"Qommunist" qəzeti 1939-cu il sentyabrın
26-dan 1989-cu ilin sonunda nəşrini dayandıranadək
“Sovet Ermənistanı” adı ilə çap olunmuşdur.
Qısa fasilə ilə Cəfər Vəlibəyov təqribən 20 ilə
yaxın qəzetin (əvvəlcə “Qızıl şəfəq”in, sonra isə
“Sovet Ermənistanı”nın) redaktoru olmuşdur. O, 22
yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25
yaşında Basarkeçər rayon Komsomol Komitəsinin
katibi, sonra Amasiya rayonunda çıxan “Maldarlıq
cəbhəsində” qəzetinin redaktoru, daha sonra Amasiya
rayon Partiya Komitəsinin katibi vəzifələrində
işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər
Vəlibəyov “Sovet Ermənistanı” qəzetinin redaktoru,
1947-1949-cu illərdə isə Qarabağlar rayon Partiya
Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə
Cəfər Vəlibəyov yenidən “Sovet Ermənistanı”nın
redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya
kollektivinə rəhbərlik etmişdi.
Rza Vəlibəyov da iki dəfə “Sovet Ermənistanı”nın
redaktoru olmuşdur. O, 1924-1928-ci illərdə
Zaqafqaziya Kommunist Universitetində təhsil
aldıqdan sonra Basarkeçər rayon Partiya Komitəsinin
katibi, sonra isə qısa müddətdə “Qızıl Şəfəq”in
redaktoru işləmişdir. Rza Vəlibəyov Ermənistan KP
MK-da şöbə müdiri, Ermənistan SSR xalq ədliyyə
komissarı, Xalq Komissarları Soveti sədrinin müavini
vəzifələrində işlədikdən sonra 1947-1949-cu illərdə
yenidən “Sovet Ermənistanı” qəzetinin redaktoru,
1949-1962-ci illərdə isə Ermənistan SSR maarif
nazirinin birinci müavini vəzifələrində işləmiş,
SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı
olmuşdu. Rza Vəlibəyov yeganə azərbaycanlıdır ki,
İrəvanda Fəxri xiyabanda (Panteonda) dəfn
olunmuşdur.
1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti
əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci
katibi olmuş Həbib Həsənovun redaktorluğu ilə nəşr
olunmuşdur. Onun redaktorluğu dövründə qəzetin
nüfuzu və tirajı xeyli yüksəlmişdir. Həbib Həsənovun
1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar,
sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan
Respublikası adlandırılan qədim Oğuz yurdunda –
Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə
ermənilərin soydaşlarımızın başına gətirdikləri
faciələrdən, deportasiyalardan, soyqırımlardan, bəhs
edilir.
1974-1981-ci illərdə “Sovet Ermınistanı” qəzetinin
redaktoru filologiya elmləri namizədi Məhərrəm
Bayramov olmuşdur. O, 1966-1969-cu illərdə “Sovet
Ermənistanı” qəzetinin redaktor müavini,
1969-1974-cü illərdə Amasiya rayon Partiya
Komitəsinin birinci katibi, 1974-cü ildən “Sovet
Ermənistanı”nın redaktoru işləmişdir. Məhərrəm
Bayramov qəzetin redaktoru olmaqla yanaşı,
Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin
müavini olmuşdu.
“Sovet Ermənistanı” qəzetinin redaktoru 1981-1984-cü
illərdə Cahangir Əliyev olmuşdur. Azərbaycan
Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956-1962-ci
illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası”
qəzetinin redaktoru olmuşdu. 1962-1964-cü illərdə
Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra
rayonlararası “Şirak” qəzetinin redaktor müavini,
daha sonralar 1974-1981-ci illərdə Amasiya rayon
Partiya Komitəsinin birinci katibi işləmişdi. O,
1982-84-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət
Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya
köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə
Azərbaycan KP MK aparatında mətbuat bölməsində
işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq
qəzeti”ndə redaktor müavini və məsləhətçi
vəzifələrində çalışmışdır.
Sovetlər dönəmində bir qayda olaraq Kommunist
Partiyasının və hökumətin mətbu orqanlarına abunə
yazılışı üçün yerli təşkilatlar qarşısında plan
qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri
Ermənistan KP MK-nın, Ali Soveti Rəyasət Heyəti və
Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı”
qəzetini abunə yazılması nəzərdə tutulan qəzetlərin
siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin
oxucularının sayı getdikcə artırdı. 80-ci illərin
ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı.
