacaqdır.
İxtarın elə ilk cümləsindən də məlum olduğu kimi
“Lək-lək”in yerinə “Çınqı” adında məcmuə nəşr
olunacağı nəzərdə tutulurdu. Deməli, “Lək-lək”in
qapanmasına səbəb təkcə maddi çətinlik deyil,
xəbərdarlıqda bildirildiyi kimi, onun əvəzində daha
mükəmməl və parlaq olacaq “Çınqı” məcmuəsinin nəşr
olunacağı fikri idi. M.Mirfətullayevin könüllü
surətdə jurnaldan istefa verməsi, son nömrənin ilk
səhifəsində bu barədə məcmuənin oxucularına
açıqlaması ilk növbədə C.Əcgərzadə ilə yollarının
ayrılmasına bir işarədir. Çünki onlar həyata yeni
qədəm qoyacaq “Çınqı”nı əvvəlki birlik, güc ilə
araya-ərsəyə gətirməyi düşünmədən, nəzərə almadan
ayrılmışlar. Bu da “Lək-lək”in bağlanması ilə
əlaqədar verilmiş xəbərin C.Əsgərzadəyə məxsus
olmasını sübut edir. O, “Çınqı”nı M.Mirfətullayevlə
deyil, Əli Məhzun Zeynalabdinzadə ilə birgə və
İrəvanın bir neçə maarifpərvər cavanlarının madii və
mənəvi köməklikləri ilə nəşr olunacağını nəzərdə
tuturdu. Başqa bir tərəfdən jurnalın 11 sayının hər
birində ünvan M.Mirfətullayevin dükanı qeyd edildiyi
halda, “Lək-lək”in sonuncu - 12-ci sayının ünvanı
İrəvanın “Luis” mətbəəsi göstərilirdi. Sözün bu
məqamında belə bir sualla qarşılaşırıq: “Çınqı”
adında jurnal nəşr olunubmu? Bəzi araşdırmalarda
onun nəşri ilə bağlı hələlik bir xəbərə, fakta rast
gəlməsək də bununla bağlı qəti fikir söyləmək də
mümkün deyil.
|