1985-ci ildən “Sovet Ermənistanı”nın redaktoru
Zərbəli Qurbanov olmuşdur. Əvvəllər Amasiya rayon
Partiya Komitəsinin birinci katibi işləmiş Zərbəli
Qurbanovun redaktorluq illəri “yenidənqurma” və
“aşkarlıq” pərdəsi altında erməni şovinizminin
yenidən baş qaldırması dövrünə təsadüf etmişdir.
1987-ci ilin sonlarından etibarən “Sovet
Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının
təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla
yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində
insan hüquqları kobudcasına pozulan, təzyiq və
təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına
məruz qalan azərbaycanlıların hüquqlarının
müdafiəçisi kimi çıxış etmək məcburiyyətində
qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə
azərbaycanlılara qarşı edilən təzyiqlər və
zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər
orqanlarına müraciətlər edilir, soydaşlarımızın
təhlükəsizliyinin təmin edilməsi üçün konkret
tədbirlərin ələ alınması tələb edilirdi. Lakin
“türksüz Ermənistan” siyasətini həyata keçirən
Ermənistan rəhbərliyi ciddi tədbirlər görmək
əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk
etməyə məcbur edən erməni silahlı dəstələrinin hər
cür özbaşınalıqlarını ört-basdır edirdi. 1988-ci
ilin sonunda “Sovet Ermənistanı” qəzetinin
əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək
məcburiyyətində qalmışdı. İrəvandakı Opera teatrının
qarşısında keçirilən mitinqlərin birində “Sovet
Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif
olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə
almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri
dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın
əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir
müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir
neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək
məcburiyyətində qalmışdılar.
Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə
“Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru
olmuşdur. 1956-cı ildən taleyini “Sovet Ermənistanı”
qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq
müddətdə şöbə müdiri, məsul katib, redaktor müavini
kimi məsul vəzifələrin öhdəsindən bacarıqla
gəlmişdi. Zərbəli Qurbanovun İrəvanı tərk etmək
məcburiyyətində qalmasından sonra Ermənistan
rəhbərliyi “Sovet Ermənistanı” qəzetinin nəşrini
davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi.
Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi
erməni senzurası şəraitində qəzetin nəşrini davam
etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi
orada yaşayan azərbaycanlıların heç bir problemi
olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə
çalışırdı ki, “Sovet Ermənistanı” qəzeti nəşrini
davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər
firavan şəkildə yaşayır və erməni dilində nəşr
olunan “Kommunist” qəzeti, “Agitatator” jurnalı,
Yazıçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan”
(“Ədəbi Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr
edilirdi. Lakin əsasən teletayp vasitəsilə alınan
rəsmi materialları dərc etməyə gücü çatan “Sovet
Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün
olmadı. 1989-cu ilin sonunda “Sovet Ermənistanı”
qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda
qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı
ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan
sərhədinə çatdırılmışdı.
Azərbaycan mətbuat tarixində silinməz iz qoyan
“Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif
Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər
Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar
Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər
dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir
Əsədov, filologiya elmləri doktoru, “Respublika”
qəzetinin redaktoru Teymur Əhmədov, şair-publisist
Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio
Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov,
Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər
“Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.
“Sovet Ermənistanı” qəzetinin redaktorları bir qayda
olaraq Ermənistan SSR Ali Sovetinin deputatı seçilir
və Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin
müavini olurdular. Qəzetin redaktorlarının
bioqrafiyasından görünür ki, 1961-ci ildən 1989-cu
ilədək bir qayda olaraq “Sovet Ermənistanı”
qəzetinin redaktorluğuna bundan əvvəl Amasiya rayon
Partiya Komitəsinin birinci katibi olmuş şəxslər
təyin edilmişdir. Lakin bu qəzetin redaktorlarından
Rza Vəlibəyovdan başqa, heç birinə ömrünün sonunadək
Ermənistanda yaşamaq nəsib olmamışdır.
Təəssüf ki, Sovet hakimiyyəti illərində, İrəvan
arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən
açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr
olunan mətbuatın tarixi kifayət qədər
araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil
Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi
“Ermənistanda Azərbaycan mətbuatının tarixi”
mövzusunda namizədlik dissertasiyasında çar Rusiyası
dövründə – XX əsrin əvvəllərində İrəvanda nəşr
olunan “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarını
araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov
isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsində “Ermənistanda Azərbaycan
dilində dövri mətbuat orqanlarının meydana gəlməsi
haqqında” müdafiə etdiyi diplom işində sovet
hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində
nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə
araşdırmışdır.
|